Universitetlərdə onlayn təlimə keçid çox faydalı olub

Onlayn təlimlərə keçid Böyük Britaniyaya qlobal bazarları açmağa kömək edə bilər.  Bu barədə Böyük Britaniya parlamentinin üzvü, elm və universitetlər üzrə  nazir Co Conson (Joe Johnson)  "Times Higher Education" jurnalının təşkil etdiyi və  bütün dünya ölkələrindən 1200-dən artıq ali təhsil işçisinin iştirak etdiyi qlobal onlayn konfransda bildirib.


Pandemiya dövründə ali təhsil sahəsində baş verən proseslərə həsr olunan  tədbirdə C. Conson universitetlərin onlayn öyrənmə təcrübəsindən istifadə etməsi üçün böhrandan "faydalanmalı" olduğunu bildirib.  Onun sözlərinə görə, koronavirus böhranı nəticəsində məsafədən tədrisə keçid, ehtimal ki, İngiltərə universitetlərini uzunmüddətli perspektivdə  daha çox onlayn kursların təklifinə  təşviq edəcək.  

 

"Müəyyən mənada bu, universitetləri tədris materiallarının rəqəmsal və onlayn formatda çatdırılması prosesini sürətləndirməyə məcbur edən zəruri bir proses idi. Bu proses bizim parlaq alimlərimizi məsafədən akademik kurslar hazırlamağa məcbur edir.  Biz son on il ərzində hər halda bunu etməli idik, amma indi bunu edirik və bundan sonra daha yaxşı  olacaq", - deyə C.Conson bildirib.  O,  əlavə edib ki, bu dəyişiklik Böyük Britaniya  ali təhsilinin dünya bazarlarında iştirakını  genişləndirməyə imkan verəcək.

 

"Bu, həqiqətən, inkişaf  üçün çox maraqlı imkanların olduğu bir yerdir", - deyə o bildirib. Əlavə edib ki, məsafədən  tədris Asiya və Afrikadan olan və 3-4 illik proqramlarla ingilisdilli ölkədə bahalı həyat şərtləri  ilə yaşamaq istəməyən gənclər qrupunun sayını artırmağa imkan  yarada  bilər. 

 

"Biz bu qrupların tələbatını ödəmək üçün bir sistem kimi hazır olmalıyıq "-deyən C.Conson əlavə edib ki, ənənəvi ali təhsildə  əldə edilən  üstünlük zamanla yeni yollarda təkrarlanacaq.

 

Onlayn tədbirdə  iştirak edən Britaniya parlamentinin üzvü lord  KrisSkidmor müəllimlərin məsafədən tədrisə sürətli keçidini  yüksək qiymətləndirərək xəbərdarlıq edib ki, sadəcə  Zoom-dan alternativ olaraq istifadə etməklə deyil, mərkəzində müəllimin dayandığı yaxşı onlayn təlimin təşkili barədə diskussiya aparmaq lazımdır.
Parlamentin digər üzvü lord  Devid Uilletts razılaşıb  ki,  Zoom üzrə mühazirənin keçirilməsi  pandemiya dövründə təcili və baza başlanğıcı idi...

 

(www.timeshighereducation.com/news/switch-online-teaching-can-help-uk-unlock-global-markets)

 

Oruc MUSTAFAYEV

 



27.04.2020 | 13:33