Bakı Mühəndislik Universitetində  görkəmli Azərbaycan alimi, yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri ilə yanaşı BDU-nun professoru Abdulla Abbasov, professor Qəzənfər Paşayev və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı" şöbəsinin müdiri, professor Şirindil Alışanov iştirak edib.

 

Yubiley tədbirini  universitetin rektoru, professor Havar Məmmədov açaraq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb. Bildirib ki,  Mir Cəlal Paşayev dəyərli alim, görkəmli yazıçı və pedaqoq olmaqla yanaşı yüksək insani keyfiyyətlərə malik bir ziyalı idi. Onun yazdığı əsərlər hər dövrdə sevilərək oxunur. Rektor yubiley tədbirlərinin ölkəmizdə və ölkəmizdən kənarda qeyd olunmasını xalqımızın Azərbaycan  ədəbiyyatına və ziyalısına verdiyi yüksək dəyər kimi qiymətləndirib.

 

Sonra tədbir iştirakçıları görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı filmi izləyiblər.

 

Tədbirdə çıxış edən BDU-nun professoru Abdulla Abbasov, professor Qəzənfər Paşayev və professor  Şirindil Alışanov Mir Cəlal Paşayevin  təkcə yazıçı, alim və müəllim kimi  deyil, eyni zamanda təşkilatçı, ziyalı, xeyirxahlıq və s. kimi zirvələrin də fatehidir. Çıxış edən natiqlər onun tələbələri və iş yoldaşları kimi Mir Cəlal Paşayev haqqında  xatirələrini danışıblar. Qeyd ediblər ki, MirCəlal Paşayev dilimizin inkişafında müstəsna xidmətləri olmuşdur. Onun əsərlərində dilimizin yığcamlığı və orijinallığı aydın şəkildə görünür.

 

Universitetin tələbə-teatr studiyasının üzvlərinin ifasında Mir Cəlal Paşayevin əsərlərindən nümunələr tədbirə rəng qatıb.