“Müalicə alan uşaqların distant təhsili” layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimi Bakı şəhəri 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında baş tutub.
Layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olmaq məqsədi daşıyır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “Distant bilik” Mərkəzi tərəfindən həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnmək və sosial həyata adaptasiya üçün şərait yaradılır. Ötən il əvvəlcə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində başlanılan layihəyə Talassemiya Mərkəzi də qoşulub, bu ildən isə 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında da layihənin icrasına başlanılır.
Açılış mərasimində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Fərid Hüseynov layihə çərçivəsində müalicə alan uşaqların nazirlik tərəfindən müvafiq İKT avadanlıqları, internetə çıxış və dərs vəsaitləri ilə təmin olunması barədə məlumat verib. Qeyd edilib ki, yeni qoşulan tibb müəssisəsinə də 20 noutbuk verilib, müəssisədə şəbəkə infrastrukturu yaradılıb və ilk distant dərslərin tədrisinə başlanılıb.
Bildirilib ki, uşaqların xəstəliyi nəzərə alınaraq, layihə çərçivəsində keçirilən fənlər fərdi yanaşma prinsipinə əsasən interaktiv formada tədris olunur. Ümumi tədris fənləri üzrə dərslər həm distant, həm də canlı formada keçirilir. Layihə uşaqların müalicə dövründə təhsil imkanlarından faydalanmalarına, yeni texnologiyalar ilə işləmək bacarıqlarının formalaşmasına, onların cəmiyyətə inteqrasiyasına və müalicə dövrünün daha rahat keçməsinə töhfə verir.