Dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Yerin süni peyklərinə həsr olunan interaktiv “açıq dərs” keçirilib.
Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin apardığı dərsdə şagirdlərə Yerin süni peykləri haqqında ətraflı məlumat verilib, peyklərin Yerin orbitinə çıxarılması və geosentrik orbitdə hərəkəti geniş şərh edilib. Bildirilib ki, pilotlu və sərbəst uçan kosmik aparat olan süni peyk Yerin ətrafında dolanaraq bir sıra elmi, texniki və digər funksiyaları yerinə yetirir.
Yerin ilk süni peykinin 1957-ci ildə keçmiş SSRİ-də səmaya buraxıldığını xatırladan alim peyklərin informasiyaların əldə edilməsi və ötürülməsindəki roluna da toxunub.
Qulu Həziyev astronomik, meteoroloji, bioloji, geodezi, pilotlu, kəşfiyyat peykləri və kosmik stansiyalarla bağlı geniş məlumat verib.
Dərsdə videogörüntü vasitəsi ilə Yerin süni peyklərinin buraxılması və orbitdəki hərəkətləri şagirdlərin diqqətinə çatdırılıb.
Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.