Nakam sevgi, sirli gündəlik, qəbiristanlıq postunda son...


Lent.az-ın “Əbədi tələbələr” layihəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin əbədi tələbəsi Fuad Əsədovu onun doğmalarının, dostlarının dilindən dinlədim. Bir də... nə qədər qəribə olsa da, onun öz dilindən... Əlimdə tutduğum, sovetlərin məşhur “96 vərəqli”, boz cildli dəftərindən Fuadı cümlə-cümlə, kəlmə-kəlmə öyrənirəm:

 

 - Dostoyevski məni çox uzaqlara “aparırdı”. “Cinayət və cəza”nı oxuyandan sonra hiss etdim ki, mən heç vaxt cinayət edə bilmərəm...

 

- Lev Tolstoyla aramızda bir yaxınlıq görürdüm...

 

- “Don Kixot”u oxuyandan sonra xəyalpərəstlikdən qaçmağa çalışdım...

 

- “Macal” məndə hər şeyə ağıllı yanaşma, zəmanəyə uyğunlaşmağı bacarmaq haqqında düşünmək meyilləri yaratdı...

 

- “Səfillər”i oxuduqdan sonra özümü daha da saflaşdırmağa çalışdım...

 

Bir az səliqəsiz, qarışıq xətlərlə yazılan bu gündəlik onun məhrəmidir, oxumağım nə qədər doğrudur, bilmirəm... Qapamaq istəyirəm ki, anası Solmaz Abdullayeva bir müəllimə tələbkarlığı ilə növbəti səhifəni açıb göstərir:

 

Xətti heç yaxşı deyildi, yazmağını bəyənmirdim. Ona görə də gündəliyində mənim haqqımda yazdığı hissəni o qədər səliqə ilə işləyib ki... Həm də qırmızı qələmlə yazıb... Sanki ürəyinə damıbmış ki, dünyadan tez köçəcək, onun hisslərini, duyğularını bu gündəlikdən öyrənməli olacağıq... Çox həssas uşaq idi... İndi onun adını daşıyan nəvəm də elədir. Bu, məni qorxudur...

 

Bacısı Nüşabə xanım:

 

- O qədər diqqətli idi ki... Həkimlərin və müəllimlərin peşə bayramı günlərinə bir az qalmış mənə də, kiçik qardaşım Əsədə də tapşırırdı ki, məktəb üçün verilən xərcliyi yığaq. Sonra ona bir açıqca alıb, müəllimlər günündə anama, həkimlər günündə isə atama təbrik yazırdıq... Anam həmişə Fuadın xəttinə irad tuturdu deyə, açıqcaları mənə yazdırırdı...

 

- Gündəlik yazdığını bilirdiniz?

 

- Nə tələbə yoldaşlarının xəbəri var imiş, nə də bizim... Onun 7 mərasiminə hazırlaşanda qızım dedi ki, keçən dəfə mən dərsdən gəlib içəri girəndə Fuad tez nəyisə servantın başına atdı. Ondan sonra axtarıb bu dəftəri tapdıq... Sən demə, çoxdan yazırmış, könüllü orduya getmək üçün gələndə də özü ilə kəndə gətirib...

 

Əsədov Fuad Qərib oğlu 1972-ci ildə noyabrın 25-də Cəbrayılın Quycaq kəndində dünyaya göz açıb. Ailənin ilk övladı olan Fuad musiqiyə və rəssamlığa marağı ilə digər uşaqlardan fərqlənib.

 

Nüşabə xanım:

 

- Mən fortepiano, Fuad isə qarmon sinfinə gedirdik. Qəribədir ki, Fuad pianonu məndən də yaxşı çalırdı...

 

- Dəfələrlə olmuşdu ki, qızım akkord tutub, Fuad hər hansı muğamı ifa edəndə qonşular zəng eləmişdi: “Musiqi harda səslənir? Nə qədər çalışsaq da radioda o dalğanı tuta bilmirik...”. Bu qədər istedadlı ifa edirdi...

 

- Rəsm bacarığını necə kəşf etdiniz?

 

- 15 yaşında rayonda keçirilən “Gənc memarların ümumrespublika müsabiqəsi”ndə fərqləndi, onu “Artek”ə göndərdilər... Bu haqda gündəliyində əhatəli yazıb...

