Növbəti tədris ilində bu qruplara 31 ixtisas üzrə seçim aparılacaq


Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyinin SABAH qruplarına qəbulla bağlı I tədris ilinin tələbələri ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, SABAH qruplarının İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Rəsulova, universitet üzrə SABAH qruplarının koordinator rəhbəri Lalə Mürsəlbəyova və fakültə dekanları iştirak ediblər.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov bildirib ki, SABAH qrupları gənclərə yüksək səviyyədə təhsil almaq  üçün yaradılan əlverişli imkandır.     

 

SABAH qruplarının İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Rəsulova SABAH qruplarına qəbul şərtləri və bu qrupların üstünlükləri barədə məlumat verib. Qeyd edib ki, 2014-2015-ci tədris ilindən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. SABAH qrupları həmçinin tələbələrin şəxsiyyət olaraq hərtərəfli formalaşmaları üçün tədrisdənkənar imkanlar da yaradır.

 

2017-2018-ci tədris ilindən SABAH qruplarına tələbələrin seçimi www.student.sabah.edu.az  portalı və www.sabah.edu.az portalı vasitəsilə tam elektron qaydada aparılır. Portal namizədlərin elektron ərizələrinin yoxlanılması və nəticəsi haqqında bildiriş göndərilməsi, müsabiqənin bütün mərhələləri üzrə nəticələrin emal olunması və yekun qeydiyyatın onlayn aparılmasını təmin edir.

 

Məlumat verilib ki, 2018-2019-cu tədris ili üçün SABAH qruplarına ümumilikdə 30 ixtisas üzrə tələbə seçimi müsabiqəsi aparılacaq. Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I tədris ilində əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün namizədlər 23 may 2018-ci il tarixinədək www.sabah.edu.az.saytına və www.sabah.edu.az portalına daxil olmaqla elektron ərizəni doldurmalıdırlar. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsində-test imtahanında iştirak edəcəklər.

 

Qeyd edək ki, hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən çox tələbəni,  650-dən  çox professor-müəllim heyətini əhatə edir. 2016-2017-ci tədris ilində SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfər olub.

 

Görüşdə SABAH qrupları ilə bağlı videoçarx təqdim edilib.

 

Tələbələrin fəallığı şəraitində keçən görüşdə onların çoxsaylı sualları cavablandırılıb.