Məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqlar üçün proses daha da asanlaşdı
Ölkədə əhalinin artım dinamikası birinci sinfə qəbulda da özünü göstərib. Belə ki, ötən il təhsil müəssisələrinə 50 minə yaxın şagird qəbulu aparılmışdısa, bu il məktəblərə 51 mindən artıq uşağın birinci sinfə qəbul olacağı proqnozlaşdırılır. Təhsil Nazirliyi vətəndaş məmnuniyyətinə nail olmaq və şəffaflığı təmin etmək məqsədi ilə Bakı şəhərində məktəbə qəbulu elektron sistem vasitəsilə aparır. Bu ildən ilk dəfə olaraq Gəncə və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda da eyni qayda tətbiq ediləcək.
Qeyd edək ki, sözügedən xidmət “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir.
Bakı şəhərində qəbula start verildi
Birinci sinfə qəbulda 4 ildir ki, tətbiq edilən və bu ildən əhatə dairəsi bir az da genişləndirilən elektron sistem Bakıda artıq aktivləşdirilib.
Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi fevralın 22-si saat 10:00-dan başlayıb və proses sentyabrın 15-dək davam edəcək.
Qeyd etdiyimiz kimi, bu tədris ilindən elektron xidmətə daha iki böyük şəhər və ölkənin ən böyük rayonu da qoşulur. Ancaq Gəncə və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun sakinləri övladlarını arzuladıqları məktəblərdə qeydiyyatdan keçirmək üçün bir az gözləməli olacaqlar. Çünki adıçəkilən ərazilərdə elektron qəbul martın 12-dən start götürəcək.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində təqribən 16-17 min uşaq birinci sinfə gedəcək.
Lisey və gimnaziyalara qəbul
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara da I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, qeydiyyat ümumtəhsil müəssisələrində olduğu kimi, fevralın 22-dən başlasa da, sentyabra deyil, may ayının 31-dək aparılacaq.
B.Məmmədov onu da qeyd edib ki, ötən ildən tətbiq edilən yeniliyə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin və yaxud qanuni nümayəndələrin uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Müsabiqənin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır.
Məktəbəhazırlıq qruplarına qəbul da elektronlaşdırılır
Ötən tədris ilində 5 yaşlıların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib. Bakı şəhər məktəblərində artan faiz göstəriciləri Bakıətrafı - Qaradağ, Sabunçu, Suraxanı kimi rayonların məktəbləri hesabına olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında ildən-ilə artan dinamikanı məktəbəhazırlıq qruplarının dövlət hesabına olması ilə əlaqələndirib: “Nəticədə ildən-ilə daha çox uşağı əhatə edən proqram 2020-ci il üçün qoyulan hədəfə çatacaq. Belə ki, həmin il məktəbəhazırlığa cəlb edilənlərin 5 yaşlı uşaqların 90 faizini əhatə edəcəyinə dair proqnozlar özünü doğruldur”.
Məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların məktəbəqəbul prosesi asanlaşır
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Odur ki, övladı məktəbəhazırlıq qrupunda təhsil alan valideynlər fevralın 22-də sistem açılan kimi ismarıc alır. Göndərilən ismarıcda məktəbəhazırlıq qrupunda övladına dərs deyən müəllimin birinci sinfi açılıbsa, bu barədə valideynlərə məlumat verilir. Lakin onu da qeyd etməliyik ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri birinci sinfə qəbul zamanı məktəb seçimində sərbəstdir. Belə ki, onlar uşağının birinci sinfə məktəbəhazırlıq keçdiyi məktəbdə deyil, arzuladığı başqa məktəbdə getməsinə də qərar verə bilər. Odur ki, məktəbəhazırlıq sinfində dərs deyən müəllimi deyil, başqa müəllimi, hətta başqa məktəbi seçənlər bu sorğunu silib elektron ərizəsini istədiyi kimi qeyd etməlidir. Əks halda, ərizəni birbaşa çap edib tələb olunan digər sənədlərlə birgə məktəbə təqdim edə bilər. Bu, elektron sistemin tətbiq olunduğu rayonlarda da eyni qaydada həyata keçiriləcək.
C.Valehov qeyd edib ki, bu il Abşeron, Gəncə və Sumqayıtdan birinci sinfə gedəcək 17 minə yaxın uşağın 8000-dən çoxu məktəbəhazırlıq mərhələsinə cəlb olunanlardır. Bu da ona dəlalət edir ki, onlar bir təhsil mərhələsindən digərinə daha rahat keçid edəcəklər.
Qeydiyyat
Bəs, məktəbə kimlər qəbul edilir və onların qeydiyyatı necə aparılır?
Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçən 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.
Məktəbəhazırlıq qruplarında təhsil alan yaşı az uşaqlar, yəni məktəb yaşı sentyabrın 16-dan dekabrın 31-nə qədərki müddətdə tamam olan uşaqlar müsabiqəsiz birinci sinfə qəbul ediləcəklər. Məktəbəhazırlıq qruplarına cəlb edilməyənlər üçün də qeydiyyat açıqdır və Bakı şəhərində fevralın 22-dən iyunun 20-dək davam edəcək.
