Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunan şəxslərlə görüş olub.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov ali təhsil müəssisəsində həyata keçirilən islahatlardan, innovativ layihələrdən danışıb. Bildirib ki, əsas hədəf  ADPU-nu regionun ən güclü universitetlərindən birinə çevirməkdir.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov məlumat verib ki, müxtəlif ixtisaslar üzrə 15 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 5 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 6 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb və 2019-cu il dekabrın 29-dək sənəd qəbulu keçirilib. Onun sözlərinə görə , bu dövrdə komissiyaya 31 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 24, dissertanturaya 2, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 sənəd) qəbul edilib.

 

Bildirilib ki, imtahan və müsahibələrin nəticələri əsasında ADPU-ya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 7 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 4 nəfər qəbul olunub.

 

Görüşün sonunda doktorant və dissertantlara vəsiqələr təqdim olunub.