Aydın Süleymanlı: “Aeroflot open” festivalında qələbə qazanan ilk azərbaycanlıyam”


Moskvada keçirilmiş “Aeroflot open 2020” turnirinin qalibi  “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Aydın Süleymanlı  ilə müsahibə

 

Tanıtım:  Aydın Süleymanlı 2005-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Altı yaşından şahmatla  məşğul olur. 249 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Yeniyetmələr arasında ikiqat Avropa çempionudur. 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib. Eyni zamanda ötən il Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında dünya çempionu olub.

 

- Moskvada keçirilən “Aeroflot open” festivalının güclü şahmatçıların mübarizə apardıqları A turnirində istedadınızla bir daha sübut etdiniz ki, siz çox güclü şahmatçısınız. 14 yaşlı Aydın Süleymanlı bu uğuru ilə yenidən  şahmat ictimaiyyətinin diqqətini cəlb etdi. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edildi. Aydın,  karyeranızda növbəti qələbə münasibətilə sizi təbrik edirik. İstərdik ki, söhbətimizə elə Moskva turnirindən başlayaq. 

 

- Bu yarış yaxşı və çox önəmli idi.  Yarışda özümdən böyüklər daha çox idi. Onlarla əvvəllər də müxtəlif yarışlarda qarşılaşmışdım. Amma bu, indiyədək çıxış etdiyim ən güclü yarışlardan biri idi. Rəqiblərimin hamısı güclü idi. Turnir çox güclü olduğu üçün zəif iştirakçı yox idi. Hamısı demək olar ki, eyni səviyyədə idi. III turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə duel çətin  və olduqca maraqlı keçdi. Belə ki, Hindistan şahmatçısı  reytinqcə məndən üstün idi. Ona qarşı mən ağ fiqurlarla mübarizə apardım və sonda heç-heçəyə nail oldum. Bu, mənim üçün kifayət edirdi. V turda Ermənistan şahmatçısı Hayk Martirosyanla üz-üzə gəldim. Ağ  fiqurlarla oynadığım bu görüşdə də heç-heçə qeydə alındı. Səkkizinci turda İranın güclü şahmatçısı Pərham Maqsudlu üzərində qələbə qazanaraq 6 xalla turnir cədvəlində liderliyə yüksəldim. Sonuncu  qarşılaşmam Rauf Məmmədovla oldu. Oyundan əvvəl ikimiz də çox həyəcanlı idik. Hansımız udsaydıq, yarışın qalibi olurduq. Heç-heçə təqdirində isə mən birinci olurdum. Raufun belə bir üstünlüyü var idi ki, o, ağ fiqurlarla çıxış edirdi. Başlayan kimi Məmmədov hücum etməyə, mən isə müdafiə olunmağa çalışdım. Yaxşı müdafiə olundum. O, vəziyyətin bərabər olduğunu görüb, heç-heçə təklif elədi. Mən də razılaşdım və turnirin qalibi oldum. “Aeroflot open” festivalının əsas yarışını qazanan ən gənc şahmatçı olmaqla yanaşı, bu turnirdə qələbə qazanan ilk azərbaycanlıyam.

 

- Aydın, şahmata maraq səndə hardan yarandı? 

- 5 yaşım olanda ilk dəfə bağçada şahmat oynamağa başladım. Evdəkilər bu idman növünə olan marağımı görüb mənə şahmat aldılar. Sonradan valideynlərim də şahmatla məşğul olmağıma şərait yaradaraq məni “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Respublika Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə qoydular. Şahmatın sirlərini həmin məktəbin şahmat müəllimi Xaliq Atababayevdən, daha sonra beynəlxalq qrossmeyster Fərid Abbasovdan öyrənməyə başladım. İlk vaxtlarda  oyunlarda  mən  şahmat yoldaşlarıma məğlub olardım. Ancaq buna baxmayaraq, şahmata həvəsim azalmırdı. Əksinə, daha da mübarizə aparıb özümdən güclülərə qalib gəlməyə çalışırdım Bəli,  güclü idmançı olmaq üçün öz üzərində həmişə həvəslə işləməlisən. Ən böyük arzum dünya üzrə tanınmış güclü şahmatçı olmaq, şahmat tacını ölkəmizə gətirməkdir.

