YUNESKO koronavirus pandemiyası səbəbindən məktəblərin bağlanması şəraitində məsafədən təhsilin inkişafı üzrə koalisiya yaradır. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Təşkilatın verdiyi statistikaya əsasən, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə məktəblərin qlobal bağlanması prosesi 165 ölkədə 1,5 milyard şagird və tələbənin təhsilinə təsir göstərib. Bu, dünya üzrə bütün təhsilalanların 87% - ni təşkil edir.
"Biz əvvəllər heç vaxt tədris prosesinin bu miqyasda pozulmasının şahidi olmamışıq", -deyə təşkilatın baş direktoru Odri Azule bildirib. O, təhsil prosesinin dayanmaması üçün müxtəlif ölkələri öz səylərini birləşdirməyə çağırıb.
Baş direktor, həmçinin distant təhsil formalarına keçid zamanı müxtəlif sosial təbəqələrdən olan şagirdlər i üçün təhsilin əlçatanlığının qorunmasının vacibliyini qeyd edib.
Bu məqsədlə YUNESKO Təhsil üzrə Qlobal Koalisiyanın yaradılması prosesinə start verir. Koalisiyanın əsas məqsədi şagirdlərin ən az müdafiə olunan hissəsi üçün distant təhsilin ən yaxşı variantlarını tətbiq etmək istəyən ölkələrə dəstək verməkdir.
"Biz internetə çıxışın olmadığı yerlərdə ən həssas qruplara yardım etməli və bu sahədə təcrübənin ötürülməsini sürətləndirməliyik",-deyə BMT -nin Qaçqınların İşi üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Angelina Jolinin müraciətində bildirilir.
Koalisiya özəl sektorun təhsil və digər iri beynəlxalq şirkətləri (Microsoft və ya Google), qeyri-kommersiya və xeyriyyə fondları kimi beynəlxalq təşkilatları əhatə edir.
Oruc MUSTAFAYEV