YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO koronavirus pandemiyası səbəbindən məktəblərin bağlanması şəraitində məsafədən təhsilin inkişafı üzrə koalisiya  yaradır. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

 

Təşkilatın verdiyi statistikaya əsasən, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə məktəblərin qlobal bağlanması prosesi 165 ölkədə 1,5 milyard şagird və tələbənin  təhsilinə təsir göstərib. Bu, dünya üzrə bütün  təhsilalanların 87% - ni təşkil edir.

 

"Biz əvvəllər heç vaxt tədris prosesinin bu miqyasda pozulmasının şahidi olmamışıq", -deyə təşkilatın baş direktoru Odri Azule  bildirib. O, təhsil prosesinin dayanmaması üçün müxtəlif ölkələri  öz  səylərini birləşdirməyə çağırıb.

 

Baş direktor, həmçinin distant təhsil formalarına keçid zamanı  müxtəlif sosial təbəqələrdən olan şagirdlər i üçün təhsilin əlçatanlığının qorunmasının vacibliyini qeyd edib.

 

Bu məqsədlə  YUNESKO  Təhsil üzrə  Qlobal Koalisiyanın yaradılması prosesinə start verir. Koalisiyanın əsas məqsədi şagirdlərin ən az müdafiə olunan hissəsi  üçün distant təhsilin ən yaxşı variantlarını tətbiq etmək istəyən ölkələrə dəstək verməkdir.

 

"Biz  internetə çıxışın olmadığı yerlərdə ən həssas qruplara yardım etməli və bu sahədə təcrübənin ötürülməsini sürətləndirməliyik",-deyə  BMT -nin  Qaçqınların İşi üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Angelina Jolinin müraciətində bildirilir.

 

Koalisiya özəl sektorun təhsil və digər iri beynəlxalq şirkətləri (Microsoft və ya Google), qeyri-kommersiya və xeyriyyə fondları kimi beynəlxalq təşkilatları əhatə edir.

 

Oruc MUSTAFAYEV

 



29.03.2020 | 11:34