 

- Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi şahmatçıların vətənində 14 yaşlı çempionun olmağı qürurvericidir.  Aydın Süleymanlı şahmatda özünə kumir də seçib...

- Mənim şahmatda kumirim norveçli Maqnus Karlsen və Şəhriyar Məmmədyarovdur. Onların  oyunlarına çox baxıram və bəyənirəm. Karlsenlə hələ üz-üzə gəlməmişəm. Məmmədyarova isə turnirlərin birində uduzmuşam. Oyun stilim də məhz onlara daha çox yaxındır. Yəni, qarışıq vəziyyətlər almaq və elə vəziyyətdən müvəffəqiyyətlə sıyrılmaq.

 

- Son zamanlar karyeranızda möhtəşəm yüksəliş dövrünü yaşayırsınız. Ötən il 14 yaşlılar arasında dünya çempionu oldunuz, daha sonra isə Azərbaycan yığma komandasının heyətində 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi. Maraqlıdır, Aydını və Azərbaycan şahmatını yaxın zamanlarda daha hansı qələbələr gözləyir. Qarşıdakı  hədəflər nədən ibarətdir?

- Özümə inanırdım ki, çempion olacağam. Ümumiyyətlə, mən heç vaxt bir qələbə əldə etdikdən sonra onunla kifayətlənmirəm. Düşünürəm ki, bundan sonra yeni qələbələrimlə xalqımızı sevindirim. İdman maraqlıdır. Onun şahmat növü isə daha da maraqlıdır. Qarşıdakı hədəflərdən biri elit qrossmeyster olmaq, Azərbaycanın yığma komandasında iştirak etmək, şahmat tacını Vətənimizə gətirməkdir.

 

- Aydın, şahmata yeni başlayan dostlarına nə demək istərdin?

- Yaxşı şahmatçı olmaq üçün siz müxtəlif bacarıqları inkişaf etdirməlisiniz və buna yalnız təcrübə və məşq yolu ilə nail olmaq olar. Yaddaş müasir şahmatın böyük bir aspektidir. Yaradıcılıq və məntiq vacibdir. Rəqibə qalib gəlmək üçün çətin yaradıcı ideyalar barədə düşünmək lazımdır, lakin şahmat həmçinin praqmatik və praktik olmağı tələb edir. Uzun və çətin üsulları axtararaq yerinə yetirməklə asan üsulları unutmamaq vacibdir. Məntiqlə fikirləşin və siz uğurlu gedişlər etməyin yolunu tapa bilərsiniz. Heç kimin təzyiqi altına duşməsinlər, özlərinə inansınlar və məqsədlərinə çatsınlar.

 

- Aydın Süleymanlı sonda  şahmatın ölkəmizdə yüksək səviyyədə inkişafından danışaraq bu işdə əməyi olanlara təşəkkürünü bildirdi.

- Şahmatın yüksək inkişafına və bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  öz minnətdarlığımı bildirirəm. İdmanın şahmat növünü  sevən bir yeniyetmə  kimi onu deyə bilərəm ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı  və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu, olduqca vacibdir. Bu idman növü ilə məşğul olmağa başladınsa,  ciddi olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl edir və şahmat dərslərinə  ciddi yanaşıram. Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram.   Hər bir işdə ağıl və səbr ilə hərəkət etmək lazımdır. Söz verirəm ki, bundan sonra da böyük arenalarda ölkəmizi layiqli təmsil edəcəyəm.

 

“Dünyada bu qələbə sensasiya olaraq qarşılandı”

 

