Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun kollektivi öz fəaliyyətini karantin şəraitinə uyqun olaraq onlayn şəkildə davam etdirir.
İnstitutdan bildirilib ki, əməkdaşlar nəzərdə tutulan plan üzrə tədqiqatlarını aparmaqla yanaşı, “Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçüncü cildi üzərində də işlərini tamamlamağa çalışırlar.
Əvvəlcədən aparılan bölgüyə əsasən, institutun 20-dən artıq alimi öz bölmələrini yazıb, elektron formada kitabın buraxılışına məsul, institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənova göndərirlər. O, hər bir bölməni redaktə edir, ayrı-ayrı dövlət və qurumların coğrafiyası haqqında verilmiş məlumatların eyni sxem üzrə olmasını gözləməklə onların üzərində işləyir və çapa hazırlayır.
Bildirilib ki, kitab son illər Coğrafiya İnstitutunun yerinə yetirdiyi və respublika miqyasından kənar ərazilərin coğrafiyasına həsr edilən ən mühüm işlərdən biridir. Kitabın birinci cildi 2019-cu ildə çap edilib. Həmin cild, eyni zamanda rus dilinə tərcümə olunub və nəşr edilərək oxucuların istifadəsinə verilib. Kitabın digər cildlərinin də rus dilinə tərcümə edilməsi və MDB məkanında yerləşən türkdilli dövlətlərə, eləcə də Rusiya Federasiyası tərkibindəki milli türk qurumlarına göndərilməsi nəzərdə tutulur. Kitabın ikinci cildi də bu ilin əvvəllərində çapdan çıxıb.
“Regional coğrafiya” adlanan və 3 fəsildən ibarət olan əsərin birinci fəsli müstəqil Türk dövlətlərinə həsr edilib. Burada həmin dövlətlərin həm fiziki, həm də iqtisadi-sosial coğrafiyası haqqında məlumatlar öz əksini tapır.
İkinci fəsil Rusiya Federasiyası tərkibində olan milli türk qurumlarının, o cümlədən Çin Xalq Respublikasının tərkibindəki Sintsızyan-Uyğur Muxtar rayonunun fiziki və iqtisadi-sosial coğrafiyasına həsr edilib. Kitabın üçüncü fəsli isə müstəqil dövləti və milli qurumu olmayan türk xalqlarının coğrafiyasından bəhs edir.
M.Həsənov “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin “Regional Coğrafiya” adlanan bu cildinin də yüksək elmi keyfiyyətlə hazırlanıb vaxtında çap edilərək oxuculara çatdırılacağına əminliyini bildirib.