ARTİ-də Finlandiyadakı azərbaycanlı müəllimlə görüş
Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, Helsinki şəhəri tədris idarəsində Azərbaycan dili fənnini tədris edən Arzu Oqtayla görüş keçirilib. Görüşdə ARTİ-nin Elmi-Pedaqoji Mərkəzinin rəhbəri Faiq Şahbazlı, institutun direktor müavini Rəfiq Qəndilov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət, şöbənin digər əməkdaşları iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd Arzu Oqtayın təqdimatında Finlandiyanın təhsil sistemi haqqında geniş məlumat əldə etmək olub.
Məlumat üçün bildirək ki, görüş ARTİ-nin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrətin təşəbbüsü ilə keçirilib.
Öncə ARTİ-nin Elmi-Pedaqoji Mərkəzinin rəhbəri Faiq Şahbazlı Təhsil İnstitutunun tarixi və strukturu barədə məlumat verib. Təhsilin keyfiyyətinin daim yüksəkdə qalması üçün institutda aparılan fəaliyyətdən danışan F.Şahbazlı bununla kifayətlənmədiklərini və institut əməkdaşları ilə birgə daim pedaqoji təhsildə müsbətyönlü qabaqcıl beynəlxalq təcrübəni öyrəndiklərini vurğulayıb.
Finlandiyada yaşayan Arzu Oqtay çalışdığı tədris ocağındakı pedaqoji fəaliyyəti barədə geniş məlumat verib. Finlandiya təhsilini praktiki olaraq işdə tətbiqi ilə yanaşı, öz nümunəsindəki fəaliyyətindən geniş danışıb. Finlandiya təhsil sisteminin dünyada uğurlu təhsil modeli kimi qəbul edilməsinin bəzi məqamlarını açıqlayıb. Təhsil proqramlarının (kurikulumlarının) heç də Azərbaycan təhsil proqramından fərqlənmədiyini bildirən A.Oqtay Finlandiyada dərslərdə mövzuların çox asan dildə şagirdlərə çatdırıldığını vurğulayıb. Dərslərin akademik və elmi dildə deyil, şagirdlərin yaş səviyyələrinə uyğun çox asan və daha tez qavranılan dildə keçirilməsinə görə uğur qazandıqlarını deyib.
F.Şahbazlı ARTİ-nin rəhbərliyi və kollektivi adından A.Oqtayı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə diaspor quruculuğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına və Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanına layiq görüldüyü üçün təbrik edib. Sonda Təhsil İnstitutu ilə qarşılıqlı əməkdaşlığın və davamlı görüşlərin keçirilməsinin vacibliyini vurğulayaraq, maraqlı və məzmunlu söhbətə görə A.Oqtaya təşəkkür edib.