Filmlərə baxış ADU-nun Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Park Bulvarda baş tutub
Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Park Bulvarda Koreya kino günü keçirilib. Tədbirdə Koreya Respublikasının Azərbaycandakı konsulu Ceon Cun Seok, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, şöbə müdiri İradə Nəcəfova, eyni zamanda ADU-nun Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanova, rektor məsləhətçisi Anar Osmanlı, tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova iştirak ediblər.
Nigar Sultanova ADU-da fəaliyyət göstərən Koreya Mədəniyyət Mərkəzi barədə qısa məlumat verib. Tədbir konsul Ceon Cun Seokun çıxışı ilə davam edib. O, bu tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədi ilə keçirildiyini qeyd edib və təşkilatçılara öz təşəkkürünü bildirib.
Rəsmi açılış hissəsindən sonra 2013-cü il istehsalı olan “Coqqu kralı” və 2014-cü ildə lentə alınan “Mənim sevgim, mənim qadınım” adlı Koreya filmləri nümayiş etdirilib. Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.