Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri (qızlar və oğlanlar) arasında atletika dördnövçülüyü üzrə turnir keçirilib.
BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın proqramına 60 metr məsafəyə qaçış, uzunluğa tullanma, top atma, 500 metr (qızlar) və 800 metr (oğlanlar) məsafəyə kross qaçışı daxildir.
Yarışda paytaxt məktəblərinin VII–VIII sinif (2004–2005-ci il təvəllüdlü) qızlar və oğlanlardan ibarət komandaları iştirak edib.
Turnirin nəticələrinə əsasən, qızlar arasında 245 nömrəli tam orta məktəbin komandası I, 106 nömrəli tam orta məktəbin komandası II, 244 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Oğlanlar arasında isə 17 nömrəli tam orta məktəbin komandası I, 244 nömrəli tam orta məktəbin komandası II, 167 nömrəli tam orta məktəbin komandası III yeri tutub.
Qalib komandalar medal və diplomla təltif olunub.