Naxçıvan Dövlət Universitetində (NDU) “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu” mövzusunda ilk onlayn respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev tərcümə sənətinin tarixindən, onun öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, tərcümə tarixinin tədqiqi bir  ölkənin digər dövlətlər və millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrinin səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Muxtar respublikada bu sahəyə xüsusi diqqət və qayğı olduğunu qeyd edən rektor universitetdə yaradılan tərcümə mərkəzinin fəaliyyətinə toxunub, gələcək perspektivlərini dəyərləndirib.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ədəbiyyatın mühüm bir qolu olan tərcümə sənətinin tarixinə nəzər salıb, Azərbaycanda tərcümə tarixinin “Qurani-Kərim”lə bağlı olduğunu bildirib. Vurğulanıb ki, oğuzların ana kitabı “Kitabi-Dədə Qorqud” da “Qurani-Kərim”in ixlas surəsinin bədii tərcüməsi var:” 1999-cu ildə 1300 illiyinin qeyd edildiyini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var”.

 

Akademik elm, mədəniyyət, ədəbiyyat və dillə bağlı olan tərcümə sənətinin sərbəst və hərfi növlərindən də danışıb.  Orta əsrlərdə yaşamış türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhvələr vermiş, Azərbaycanın təsəvvüf və təfsi alimləri arasında xüsusi yeri olan ilk tərcüməçi alimlərdən Baba Nemətullah Naxçıvaninin adı xüsusilə qeyd olunub.

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor  Hüseyn Həşimli “Naxçıvan ədəbi mühitinin yetirməsi olan iki tərcüməçi haqda” çıxışında indiyədək tərcüməçilik fəaliyyəti araşdırılmayan Rzaqulu Nəcəfov, Rüfət Paşa Səfərov haqda məlumat verib. Qeyd edilib ki, R.Nəcəfovun fəaliyyətinin xeyli hissəsi Tiflis mühiti ilə bağlı olub. Tiflisdə azərbaycandilli mətbuat nümunələri “Yeni fikir” qəzeti, “Dan yıldızı” jurnalının nəşrində  onun birbaşa əməyi olduğu da vurğulanıb.  

 

Rus ədəbiyyatına yaxından bələd olmaq  tərcüməçini  bir sıra yazıçıların əsərlərini dilimizə çevirməsinə şərait yaradıb. Müəllif  Anton Pavlov Çexovun “Kəndlilər”, “Vişnə bağı” əsərlərini  Azərbaycan dilinə çevirib, müxtəlif əsərlər barədə yazdığı resenziyalarla da mətbuat aləmində çıxış edib.

 

Tərcüməçi Rüfət Paşa Səfərov ixtisasca həkim olsa da, tərcüməçilik sahəsində də bir sıra uğurlara imza atıb. XIX əsr ədəbiyyatından Mixail Saltıkov Şedrinin “Azad Mavruşah“,  İvan İvanoviç Katayevin “Qəlb” əsərlərini dilimizə tərcümə edib. Bədii tərcümə əsərləri ilə bərabər, elmi-kütləvi, təbiət, idman, ictimai siyasi, tibbə dair müxtəlif  kitabların  da tərcüməsində onun imzası vardır. Həmçinin, 20-dən artıq kitaba redaktorluq edib.  

 

NDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov Gülməmməd bəy Kəngərlinin tərcüməçilik fəaliyyətində  N. A. Nekrasov yaradıcılığının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, G. Kəngərli N.A. Nekrasovun "Nravstvennıy çelovek" ("Xoşəxlaq adam") əsərindən bir parçanı tərcümə edərək “Kəşkül” qəzetində  "Mərdi müttəqi" imzası ilə dərc etdirib.

 

Sonda ali məktəbin rektoru  müasir mərhələdə tərcümə sənətinin inkişafında kadr hazırlığına toxunub, muvafiq ixtisaslarda tərcümə sənətinə dair seçmə fənnin tədrisi ilə bağlı məsələlər müzakirə edilib.

 

Konfrans “Bədii tərcümənin tarixi və nəzəriyyəsi”, “Bədii tərcümə müasir mərhələdə” adlı  bölmə iclasları ilə davam edib.