Görüş Misir uşaq ədəbiyyatı həftəsi çərçivəsində baş tutub
Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) misirli professor Yaqub Əl Şaruni ilə görüş keçirilib. Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi, filologiya fakültəsinin müəllim və tələbələri, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev görüşü açaraq professor Yaqub Əl Şaruninin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, professor Yaqub Əl Şaruni Misirin uşaq ədəbiyyatı üzrə böyük alimi, ədəbiyyatşünas, uşaq ədəbiyyatı üzrə 400-dən çox kitabın müəllifi, bir çox beynəlxalq müsabiqələrin laureatıdır.
Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami bildirib ki, Misir ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edir. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin geniş oxucu kütləsinə daha aydın şəkildə çatdırılması və bu ədəbiyyata maraq yaradılması məqsədilə bir çox dövlətlərin uşaq ədəbiyyatı həftələrinin təşkilinə nail olub və onları yüksək səviyyədə təqdim edib. 14-18 may 2018-ci il tarixində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzinin köməyi ilə Misir uşaq ədəbiyyatı həftəsi keçirir. ADPU-da professor Yaqub Əl Şaruni ilə keçirilən görüş də bu layihə əsasında gerçəkləşib.
Professor Yaqub Əl Şaruni çıxışında tələbələrlə görüşməkdən və onlarla uşaq ədəbiyyatı barədə danışmaqdan, fikir mübadiləsi aparmaqdan məmnunluq duyduğunu bildirib. Vurğulayıb ki, Misir-Azərbaycan ədəbi əlaqələrinin yaranması uşaq ədəbiyyatının tərcümə edilməsi ilə başlayıb. Yaqub Əl Şaruni çıxışında Misirdə uşaq ədəbiyyatının yaranması, inkişafı, bugünkü vəziyyəti və bu sahədə yazıb-yaradan ədiblər, şairlər haqqında ətraflı məlumat verib.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova görüşün keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və belə tədbirlərin tələbələrin biliklərinin artmasına, dünyagörüşünün formalaşmasına, onların daxili mənəvi aləmlərinin zənginləşməsinə səmərəli təsir etdiyini vurğulayıb.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək uşaq ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüblər.
Görüş diskussiya şəraitində keçib, tələbə-gənclərin sualları cavablandırılıb.