Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov rəhbərlik etdiyi ali məktəbin kollektivinə və tələbələrinə müraciət ünvanlayıb.
Rektor mövcud şəraitdə qarşıya qoyulan əsas vəzifənin tədris prosesində davamlılığın təmin edilməsindən ibarət olduğunu diqqətə çatdırıb. O deyib ki, MDU tərəfindən atılan bütün addımlar evdə qaldıqları müddətdə tələbələrin dərslərlə məşğul ola bilməsi üçün alternativ imkanların yaradılmasına xidmət edir.
“Bildiyiniz kimi, cari ilin 17 mart tarixindən etibarən sizlərin iştirakınızla univetsitetimizdə dərslərin online (“ZOOM” platforması vasitəsilə) və offline (Youtube kanalı üzərindən) rejimdə təşkilinə start verilib. Bu günə qədər MDU kollektivinin fədakarlığı hesabına hər iki metodun tətbiqi ilə təqdim olunan dərslər tələbələrimiz və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bildirirəm ki, “ZOOM” dərslərinə və “Videodərslər”ə davam etmək şərtilə, 06 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə MDU-da dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”-deyən Ş. Bayramov əminliklə qeyd edib ki, daha geniş imkanlar təklif edən bu online təhsil üsulunun tətbiqi MDU-da tədris prosesinin daha sistemli şəkildə təşkilinə imkan verəcək.
Rektor hər üç məsafədən təhsil metodunun alternativ tədris vasitələri hesab olunduğu və tələbələr üçün könüllü əsaslarla tətbiq edildiyi, tələbələrin hər üç metoddan faydalanmasının arzulandığı, onların bu metodlardan birini və ya bir neçəsini seçməkdə tam sərbəst olduqlarını da diqqətə çatdırıb.
Rektor hazırki şərtlər daxilində tədrisin təşkilində fəal iştiraka görə MDU kollektivinə və tələbələrə təşəkkür edib.
“Tələbələrimizi karantin müddətində evdə qalmağa və evdə qalan MDU müəllimləri tərəfindən hər üç metodla təqdim olunan dərslərdən faydalanmağa dəvət edirəm”-deyə Ş.Bayramov hamını özünü və doğmalarını qorumağa çağırıb.