Natiq Yəhyayev: “Bu infrastrukturun daim texniki dəstəyə və yenilənməyə ehtiyacı var”


Müasir təhsil sisteminin inkişafını informasiya-kommunikasiya və təlim texnologiyaları olmadan təsəvvür etmək çətindir. Məhz ən yeni təlim texnologiyalarına əsaslanan tədris prosesi təhsilalanların rəqəmsal səriştə və bacarıqlarının hərtərəfli inkişafının mühüm şərtidir. Son illər ölkəmizdə müxtəlif təhsil səviyyələri üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin (“AzEduNet”) də fəaliyyət sahəsi genişlənib.  İcrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış “AzEduNet” layihəsi hazırda ölkə üzrə 3900-dən artıq təhsil müəssisəsini əhatə edir. Qəzetimizə müsahibəsində “AzEduNet”in  direktoru Natiq Yəhyayev şirkətin fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumat verdi.

 

“Fəaliyyətimiz Azərbaycanın təhsil sektoruna yönəlib”

 

- “AzEduNet” sözü ingilis dilində “Azerbaijan Educational Network” - yəni, Azərbaycan Təhsil Şəbəkəsi söz birləşməsinin qısaldılmış formasıdır. Adından da göründüyü kimi, bizim fəaliyyətimiz Azərbaycanın təhsil sektoruna yönəlib. Bildiyiniz kimi, təhsil sahəsindəki İKT xidmətləri kifayət qədər spesifik istiqamətdir. Bu sahədə işləmək üçün texniki cəhətdən inkişaf kifayət etmir. Təhsil sahəsinin ehtiyaclarını və təhsil sahəsindəki müasir tendensiyaları da bilmək vacibdir. Bu baxımdan qeyd edə bilərik ki, Təhsil Nazirliyinin həyata keçirdiyi və operatoru olduğumuz “Azərbaycan Təhsil Şəbəkəsi” (ATŞ) layihəsi təhsil sahəsində tətbiq edilən rəqəmsal texnologiyaların əsas dayaq infrastrukturudur.

 

“Təhsil şəbəkəsi çox böyük bir infrastrukturdur”

 

- ATŞ dedikdə, təhsil müəssisələrinin internetə qoşulması başa düşülməlidir? Hazırda ATŞ-nin əsas xidmət sahələri hansılardır?

- Xeyr, bu, belə deyil. Məsələ burasındadır ki, təhsil şəbəkəsi, texniki dillə desək, korporativ fərdi şəbəkədir, bu şəbəkə daxilində bir neçə xidmət növü təklif olunur. Bunlardan biri də təhsil müəssisələrinin internetə qoşulmasıdır. Lakin internet təminatı göstərilən xidmətlərin yalnız 5%-ni təşkil edir. Bunu sadə nümunələrlə izah etməyə çalışacağam. Təsəvvür edək ki, biz təhsil müəssisəsini yalnız internetə qoşmuşuq və ümumi təhsil şəbəkəsindən ayırmışıq. Bu zaman aşağıda qeyd olunan hallar baş verəcək:

 

- Vahid şəbəkədə olan təhsil müəssisələri arasında məlumat mübadiləsi, video bağlantıların yaradılması imkanı olmayacaq;

- İnternet məzmunun süzgəclənməsi işləməyəcək. Bununla da, məktəblərdə internetin təhlükəsizliyinə nəzarət etmək mümkün olmayacaq;

- Şagird/tələbə və müəllimlərin kompüterləri arasında informasiya mübadiləsi mümkün olmayacaq;

- Bütün açıq təhsil resurslarına çıxış sürəti aşağı düşəcək;

- Həftənin 7 günü, 24 saat təhsil müəssisələrinə göstərilən texniki dəstək dayanacaq. Bu siyahını uzatmaq da olar.

 

Lakin internet təminatı dayansa da, Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi imkanlar vasitəsi ilə Təhsil Nazirliyinin əhəmiyyətli resursları və digər xidmətlər şəbəkə daxilində yenə də öz fəaliyyətini davam etdirəcək. Belə ki, İP telefoniya, “146 Qaynar xətti”, videokonfrans, maliyyə sistemi, qeydiyyat xidmətləri - məsələn, birinci sinfə sənəd qəbulu prosesi, həmçinin elektron tədris resurslarına giriş mümkün olacaq. 

 

Təhsil şəbəkəsi çox böyük bir infrastrukturdur. Bu infrastrukturun daim texniki dəstəyə və yenilənməyə ehtiyacı var. Çoxsaylı xidmətləri dəstəkləmək üçün isə peşəkar mütəxəssislərin xidmətləri tələb olunur. Çünki təhsil şəbəkəsi təhsil ehtiyacları əsasında qurulmuş peşəkar bir sistemdir.

 

 3900-dən çox təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

 

- Təhsil müəssisələrinin Təhsil Şəbəkəsinə qoşulması necə həyata keçirilir? 

