Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan  bu ilki anım mərasimi  qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyası səbəbindən onlayn formada keçirilib.

 

Universitetdən verilən məlumata görə, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  bir əsr öncə baş vermiş faciədən danışıb. Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən  çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 1 əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə yaddan çıxmır.

 

N.İbrahimov 1992-ci ilin 26 fevral  Xocalı faciəsi üzərində  xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri, törətdiyi  dəhşətli soyqırımları  unutmamağa çağırıb.

 

Müzakirəyə qatılan prorektor, dekan, kafedra müdiri və  bölmə rəhbərləri də qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını bildirib.

 

Onlayn tədbirdə 1918-ci ilin martında  Lənkəran quberniyasında baş verən hadisələrdən də danışılıb. Bildirilib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, kəndlər viran qoyularaq əhalinin əmlakı talan edilib.