Mayın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri Stefan Zottini qəbul edib. 

 

Qonağı salamlayan akademik K.Abdulla avstriyalı tələbələri, alimləri ADU daha çox görmək istədiyini bildirib.  Rektor əlavə edib ki, avstriyalı alimlərlə birgə elmi konfranslar, “dəyirmi masa”lar təşkil etmək qarşılıqlı faydalı əməkdaşlığa ciddi töhfə verərdi.

 

ADU-da Avstriya Mərkəzinin fəaliyyət göstərdiyini bildirən K.Abdulla Avstriya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması üçün müəyyən addımlar atılmasının vacibliyini vurğulayıb. 

 

Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri S.Zotti Avstriya ilə Azərbaycan arasında akademik səviyyədə əlaqələrin daha yaxşı qurulmasında maraqlı olduqlarını söyləyib. 

 

ADU rektoru tərəfindən səslənən təklifləri müsbət qarşıladığını bildirən S.Zotti bu təkliflərin həyata keçməsi üçün əməli addımlar atılmasının vacib olduğunu deyib.