"Times Higher Education" ali təhsilə dair qlobal onlayn konfrans keçirib
Onlayn təlimlərə keçid Böyük Britaniyaya qlobal bazarları açmağa kömək edə bilər. Bu barədə Böyük Britaniya parlamentinin üzvü, elm və universitetlər üzrə nazir Co Conson (Joe Johnson) "Times Higher Education" jurnalının təşkil etdiyi və bütün dünya ölkələrindən 1200-dən artıq ali təhsil işçisinin iştirak etdiyi qlobal onlayn konfransda bildirib.
Pandemiya dövründə ali təhsil sahəsində baş verən proseslərə həsr olunan tədbirdə C. Conson universitetlərin onlayn öyrənmə təcrübəsindən istifadə etməsi üçün böhrandan "faydalanmalı" olduğunu bildirib. Onun sözlərinə görə, koronavirus böhranı nəticəsində məsafədən tədrisə keçid, ehtimal ki, İngiltərə universitetlərini uzunmüddətli perspektivdə daha çox onlayn kursların təklifinə təşviq edəcək.
"Müəyyən mənada bu, universitetləri tədris materiallarının rəqəmsal və onlayn formatda çatdırılması prosesini sürətləndirməyə məcbur edən zəruri bir proses idi. Bu proses bizim parlaq alimlərimizi məsafədən akademik kurslar hazırlamağa məcbur edir. Biz son on il ərzində hər halda bunu etməli idik, amma indi bunu edirik və bundan sonra daha yaxşı olacaq", - deyə C.Conson bildirib. O, əlavə edib ki, bu dəyişiklik Böyük Britaniya ali təhsilinin dünya bazarlarında iştirakını genişləndirməyə imkan verəcək.
"Bu, həqiqətən, inkişaf üçün çox maraqlı imkanların olduğu bir yerdir", - deyə o bildirib. Əlavə edib ki, məsafədən tədris Asiya və Afrikadan olan və 3-4 illik proqramlarla ingilisdilli ölkədə bahalı həyat şərtləri ilə yaşamaq istəməyən gənclər qrupunun sayını artırmağa imkan yarada bilər.
"Biz bu qrupların tələbatını ödəmək üçün bir sistem kimi hazır olmalıyıq "-deyən C.Conson əlavə edib ki, ənənəvi ali təhsildə əldə edilən üstünlük zamanla yeni yollarda təkrarlanacaq.
Onlayn tədbirdə iştirak edən Britaniya parlamentinin üzvü lord KrisSkidmor müəllimlərin məsafədən tədrisə sürətli keçidini yüksək qiymətləndirərək xəbərdarlıq edib ki, sadəcə Zoom-dan alternativ olaraq istifadə etməklə deyil, mərkəzində müəllimin dayandığı yaxşı onlayn təlimin təşkili barədə diskussiya aparmaq lazımdır.
Parlamentin digər üzvü lord Devid Uilletts razılaşıb ki, Zoom üzrə mühazirənin keçirilməsi pandemiya dövründə təcili və baza başlanğıcı idi...
(www.timeshighereducation.com/news/switch-online-teaching-can-help-uk-unlock-global-markets)
Oruc MUSTAFAYEV