 

Ailənin övladları haqqında hazırladıqları “Fuad dünyası” kitabında onun şeirləri, gündəliyi, fotoşəkilləri ilə yanaşı, “Artek”dən yazdığı məktublar da yer alıb. Məktublarda Fuad həyatında baş verən yenilikləri bəzən detallı, bəzənsə üstüörtülü qeyd edib. Atasının məktubları iki kişinin söhbətini xatırladırsa, anasının məktubları tam əksini - Fuad “dünən yağış yağırdı”, yazırsa anası cavabında “Mağazaya getsəniz özünə isti corab alarsan, 23-25 ölçüdə. İsti corab olmasa eybi yoxdur, sadəsini alıb üst-üstə ikisini geyin...”

 

Bu məktublar bir uşağa yazılıb... O uşağa ki, ömrünün sonuna cəmi beş il qalmışdı...

 

Bu beş il ərzində Fuad öz istəyi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsinə qəbul olunur. O, Cəbrayılın ilk ali təhsilli memarı olacaqdı. Cəbrayılda elə tarixi abidələr var idi ki, tarixə yalnız Fuadın cizgilərində köçüb.

 

- Yoldaşım səhər işə gedəndə Fuadı özü ilə aparıb abidənin qarşısında düşürdür, nahara qayıdanda götürüb gəlirdi. Fuad elə həvəslə işləyirdi ki... Müharibə başlayana qədər... Müharibə başlayandan sonra həyatında hər şey ikinci plana keçdi...

 

- Cəbhəyə getməyini necə xatırlayırsınız? Qərarını sizə necə bildirdi?

 

- III kursda oxuyurdu, martın 15-də qapıdan girdi. Elə bildim, Novruzu qeyd etməyə gəlib. Artıq Xocalı hadisəsi baş vermişdi, heç birimiz bayram əhvali-ruhiyyəsində deyildik. Şirniyyatı çox sevirdi, dedim ki, Xocalı faciəsinə görə əlim qalxmayıb, heç nə hazırlamamışam... Dedi, gəlib sizi bayrama hazırlaşan görsəm, ömrüm boyu heç birinizi bağışlamazdım! Sonra qərarını açıqladı... Dedim, yox, sən hələ çox uşaqsan, təhsilini yarımçıq qoyma...

 

Atası isə heç nə demədi... Nə qədər yalvardım ki, səndən çəkinir, icazə vermə getsin... Dedi ki, sən nə danışırsan, pis yola gedir, qumar oynayır, içki içir?.. Neyləyir ki, onu geri qaytarım? Fuad elə bir missiya üçün gedir ki, mən ona qayıt deyə bilmərəm...

 

Daha ətraflı Fuaddan dinləyək:

 

“Martın 17-də gedib Milli Ordunun könüllülər dəstəsinə yazıldım. Əvvəl mənə etimad göstərmirdilər (əsgərlikdə olmamışdım). Çox xahiş-minnətdən sonra (bizdə belədir də, gərək ölümə də gedəndə yalvarasan) məni imtahan edib, yoxlayıb, nəhayət, martın 28-də ən qaynar nöqtə olan Qışlaq kəndinə göndərdilər”.

 

- O, üzünü mənə çevirib, “ana, püşk atdılar, mənə qəbiristanlıq postu düşdü”, deyəndə elə hiss etdim ki, artıq oğlumu itirmişəm... Bilirəm ki, düz eləmədim, amma özümdən asılı olmadı:

 

- Fuad, bax, başına bir iş gəlsə, səni ağlamayacağam! - dedim.

 

- Narahat olma, ana! Məni quycaqlılar ağlayacaq... - deyib, heç kefini də pozmadı.

 

Nüşabə xanım:

 

- Özünün təzə gödəkcəsini atamın sürücüsünün köhnə sırıqlısı ilə dəyişdirdi. Sonradan yayda imtahanlarını vermək üçün Bakıya gedəndə atamın xərclik üçün verdiyi pula özünə yeni hərbi forma almışdı...