- Bu, təhsil müəssisələrinin ehtiyaclarına görə müəyyənləşdirilir. Məsələn, çoxlu kompüter otaqları olan böyük məktəblər üçün optik lifli kabel vasitəsi ilə qoşulma tələb olunsa da, elə də böyük olmayan məktəbləri şəbəkəyə ADSL texnologiyası ilə qoşuruq. Ucqar ərazilərdə yerləşən və şəbəkə təminatı olmayan təhsil müəssisələrində isə LTE texnologiyalarına əsaslanan şəbəkə qurulur. Yəni, təhsil müəssisələri şagirdlərin sayı və digər parametrlərə görə qruplara bölünüb. Qoşulma üsulları isə bu qruplara əsasən müəyyən edilir. Adətən minimal ötürmə sürəti 10 MB/saniyə, orta sürət isə 100 MB/saniyədir. Bundan başqa, 1 GB/saniyə və 10 GB/saniyə sürəti olan kanallar da mövcuddur. Bu sürətlər Təhsil Nazirliyinin Data mərkəzi və nazirliyin özünün lokal şəbəkəsindədir.

 

- Siz LTE texnologiyalarından bəhs etdiniz. Bu formatda informasiya ötürmək üçün avadanlıqlarınız varmı?

- Bizim LTE baza stansiyalarımız yoxdur, amma “Bakcell” şirkətinin timsalında çox yaxşı bir tərəfdaşımız var. “Bakcell” şirkəti bizimlə çalışmaq və “interconnection” texnologiyasını texniki cəhətdən reallaşdırmaq imkanına malikdir. Bunun sayəsində Təhsil Şəbəkəsi və “Bakcell”-in şəbəkəsi birləşdirilərək unikal bir qoşulma yaradılıb. Bu tərəfdaşlıq sayəsində “Bakcell”-in şəbəkəsini və onun baza stansiyalarını birbaşa Təhsil Şəbəkəsinə qoşmağa imkan yaranır. Daha doğrusu, “Bakcell” bizə imkan yaradıb ki, onun baza stansiyalarını öz resurslarımız kimi istifadə edək. Biz bu stansiyalar sayəsində öz trafikimizi idarə edirik, İP ünvanlar verir, interneti filtrasiya edirik və s.

 

Özümüzün xarici 24dbi parabolik antenlər vasitəsi ilə gücləndirdiyimiz LTE modemlərindən istifadə edirik. Bu da öz növbəsində etibarlı kanal yaradır. “Bakcell”-in LTE əhatə dairəsində olan ərazilərdə informasiya ötürülməsi sürəti 40-50 MB/saniyə olur.

 

Əlavə olaraq qeyd etmək istərdim ki, 2019-cu ilin ortalarında Təhsil Nazirliyi, “AzEduNet” və “Bakcell” arasında üçtərəfli saziş imzalanıb. Bu sazişə əsasən, “Bakcell” tərəfindən təhsil müəssisələrinə 700 ədəd pulsuz data kart təqdim olunmuşdur. “AzEduNet” də öz növbəsində 700 təhsil müəssisəsini ödənişsiz olaraq, Azərbaycan Təhsil Şəbəkəsinə qoşub. Qeyd olunan layihə nəticəsində məktəblərin təhsil şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan dövlət vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət edilib. Həmin məktəblər təhsil şəbəkəsinə qoşulmaqla yanaşı, süzgəclənmiş internet trafiki ilə də təmin olunub. 

 

“Biz Azərbaycanda İSO 20000 standartını alan ilk qurumuq”

 

- Bu gün təhsil müəssisələrinin şəbəkəyə qoşulması hansı vəziyyətdədir?

- Hazırda Azərbaycanda ümumilikdə 3900-dən çox ümumi təhsil müəssisəsi ATŞ-yə qoşulub. Şəbəkə hazırda ölkənin 75% ümumi təhsil müəssisəsini, ölkədə təhsil alan ümumi şagirdlərin 94%-ni, məktəblərdə tədris aparan müəllimlərin isə 90%-ni əhatə edir.

 

- Fəaliyyətinizdə hansı standartlardan istifadə edirsiniz?

- Bizim əsas standartımız İSO 9001-dir. Bu standartı tətbiq etmək üçün Britaniya Standartlar İnstitutunu (BSI) cəlb etmişik. BSI işlərini tam keyfiyyəti ilə həyata keçirir və xırda nöqsanları belə bağışlamır. Bu standartları tətbiq etməkdə əsas məqsədimiz nəzərdə tutduğumuz İSO 20000 standartını almaq idi. Bunun üçün isə İSO 9001 standartı önəmli idi. BSI-nın sərt nəzarəti altında İSO 9001 standartını almaqla biz İSO 20000 sertifikatına gedən yolumuzu açmış olduq. 

 

İSO 20000 standartları üzrə də sertifikatlaşma BSI auditorları tərəfindən həyata keçirildi. Qürur hissi ilə deyə bilərik ki, biz Azərbaycanda İSO 20000 standartını alan ilk qurumuq.

 

“AzEduNet” olaraq biz ITIL (Information Technology Infrastructure Library) təcrübələrini də tətbiq edirik. Bir müddət əvvəl Almaniyanın “Deutsche Telecom” audit şirkətinin yoxlamalarından uğurla keçmişik. Bu, şəbəkəmizin hansı inkişaf səviyyəsində və hansı istiqamətdə inkişaf etməli olduğunu anlamaq üçün gərəklidir. Olduqca tələbkar və keyfiyyət məsələlərində kompromisə getməyən təşkilatdan müsbət rəy almaq çox sevindirici idi.

 

Oruc MUSTAFAYEV