Təcrübəçi tələbələr əyləncəli təcrübələr aparıblar


Naxçıvan Dövlət Universiteti təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Naxçıvan şəhər A. Nəzərəliyev adına 16 nömrəli tam orta məktəbin təcrübəçi tələbələrinin təşkil etdiyi “Kimya möcüzələr yaradır” adlı elmi əyləncəli tədbir keçirilib.

 

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişaf etdiyini, son illər kimya fakültəsində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin keyfiyyətinin, yüksək indeksli jurnallarda dərc edilən elmi məqalələrin sayının daha da artdığını qeyd edib. Azərbaycanda neft-kimyanın əsasını qoyan Yusif Məmmədəliyevin adını xüsusi qeyd edən rektor faşizm üzərində qələbənin qazanılmasında kimyaçı alimin fəaliyyətini vurğulayıb.  

 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, “Kimya” kafedrasının dosenti Şəmil Mahmudov, həmin kafedranın müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Əliyev ixtisas biliyinin artırılması üçün təcrübələrin aparılmasının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

 

Kimyanın qədim tarixi, dünya və Azərbaycan kimyaçıları, insan həyatında kimyanın rolu haqda “Kimya” ixtisası üzrə III kurs tələbələri çıxışlar ediblər.

 

Tədbirdə musiqili kimya, danışan elementlər, qələvi metalların su ilə reaksiyası, tələbələrin 16 nömrəli tam orta məktəbdə fəaliyyətlərinə həsr olunan videoçarxlar nümayiş olunub.

 

A.Nəzərəliyev adına 16 nömrəli tam orta məktəbin müəllimi, metodist Xuraman Əliyeva tələbələrin məktəbdə keçdikləri təcrübə haqda danışıb. Qeyd edilib ki, keçirilən bu tədbirlər şagirdlərin elmlərə marağının artırılmasında mühüm rol oynayır.

 

Tədbirdə şagirdlər fənlərin bəhsi, danışan elementlər, oksigenin hekayəsi adlı kompozisiya göstəriblər. Sonda tələbələr tərəfindən əyləncəli təcrübələr aparılıb.