 

Dostu, qrup yoldaşı Əli Ağa Məmmədov da onu sonuncu dəfə həmin geyimində xatırlayır:

 

- Qrupumuzdan könüllü cəbhəyə gedən yalnız Fuad idi. Sessiya imtahanlarını da verməyə qaçaraq gəlmişdi. Elə hərbçi geyimində... Memarlığı necə həvəslə öyrənirdi... Bəzən aylarla özünə qapanıb mükəmməl bir sənət əsəri yaradırdı və onun işi tamlığı ilə seçilirdi...

 

Yataqxanada bir otaqda qalırdıq. Bir dəfə gecəni səhərə kimi fasiləsiz kurs işinin üzərində işlədik, biz qurtaranda artıq səhər açılmışdı. Fuad sevinclə kurs işini çarpayısının üstünə atdı. Tərslikdən çarpayının yanından asılan kitab rəfi qopub, düz kurs işinin üstünə düşdü. Nitqim tutuldu, dedim indi Fuad fəryad edəcək. O isə çox sakit, güclə eşidiləcək səslə filmdən bir sitatı pıçıldadı: “Heç oğlum Yadullanın müsibəti də belə olmamışdı”. İkimizin də gülümsəməkdən başqa yolu qalmadı...

 

Fuadın gündəliyini vərəqlədikcə səhifələrin kənarına səpələnən qəribə ürəklər diqqətimi cəlb edir. Solmaz xanım ağlayır, bacısı Nüşabə izah edir:

 

- Ərəbcə öyrənmişdi... Bu ürək işarəsində ərəb əlifbasındakı “F” və “Ş” hərfləri birləşib... Eyni naxışı 10 qəpikliyin üzərində də yonub, kulon düzəltmişdi. Soruşdum, izah etdi...

 

Solmaz xanım:

 

- Mən isə bir az gec xəbər tutdum. Bir də gördüm evdə hər yerə “Ş” yazıb. Dibçəkdən tutmuş, ayaqqabı şotkasına qədər... Lap elə həyətdəki əncir ağacına da... Anamın da, qayınanamın da adı “Ş” hərfi ilə başlayır, qızıma dedim Fuad hansı nənəsini əzizləyib? Güldü, keçdi... Əl çəkmədim, axırda söhbətin ailə dostumuzun qızı Şəlalədən getdiyini bildim... Özünə dedim ki, oğlum, sən hələ balacasan, uşaqsan, universitetə qəbul olunacaqsan, o qədər fərqli adamlar tanıyacaqsan, qızlar görəcəksən, fikrini dəyişəcəksən....

 

- Televizorda eşitmişəm, yazıçı Anar I sinifdən sevdiyi qızla ailə qurub. Mən isə artıq VII sinifdə oxuyuram. Necə ola bilər ki, fikrimi dəyişim? - dedi...

 

Sonralar arada “hələ fikrini dəyişməmisən” soruşanda, “yox”, deyirdi...

 

- Şəlalə necə, o nə düşünürdü?

 

Nüşabə xanım:

 

- Sonuncu döyüşündən iki həftə əvvəl Bakıya gəlib imtahanlarını verdi, IV kursa keçdi. Həmin vaxt gedib universitetin qarşısında Şəlaləni gözləyib, ürəyini açıb. O haqda gündəliyində yazıb, amma yarımçıq qalıb... Bu gün kimi yadımdadır, mən evə gələndə dəftəri bağlayıb, tulladı... İndi görürəm ki, gündəlik Şəlalə ilə həmin görüşləri haqda yazanda yarımçıq qalıb...

 

- Görüşləri haqda sizə heç nə danışmadı?

 

- Dedi ki, anama denən mən qızla danışmışam, iş qalıb sizə. Fuad şəhid olanda valideynləri ilə birlikdə Şəlalə də gəlmişdi...

 

- Artıq həyətimizdəki əncir ağacı boy atmışdı... Üstündəki “Ş” hərfi əlçatmaz olmuşdu... - Solmaz xanım göz yaşlarını silir...

 

- Şəlalə ilə o barədə heç nə danışmadıq... Məsələni onlar da bilirdi, biz də... Susduq... Şəlalə ailə qurana qədər Fuadın gündəliyini də üzə çıxartmadıq...

