Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Universitetdən bildirilib ki, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov qlobal pandemiya ilə mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən son tədbirlər barədə ətraflı məlumat verib və bir daha kollektivin bütün üzvlərini karantin dövrünün tələblərinə ciddi riayət etməyə çağırıb.

 

İclasın gündəliyiə əsasən, rektor  Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı haqqında danışıb, sözügedən qərarın icrası istiqamətində MDU-da görülməli olan işlər barədə müvafiq göstərişlərini verib.

 

Sonra karantin müddətində MDU-da bakalavriat və magistratura səviyyələrində tədrisin təşkilinin mövcud vəziyyəti ətraflı müzakirə olunub. Tədris prosesində uğurla tətbiq olunan “Microsoft Teams” və “ZOOM” platformaları, eləcə də “Videodərslər” barədə geniş fikir mübadiləsi aparılıb. Dekanların hər birinin fakultə üzrə dərslərin keçirilməsi vəziyyətinə dair hesabatı dinlənildikdən sonra tələbələrin virtual dərslərdə iştirak səviyyəsinin daha da artırılması, dekanlıqlar və kafedralar tərəfindən bu istiqamətdə həyata keçirilməli olan tədbirlər, Tədris şöbəsi tərəfindən dərslərin keyfiyyət monitorinqinin gücləndirilməsi və digər məsələlərə dair konkret tapşırıqlar verilib.

 

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam edib.