Vaşinqtonda Nobel sammiti keçiriləcək


Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), ABŞ Milli Okean və Atmosfer Administrasiyasının statistik məlumatlarının təhlilinə əsasən, son on il planetimizin tarixində ən isti dövr olub.

 

Bu gün iqlim dəyişikliyinin real təhlükəsi artıq hamı tərəfindən  tanınıb və milyonlarla insan onun təsirini hiss edir. Dəniz səviyyəsinin yüksəlməsindən tutmuş,  quraqlıq, daşqın və meşə yanğınları kimi ekstremal hava hadisələrinə qədər kataklizmlər real təhlükədir.   Bundan əlavə, istixana qazlarının atmosferdə miqdarının artması və onun fəsadları  gələcəkdə istiləşmənin qlobal yüksəlişini qaçılmaz edir.


Bütün bunları nəzərə alan Nobel Fondu öz tarixində ilk dəfə olaraq Vaşinqtonda keçiriləcək "Bizim planetimiz, bizim gələcəyimiz" adlı Dünya sammitinə hazırlaşır. 

 

29 aprel - 1 may  tarixlərində  20 Nobel mükafatı laureatı, alimlər, biznes liderlər, siyasətçilər, gənc fəalların iştirak edəcəyi sammitdə bəşəriyyəti narahat edən məsələlər diqqətdə olacaq.  


Nobel Mükafatları Fondunun yaydığı məlumatda qeyd olunur: "Planetimizi bütün bəşəriyyət üçün daha davamlı, firavan etmək, gələcəyimizi daha  rahat yola qoymaq üçün bu on ildə nələrə nail olmaq olar? Elm adamları uzun müddətdir ki, iqlim dəyişikliyinin  pisləşməsi barədə həyəcan təbili çalır. İqlim dəyişikliyinin yaratdığı təhlükə uzun müddətdir davam edən geosiyasi dəyişikliklərlə üst-üstə düşür; iqtisadi bərabərsizlik, həyat və iş tərzimizi dəyişdirəcək yeni texnologiyaların davamlı axını həm müsbət, həm də mənfi nəticələrlə davam edir. Bu problemlər qorxuncdur. Ancaq planetimiz və onun sakinləri üçün fərqli bir yol planlaşdırmaq heç də gec deyil".

 

Nobel Fondu  qeyd edir ki, sammit dünyanın ən ağıllı insanlarına iqlim dəyişikliyinin azaldılması və uyğunlaşmaq, eyni zamanda bərabərsizliyi azaltmaq, insanları yoxsulluqdan çıxartmaq , potensial zərərin qarşısını almaq və azaltmaq üçün təklif edə biləcəkləri ən yaxşı texnologiyalardan istifadə yollarını müəyyənləşdirən həll variantları  üzərində işləməyə imkan verəcək.  


Sammit  Nobel Fondu,  ABŞ Milli Elmlər Akademiyası, Potsdam İqlim Təsiri Tədqiqatları İnstitutu və Stokholm Dayanıqlılıq Mərkəzi / Bejer İnstitutu ilə ortaq olaraq təşkil edilir.

 

Nobel Fondunun icraçı direktoru  Lars Heikensten, Potsdam İqlim Təsiri Tədqiqatları İnstitutunun və Stokholm Dayanıqlılıq Mərkəzinin direktoru Johan Rockstrom və ABŞ Milli Elmlər Akademiyasının prezident Marsiya Maknutt tərəfindən sammit iştirakçılarına ünvanlanan müraciətdə bildirilir: "Əgər indi başlasaq, bu on il insanlarımız üçün daha enerjili, davamlı və ədalətli bir gələcəyə aparan dönüş nöqtəsi ola bilər".
 

Oruc MUSTAFAYEV