 

Fuad gündəliyində Şəlalədən O deyərək, söz edir:

 

“Ondan başqa heç nə haqda fikirləşə bilmirəm. Fikirlərimi azad buraxan kimi O gəlir gözümün qabağına. Elə bil Onun mənim xəyallarımda “bronu” var”.

 

Atası Qərib Əsədov xatırlayır:

 

- Bir dəfə sözarası babasına demişdi ki, atam Nüşabə ilə zarafat edir, bizimlə isə ciddi davranır. Həmişə zarafatla “atam məni cəmi iki dəfə öpüb”, deyirdi - “bir dəfə “Artek”ə yola salanda, bir dəfə də oradan qayıdanda”. Amma mən onu üçüncü dəfə də öpdüyümü xatırlayıram... Gətirdilər... Üstünə saldıqları örtüyü qaldırdılar... Alnından öpdüm...

 

- O günü necə xatırlayırsınız?

 

- Bazar günü idi, 1992-ci il, iyunun 28-i... Bağçada işləyirdim... Bağçamız xəstəxanaya gedən yola yaxın idi... Gördüm çoxlu maşın keçir... Dedilər bu gün ağır döyüş olub, yaralıları gətiriblər... Tez xəstəxanaya yollandım... Cərrah Vahid həkim məni görən kimi dedi səni allah göndərib, gəl kömək elə... Yaralılara yardım göstərəndə qəfil narahatlıq hiss etdim... Havaya çıxdım... İndi də deyə bilmərəm maşına necə əyləşdim, Fuadın xidmət etdiyi posta necə sürdüm... Onu bilirəm ki, Qışlağa çatmamış rayon hərbi komissarının maşını ilə rastlaşdım... Sürücü Bayram kişi maşından enib bizə tərəf gələndə elə bildim gülür... Yaxınlaşanda hönkürdüyü aydın oldu... hər şey... hər şey aydın oldu...

 

...Komandiri dedi ki, arxalarınca göndərdiyimiz zirehli maşın minaya düşüb... Kimi göndərirsizsə, mən də onunla gedim, dedim... Olmaz, dedilər... Üzeyir adlı bir əsgər “mən gedib gətirəcəyəm”, dedi...

 

...Döyüş meydanından Fuadı və iki başqa şəhidi çıxarmaq mümkün olmuşdu... 28 şəhidin nəşini gətirə bilməmişdilər...

 

Qızım, mən çox inamlı və cəsarətli adam olmuşam. Fuadın ölümü ilə həyata baxışımda, inanclarımda, haqqın zəfər çalacağı qənaətimdə, dəfələrlə təcrübədən çıxmış ideyalarıma güvəncimdə çatlar əmələ gəldi... Sanki mən cəsarətimi, həyat enerjimi, müqəddəs ideyalara bağlılığımı oğlumla bərabər dəfn etdim... Övlad dərdi ağır dərddir...

 

Solmaz xanım:

 

- Dedilər Bakıya “Şəhidlər Xiyabanı”na aparaq, qoymadım... Mənim Bakıda nə işim var, balam yanımda qalsın, dedim... Üzünü doyunca görə bilmədim, heç olmasa məzarına yaxın olum, dedim... Cəbrayıl işğal olunanda Fuadı ikinci dəfə itirdim... İndi vicdan əzabı çəkirəm ki, kaş Bakıda dəfn edərdik... Balamın ata qayğısı, ana nəvazişi, bacı sığalı, qardaş məhəbbəti görməyən, ziyarət olunmayan məzarına qurban olum... Əvvəllər naməlum məzarlardan birini götürüb qulluq etmək istədim, razılıq vermədilər...

 

- Fuadla eyni döyüşdə şəhid olan 28 hərbçinin nəşini geri almaq mümkün oldu?

 

- Ermənilər meyitləri iki həftədən sonra verdilər... Fuaddan sonra mən çox özümə qapanır, allaha üsyan edirdim. Bir dəfə rayondan molla gəlib təsəlli verdi, dedi, sən sevin ki, övladının meyitini döyüş meydanından çıxarıblar. Bəs onunla birgə döyüşən əsgərlərin anaları neyləsin? Meyitlər ələ gəlmirdi, onları yanğınsöndürən maşının şlankı ilə yuduq, kəfənləmək mümkün olmurdu... Dedi o uşaqların ata-anası qapıya erkək bağlayıb ki, balamın meyiti gəlsin, kəsib paylayım...