Aydının atası Elşən Süleymanlı: - Aydın hələ 4 yaşı olanda onda fitri istedadı hiss etmişdik.  Hər şeyi çox tez qavrayırdı, çox güclü məntiqi vardı. 5 yaşı olanda beynində ikirəqəmli ədədləri vurmağı öyrənmişdi. Adını daşıdığı ata babası fizika-riyaziyyat elmləri doktoru olub. Ana babası isə hazırda Azərbaycan Texniki Universitetində tətbiqi-riyaziyyat kafedrasında dosent işləyir. Hər halda, Aydında olan istedad  gendən  keçmədir. Bağçada olarkən  şahmat dərslərində fəal iştirak edir və orada keçirilən yarışda qalibiyyət qazanırdı. Evə gələn kimi bizdən ona şahmat taxtası almağımızı xahiş edirdi. Və həmin gündən yatanda da şahmatı balışının altına qoyub yatırdı. Öz-özünə oynamağa başlayırdı. Biz onda bu həvəsi görüb dərnəyə yazdırdıq.  Sonra Aydının uğurları və şahmatda ilk qələbələri  başlayır. İlk öncə dərəcə yarışlarına qatılır.  6 yaşı olanda artıq o, birinci dərəcəli şahmatçı idi. 

 

“Aeroflot open 2020” turniri dünyanın ən mötəbər yarışlarından biridir. 18 ildir  keçirilir. Dünyanın ən güclü qrossmeysterləri, beynəlxalq ustaları bu yarışa qatılır. Aydın ilk azərbaycanlıdır ki, bu yarışın qalibi olub. Həm də ən kiçik yaşlı və aşağı reytinqli şahmatçı olaraq. Bütün dünyada bu qalibiyyət sensasiya olaraq qarşılandı. Biz onun orada növbəti qrossmeyster balı yığacağına əmin idik. Ancaq yarışı udmasına heç inana bilmirdik. Baxmayaraq ki, yarış öncəsi Aydın çox güclü məşq prosesindən keçmişdi və özünü formada hiss edirdi. Biz Aydına həmişə inanmışıq və güvənmişik.  O, çox dərin zəkası və geniş dünyagörüşü olan uşaqdır. Aydında həmişə özgüvən olub. Çox möhkəm xarakteri var.  Ona görə də istənilən yarışda  nə qədər güclü rəqib olursa-olsun onun üçün fərqi yoxdur. Məhz bu xarakterinə görə də o, bütün məqsədlərinə çatır. Onun həm də çox gözəl musiqi duyumu var.

 

“Aydın bütün ümidlərimizi doğruldacaq”

 

Aydının uğurları haqqında şahmat müəllimi Xaliq Atababayev və  beynəlxalq qrossmeyster Fərid Abbasovun da fikirlərini öyrəndik:

 

- Xaliq müəllim, Aydını   digər idmançılardan fərqləndirən nədir?

- Aydının  digər idmançılardan fərqi daha çox elmli və şahmata olan həvəsinin çox olmasıdır.  Onun oyun səviyyəsi və ağıllı şəkildə  düşünərək addım atmağı digər idmançılara nisbətən daha çoxdur. O, digərlərindən daha istedadlı olması ilə də fərqlənir. Əgər idmançı kifayət qədər uğur əldə etdikdən sonra arxayınlaşmağa məruz qalırsa, onun gələcəyi haqqında rəy vermək çətin olur. İdmançının gələcək uğurları onun öz üzərində daha çox çalışması və məqsədinə çatmaq üçün mübarizə aparmasından asılıdır. İdmançı əgər məşqlərə gün ərzində 3 saat vaxt ayırırsa, kifayət qədər uğur qazandıqdan sonra 6 saat vaxt ayırmalıdır. Bu şəkildə davam etməsə, gələcəkdə onun üçün qabağa getmək çox çətin olacaq. Mən inanıram ki, Aydın bütün ümidlərimizi  və arzularımızı doğruldacaq.

 

- Fərid müəllim, Aydın  haqqında  hansı fikirdəsiniz?

- Ümid edirəm ki, Aydının qazandığı uğurlar stimul verəcək ki, gələcəkdə də o, daha böyük yaş qruplarında çempion olub, ölkəmizə medallar gətirib bizi sevindirəcək və dünyada  kişilər  arasında tanınmış şahmatçı olacaq. Hər bir müəllim kimi mən də yetirməmin uğurlarını öz uğurum kimi qiymətləndirirəm.

 

Aydın həm də dərs əlaçısıdır. Bakıdakı 249 nömrəli tam orta məktəbdə bütün müəllimləri onun nümunəvi və yaxşı oxuyan şagird olmasından danışırlar. Tarix, coğrafiya, riyaziyyat və  ingilis dili fənlərini çox sevir.

 

Rəşad ZİYADOV