6 mart tarixdə ilk uşaq bağçasının yarandığı gündür.
İlk uşaq bağçası körpələr üçün məktəb adlanaraq 1802-ci il Şotlandiyada, Nyu-Lanapkedə yaranıb. Daha sonra 6 mart 1837-ci ildə Almaniyada Fridrix Frebel tərəfindən məktəbəqədər müəssisə təsis olunub və ona "kindergarten" adı verilib. Elə bu tarix ilk uşaq bağçasının yarandığı gün kimi təqvimə düşüb.
1856-cı ildə alman təlim-tərbiyə metodu ilə Amerika Birləşmiş Ştatlarının Vatertoun şəhərində uşaq bağçası açılıb. ABŞ-da ilk ingilisdilli uşaq bağçası isə 1960-cı ildə Boston şəhərində fəaliyyətə başlayıb.
İlk uşaq bağçası Rusiyada 1860-cı illərdə açılıb.
Azərbaycanda 1907-ci ildə ilk dəfə olaraq Bayıl qəsəbəsində “Dəcəllər məktəbi” adlanan uşaq bağçası təşkil olunub. 1916-cı ildə Bakıda Qadın gimnaziyası yanında uşaq bağçası təsis edilib. 1920-ci ilin ortalarına kimi Bakıda və onun sənaye rayonlarında 35, Gəncə qəzasında 8, Nuxa qəzasında 6, Şuşada 5, Qubada 1, Qazaxda və Göyçayda 3, Lənkəranda 2 və Şamaxıda 1 uşaq bağçası açılıb.
Sonrakı illərdə də çoxsaylı bağçalar yaranıb və onların fəaliyyəti ölkənin müvafiq qanunları ilə tənzimlənib.
Qədəm qoyduğumuz 2020-ci ildə ilk uşaq bağçalarının yaranmasından 183 il keçir. Bu gün iri şəhərlər daxil olmaqla, Azərbaycanın bir çox rayonlarında körpələr evi-uşaq bağçaları müasir təlim metodlarına uyğun olaraq yüksək səviyyədə fəaliyyət göstərir. Son illərdə demək olar ki, bütün uşaq müəssisələri müasir standartlara cavab verən üslubda yenidən təmir olunub, bir çoxları üçün yeni binalar tikilib, müasir avadanlıq və mebellərlə təmin edilib.
Müasir təhsilin bünövrəsi və ilkin pilləsi sayılan uşaq bağçaları məktəbəqədər yaşda olan uşaqların tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olan, eyni zamanda, azyaşlıların əyləncə və istirahət müəssisəsidir. Uşaqların düzgün istiqamətdə inkişafının, gündəlik rejimlərinin formalaşma təməli də burada qoyulur.
6 mart uşaq bağçası günü münasibətilə bütün məktəbəqədər təhsil müəssisələrinin kollektivlərini təbrik edirik.
Tahirə Bədirxanova