Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında X ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona mərhələsi keçirilib. Rusiya səfirliyinin baş müşaviri Valentin Denisov, əməkdaşları Alenina Alesiya və İlyas Soltanov tədbirdə iştirak ediblər. Səfərin ilk günü qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyub, muzeylə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Möminə Xatın türbəsi, Açıq Səma Altında Muzey, Xan Sarayı və Dövlət Bayraq Muzeyi ilə tanış olublar. Səfərin ikinci günü qonaqlar Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə olimpiadanın gedişini izləyiblər. Tədbir başlamazdan əvvəl şagirdlərin ifasında Azərbaycan milli musiqiləri səsləndirilib, rus ədəbiyyatından parçalar söylənilib, ədəbi-bədii proqram təqdim edilib. Tədbiri səfirliyin baş müşaviri Valentin Denisov açaraq bildirmişdir ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də rus dilinin keyfiyyətli tədrisi üçün lazımi şəraitin yaradılması, rus dilinin gənclərə sevdirilməsi və təbliğ edilməsi ölkələr arasındakı dostluq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyindən xəbər verir.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərə rus dilini mükəmməl mənimsətməklə onlarda özünə inam hissini formalaşdırmaq, sərbəst şəkildə ünsiyyət qurmaq bacarıqlarını aşkara çıxarmaq, şagirdləri rus xalqının tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış etmək, hər iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələri gücləndirməkdən ibarətdir. Qeyd edək ki, olimpiadanın zona turunda Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdən 39, digər ümumtəhsil məktəblərindən 25 şagird olmaqla, ümumilikdə 64 şagirdin iştirakı təmin edilib.
Kamal FƏRƏCOV,
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı