Bildiyimiz kimi, təhsil proqramı tədris proqramı ilə müqayisədə daha geniş anlayışdır. Eyni zamanda çoxşaxəlidir. Burada təkcə ümumi təhsil müəssisəsinin tədris proqramı deyil, həm də digər pedaqoji vasitələr də öz əksini tapır.

 

Şagirdin fərdi formada təzahür edə biləcək istəklərini, maraqlarını axtarıb tapmaq, onun problemlərini müəyyən etmək sistemli təhsil fəaliyyətinin ən vacib tərəfləridir. Şagirdlərdə aşkar olunan çatışmazlıqların aradan qaldırılmasına xidmət edən düzgün təhsil proqramını seçmək və onu səmərəli şəkildə həyata keçirmək bu günün məktəbinin qarşısında duran aktual problemlərdir. Çünki məhz bu proqram vasitəsilə ailənin məktəblə sıx əlaqəsinin təşəkkül tapması daha tez və köklü şəkildə reallaşa bilər.

 

Müasir təhsil şagirdyönümlüdür. Bu təhsildə hamı bir nəfər kimi şagirdin parlaq gələcəyinin təminatı üçün səfərbər olunub. Belə olan halda, istər pedaqoji münasibətlərdən, istərsə də müasir texnologiya və İKT imkanlarından maksimum şəkildə yararlanmaq lazımdır ki, qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun.

 

2019-2020-ci tədris ilində Kimya - biologiya təmayüllü Respublika liseyinin Şirvan siniflərində də məhz yuxarıda qeyd olunan prinsiplər əsasında iş təşkil olunmuşdur. Məlumdur ki, təhsil fəaliyyətləri üzrə şagirdin yüksək səviyyədə nəticələr göstərməsi və onun həyatının rahat, komfortlu formada təşkil olunması mütləq şəkildə ailənin məktəblə sıx birliyindən keçir. Bu, bizim üçün əsas prioritetlərdəndir.

 

Class Dojo proqramının Kimya - biologiya təmayüllü Respublika liseyinin Şirvan siniflərində tətbiq olunmasına başlanılması liseyimiz üçün yenilik olmaqla bərabər, məktəb-şagird-valideyn üçbucağının formalaşmasını da sürətləndirməkdədir. İlk baxışdan, Class Dojo istifadəçilərə stimul verən maraqlı və oyun xarakterli bir tətbiq kimi qavranılır. Lakin onun imkanları ilə tanış olduqdan sonra bunun tam əksini görürük. Proqram liseydə pedaqoji münasibətlərin və kargüzarlığın mobil şəkildə istiqamətlənməsini əhəmiyyətli şəkildə tənzimləyir.

 

Class Dojo proqramını liseyimizdə tətbiq etməklə biz vaxta qənaət edirik, şagirdləri daha obyektiv qiymətləndirərək pedaqoji prosesə və ünsiyyətə olan maraqlarını artırırıq və valideynlə birbaşa əlaqə yarada bilirik. Class Dojo şagirdlər üçün maraqlı olduğu üçün onlar dərsdə daha fəal iştirak edir, davranış qaydalarını pozmaqdan çəkinirlər. Class Dojo proqramı bizə imkan verir ki, öz siniflərimizi yaradaq və həmin proqrama şagirdlərimizi əlavə edək (virtual olaraq). Bu proqram vasitəsilə biz təlim prosesindəki fəaliyyətlərinə və davranışlarına  görə şagirdlərimizə müxtəlif xallar veririk. Proqram şagirdlərin davamiyyətini yoxlamaq üçün bizə daha geniş imkanlar təqdim edir. Şagirdin dərsə gecikməsi, dərsdə iştirak səviyyəsi, ümumiyyətlə, dərsdəki fəaliyyəti barədə proqram vasitəsilə monitorinq apara bilirik. Proqramda şəkil, video, mətn paylaşılması və bu paylaşmaları bəyənmək və ya rəy yazmaq imkanları istifadəçilərdə daha çox maraq yaradır. Biz valideynləri də bu proqram vasitəsilə “onlayn sinfə” dəvət etmişik.Valideynlər sinifdəki proseslər barədə, övladlarının fəaliyyətləri haqqında daima məlumatlı olurlar. Şagirdlərin formativ qiymətləndirilməsi sözügedən proqram vasitəsilə valideynləri mobil şəkildə  məlumatlandırmaqla məqsədəuyğun formada aparılır.

 

Class Dojo həm ödənişsiz, həm də rahat həyata keçirilə bilən bir proqramdır. Hədəfimiz bu proqramın bizə verdiyi imkanlardan yararlanaraq daha yüksək nailiyyətlər əldə etməkdir.

 

Hüseyn MİRZƏYEV,

Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan siniflərinin rəhbəri,

Elnur ŞIXALIYEV,

Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan siniflərinin İKT üzrə mütəxəssisi