 

Fuad gündəliyində anasının qara, uzun hörüklərini vəsf edir, onlara dən düşdüyünü yazır:

 

“O saçların ağarmasında mənim də “zəhmətim” var...”

 

Nüşabə xanım danışır:

 

- İndi əbədi tələbəsi olduğu universitetin Memarlıq fakültəsində Fuadın xatirəsinə barelyef vurulub... Oxuduğu məktəb onun adını daşıyır, kiçik qardaşım Əsəd həmin məktəbi bitirib... Fuad şəhid olandan sonra onun sırıqlısını məktəbin muzeyinə verdik... Anamla atam Fuadın bəzi əşyalarını muzeyə verdi...

 

Solmaz xanım:

 

- Buna görə də özümü bağışlamıram... Çox ürəksiz verdim, sanki duymuşdum balamın ardınca torpağımızı da itirəcəyimizi... Vəziyyət gərginləşəndə evdə saxladığım nəyi var idisə, Beyləqana qardaşımgilə göndərmişdim. Hər şey qəfil baş verdi və kəndi tərk edəndə məktəbin muzeyindən Fuadın heç nəyini götürə bilmədim... Hətta hüzrə gələn qrup yoldaşlarından da xahiş etmişdim ki, institutda nə qədər əl işi varsa, gətirin mənə... Dedilər, mümkün deyil... Amma dekanla danışıb, yola gətirmişdilər... Nəyi varsa gətirdilər...

 

Qərib müəllim:

 

- Sağ olsunlar, bu gün Fuaddan əlimizdə qalan bu nişanələrə görə tələbə yoldaşlarına borcluyuq... Hə, bir də 11-ci sinfin Azərbaycan dili kitabında 42-ci çalışmada Fuaddan bəhs edilir... Rafiq Həşimov onun haqqında “Yarımçıq gündəlik” adlı sənədli film çəkib...

 

Solmaz xanım davam edir:

 

- Fuad ilkimiz idi, indi ilk nəvəmizin də adı Fuaddır... Qəribəsi odur ki, onun adını biz yox, camaat qoydu... Oğlan olduğunu biləndə hamı “Fuad doğuldu” dedi... Beləcə, adını Fuad qoyduq...

 

Və ildə iki dəfə Fuad evə gəlir... Doğum günündə və şəhid olduğu gün...

 

Qərib müəllim:

 

- 25 ildə elə bir gün olmayıb ki, həmin günləri onun dostları, sinif və qrup yoldaşları bizə baş çəkməsinlər... O uşaqlar, uşaq deyirəm, indi hamısının əlliyə yaxın yaşı var, düz 25 ildir ki, Fuadın ruhu ilə dostluq edirlər.

 

Solmaz xanım:

 

- Mən onların dostluğunu həmişə şagirdlərimə nümunə çəkmişəm... Evdə hamı deyir ki, sən başqa vaxtlar Fuadın dostları gələndə olduğun qədər xoşbəxt olmursan... Elə bilirəm ki, Fuad onlarla gəlib, onlarla da çıxıb gedir...

 

Fuaddan sonra mən toylara getmirəm. Bir dostu evlənəndə dedi ki, Solmaz xala, əgər gəlməsəz, bir də bu qapıya gəlməyəcəyəm. Bu, mənim üçün fəlakət idi. Bir də bizə gəlməyəcək deyə elə qorxurdum ki... Onda ilk dəfə toya getdim... Eh, qızım, Fuadın 20 yaşını onsuz qeyd etmişik... Elə bir ömür yaşamayıb... Lakin mən onun haqqında günlərlə, aylarla danışaram... Fuaddan danışanda susmaq istəmirəm, elə bilirəm yaşayır.

 

 

P.S. Yazının hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tarixi muzeyinin direktoru Gülmira Məmmədova ilə mətbuat katibi Nəcibə Mirzəyevaya təşəkkür edirəm.

 

Vüsalə MƏMMƏDOVA