“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli əmrinə əsasən Xalq Təhsili Muzeyində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Bakının Pirşağı qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagird və müəllimləri, Nəsimi rayon 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, dərnək rəhbərləri və dərnək üzvləri iştirak ediblər. Anım mərasimini giriş sözü ilə muzeyin direktoru L.Bayramova açaraq, Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib və erməni silahlı qüvvələrinin törətdiyi bu vandalizm aktını qətiyyətlə pisləyib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin kiçik elmi işçisi Z.Orucova “Tarixin qan yaddaşı” mövzusunda məruzə edib. Çıxış edənlərdən Xocalı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi, faciənin canlı şahidi Səidə Cəfərova o qanlı gecə barədə xatirələrini ürək ağrısı ilə danışıb, valideyn Xalidə Aslanova belə tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nəsimi rayon 5 nömrəli UGİM-nin direktoru Könül Mustafayeva isə Xocalı faciəsi zamanı mənfur düşmənin əliyalın dinc sakinlərə qarşı törətdiyi insanlığa sığmayan qəddarlığı qətiyyətlə pisləyıb.
Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında söylənilən şeirlər, Nəsimi rayon 5 nömrəli UGİM-in “Bədii qiraət” və “Məktəbli teatrı” dərnəklərinin üzvlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş “Vətən ağrılıdır, bu matəm günü” adlı ədəbi-bədii kompozisiya, musiqinin müşayiəti ilə göstərilən videoçarx tədbir iştirakçılarını duyğulandırıb və onlarda mənfur düşmənə nifrət və vətənə məhəbbət hissini bir daha alovlandırıb .
Tədbirin sonunda iştirakçılar Xalq Təhsili Muzeyi fondunun sənəd və materiallarından, Nəsimi rayon 5 və Nizami rayon 3 nömrəli UGİM -nin dərnək üzvlərinin rəsm işlərindən ibarət “Xocalı soyqırımı” adlı sərgi ilə tanış olublar.