Uşağı bu tələbə uyğun olan valideynlər sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində məktəbi, təlim dilini və müəllimi seçmək imkanına malikdir. Bu imkanları dəyərləndirmək üçün əvvəlcə “məktəbəqəbul.edu.az” saytında “şəxsi kabinet” yaradır, növbəti addımda övladını qeydiyyatdan keçirir, daha sonra arzuladığı məktəbi, bölməni və müəllimi seçir.
B.Məmmədovun sözlərinə görə, ötən ildən tətbiq edilən müəllim seçimi valideynlər tərəfindən xüsusilə razılıqla qarşılanıb. Çünki ötən ilə qədər valideynlər arzuladığı müəllim, onun sinfində yer olub-olmaması ilə bağlı suallarına cavab tapmaq üçün məktəbə yaxınlaşmalı olurdularsa, artıq buna ehtiyac qalmır. Çünki elektron sistemə daxil olan kimi bütün bu suallarının cavabını tapır: “Hətta valideynlərdən xahiş edirik ki, qeydiyyatdan keçənə qədər məktəblərə getməsinlər”.
Məktəbəhazırlıq qruplarına qəbul isə ötənilki kimi tədris ilinin sonu - iyun, iyul və avqust aylarında elektron qaydada həyata keçiriləcək. Valideyn “mektebeqebul.edu.az” saytına daxil olaraq, övladı üçün istədiyi məktəbəhazırlıq qrupunu, hətta müəllimi seçəcək. Builki yenilik ondan ibarətdir ki, məktəbəqəbul elektron qaydada aparılan rayonlarda məktəbəhazırlıq üçün də elektron qaydada müraciət etmək mümkün olacaq.
Qeydiyyatdan keçə bilmirsinizsə...
Təhsil Nazirliyi valideynlərin imkanlarını və yarana biləcək problemlərini nəzərə alıb. Məsələn, evində internet çıxışı olmayan valideynlər Bakı şəhəri üzrə 52 qeydiyyat mərkəzindən birinə yaxınlaşa bilərlər. Məsul şəxslər onlara nəinki şərait yaradacaq, hətta qeydiyyatdan keçməkdə kömək də göstərəcəklər.
Alternativ qeydiyyat mərkəzləri Gəncə, Sumqayıt və Abşeronda da təşkil edilib. Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə Alternativ qeydiyyat mərkəzləri yaradılıb. Həmin mərkəzlərin yerləşdiyi məktəbi və ünvanı da “mektebeqebul.edu.az” saytından əldə etmək mümkündür.
Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası təşkil olunub.
Onu da qeyd edək ki, vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab veriləcək.
Ərizənizi digər sənədlərlə birgə götürüb gəlin...
Övladını elektron qeydiyyatdan keçirən şəxs həmin ərizəsini çap etməklə digər sənədlərlə birlikdə məktəbə təqdim edəcək. Bunun üçün də fevralın 22-dən başlayaraq qeydiyyatdan keçən hər kəs məktəblərə yaxınlaşa bilər. Lakin bunun üçün həftənin 2 günü ayrılıb. Belə ki, iyul ayı istisna olmaqla, fevralın 22-dən sentyabrın 15-dək hər həftənin cümə və şənbə günləri məktəblərdə sənəd qəbulu həyata keçiriləcək. Bunun üçün məktəblərin girişində elanlar asılacaq. Həmin elanlarda sənədlərin qəbul saatları və qəbul edən şəxsin adı göstəriləcək.
Yerləşdirmədə üstünlük veriləcək...
Yerləşdirilmədə qəbul prosesində daha tez müraciət edənlərə üstünlük veriləcək. Tutaq ki, avqust ayında müraciət edənlərin istəyi əgər sinifdə yer varsa, müsbət dəyərləndiriləcək. Əks halda, onlara başqa yaxın məktəblərə getmək tövsiyə ediləcək. Yerləşdirmə zamanı ilk növbədə xidməti ərazidə yaşayanlara üstünlük veriləcək. Valideyninin çalışdığı, ya da bacı və ya qardaşının oxuduğu məktəbdə oxumaq istəyən uşaqlar üçün də bu, yerləşdirmə zamanı üstünlük olacaq. Ancaq bunun üçün də valideynin vaxtında qeydiyyatdan keçərək bu istəyini bildirməsi şərtdir. Tutaq ki, avqust ayında reallaşdırılan qeydiyyat zamanı sinif dolubsa, yerləşdirmə zamanı belə üstünlüklər də əhəmiyyətini itirir.
Elektron sistem rəğbət qazanır
Ötən 4 il ərzində Bakı şəhərində uğurla sınaqdan keçirilən ümumtəhsil məktəblərində birinci sinfə elektron qəbul müsbət rezonans doğurub. 4 illik təcrübə bu sistemin bir çox üstünlüyünü də ortaya çıxarıb. Həmin üstünlüklər də ona böyük rəğbət qazandırıb. Ölkə ərazisində sistemin tətbiqini arzulayan valideynlərin sayı durmadan artır. Elə bunun nəticəsidir ki, bu ildən elektron qəbulun əhatə dairəsi genişləndirilib.
Ruhiyyə DAŞSALAHLI