ADU-da “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində tədbir


Mayın 15-də Azərbaycan  Dillər Universitetində (ADU) “Azərbaycan ədəbiyyatı” kafedrası və “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Nizamiyyə Mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” adlı tədbir keçirilib.

 

Tədbirdə  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun “Azərbaycan ədəbiyyatı”kafedrasının müdiri, akademik Muxtar İmanov  Nizamiyyə Mədrəsəsi haqqında geniş məlumat verib. O, Nizamiyyə mədrəsələrinin, Böyük Səlcuqlar dövründə yarandığını və vəzir Nizammülkün adı ilə bağlı olduğunu qeyd edib.  Muxtar İmanov Bağdad Nizamiyyə mədrəsəsinin orta əsrlərin ilk universiteti sayıldığını diqqətə çatdırıb. O, mədrəslərin eyni zamanda siyasi məqsədlərə xidmət edən, ideoloji mübarizəyə qoşulan bir təhsil sistemi olduğunu da sözlərinə əlavə edib. Xətib Təbrizi haqqında danışan M.İmanov onun  Nizamiyyə mədrəsələri açıldıqdan sonra burada filologiyanı tədris etdiyini və mədrəsədəki məşhur kitabxananın rəhbəri olduğunu da vurğulayıb. Mədrəsələrin təhsil sistemindən danışan akademik burada təkcə dini mövuzların deyil, eyni zamanda ədəbiyyat, tarix kimi dərslərin də tədris olunduğunu qeyd edib.

 

AMEA Dilçilik İnstitutunun direktoru, ADU-nun “Azərbaycanşünaslıq” ETL-nin aparıcı elmi işçisi Möhsün Nağısoylu İslam mədəniyyətinin yaranmasında ərəblərlə yanaşı, farslar və türklərin də rolu olduğunu vurğulayıb: “Nizamiyə mədrəsələrini öyrənmək mədəniyyət və tariximizi öyrənmək deməkdir”. O, İslam dünyasında mədrsələrin məscidlərin tərkibində fəaliyyət göstərdiyini söyləyib. 

 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi Könül Bünyadzadə Nizamiyyə mədrəslələrinin yaranma ərəfəsi haqqında danışaraq İslam dinin özündə elm və  ən xırda məişət detallarını ehtiva etdiyini söyləyib. O, İslam dinində  həm də elmə çağırış olduğunu sözlərinə əlavə edib. K.Bünyadzadə bu mədrəsələrin kökündə maarifçiliyin dayandığını da vurğulayıb.

 

Tədbir müzakirələr şəklində davam edib.