· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyində müşavirə

 

 Fevralın 28-də Təhsil Nazirliyində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə keçiriləcək yoxlama imtahanı ilə bağlı müşavirə oldu. İclasda nazir müavinləri, nazirliyin mərkəzi aparatının və struktur bölmələrinin rəhbərləri, yuxarıda adıçəkilən ərazilərin ümumtəhsil məktəblərinin direktorları və imtahan rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov məlumat verdi ki, ertəsi gün keçiriləcək yoxlama imtahanında 36089 şagird iştirak edəcək. Bu məqsədlə 89 imtahan mərkəzi müəyyənləşdirilmişdir. Bunlardan 73-ü Bakı, 11-i Sumqayıt şəhərlərində, 4-ü Abşeron, 1-i isə Qobustan rayonlarında yerləşir.

Sonra nazir yoxlama imtahanının təşkili ilə əlaqədar məsələlər haqqında ətraflı danışaraq təhsil işçilərinə təlimati göstəriş və məsləhətlərini verdi, imtahanın müvafiq təlimata uyğun aparılması, bütün tələblərə ciddi riayət olunmasının təmin edilməsi üçün bu işə çox böyük məsuliyyətlə yanaşmağın vacibliyini vurğuladı. Tətbiq olunacaq yeniliklərdən söz açan Misir Mərdanov yoxlama imtahanında hər mərkəzə iki imtahan rəhbərinin təyin edildiyini və imtahan mərkəzi kimi seçilmiş məktəbin direktorunun həmin prosesdə iştirak etməyəcəyini diqqətə çatdırdı. O, bu qərarın baş verə biləcək neqativ halların qarşısının alınması və əsassız söz-söhbətin yaranmaması məqsədilə verildiyini bildirdi.

Nazir ümumi təhsil sistemində qiymətləndirmə, ümumtəhsil məktəblərində və peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı son dövrlərdə təsdiq edilmiş sənədlər haqqında məlumat verərək təhsil işçilərinə bunlarla ətraflı tanış olmağı tövsiyə etdi.

İmtahanların mərkəzləşdirilmiş qaydada aparılmasının əhəmiyyətindən bəhs edən Misir Mərdanov bütün təhsil pillələrində, o cümlədən bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi, ali məktəblərə qəbul prosesində də bu üsuldan istifadə etməyin məqsədəuyğunluğunu qeyd etdi.

Sonda təhsil naziri yoxlama imtahanında yüksək nəticələrin alınacağına ümid etdiyini bildirdi və bu işdə hamıya uğurlar arzuladı.

 

Hicran ƏKBƏROVA

 

 

 

Nazir Bakı məktəblərinin direktorları ilə müşavirə keçirib

Təhsil naziri Misir Mərdanov martın 4-də Bakının ümumtəhsil məktəblərinin direktorları ilə müşavirə keçirib. Paytaxtdakı 1 nömrəli orta məktəbdə keçirilən toplantıda orta məktəb kursu üzrə martın 1-də aparılmış yoxlama imtahanlarının nəticələri ilə bağlı məsələ müzakirə edilib.

Qarşıdan gələn bayramlar - 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə müşavirə iştirakçılarını təbrik edən nazir yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Nazir bildirib ki, bölgələr üzrə mərhələlərlə təşkil olunmuş mərkəzləşdirilmiş qaydada yoxlama imtahanı ötən bazar günü Bakıda, Sumqayıtda, Abşeron və Qobustan rayonlarında aparılıb və həmin bölgələrdəki orta məktəblərin, habelə Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələrinin XI sinif şagirdlərini əhatə edib.

Bu bölgələr üzrə 40177 onbirinci sinif şagirdindən 35191-i imtahanlarda iştirak edib. Müvəffəqiyyət 51,04 faiz olub. Nazir bu göstəricini reallığa yaxın rəqəm adlandırıb.

Sonra təhsil naziri müşavirə iştirakçılarının diqqətini imtahanların bəzi nəticələrinə yönəldib. Qeyd edib ki, Bakı şəhəri üzrə 25549 XI sinif şagirdinin 24902-si, yəni 97,62 faizi yoxlama imtahanlarında iştirak edib. Paytaxt üzrə mənimsəmə faizi 51,34 olub. Bu göstərici Sumqayıt üzrə 54,7, Abşeron üzrə 41,77, Qobustan rayonunda isə 18,43 faizdir. Nazirliyin tabeliyindəki müəssisələrdə isə orta müvəffəqiyyət  göstəricisi 74,87 faiz olub.

Sonra nazir Bakının rayonları, hər rayondakı məktəblər, habelə Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalar üzrə müvəffəqiyyət faizini əks etdirən rəqəmləri diqqətə çatdırıb. Bütövlükdə imtahanların mütəşəkkil keçdiyini, təşkilati işlərin yüksək səviyyədə görüldüyünü vurğulayan nazir, eyni zamanda müəyyən problemlərin, nöqsanların da olduğunu qeyd edib. Bildirib ki, aparılan geniş izahat işlərinə baxmayaraq, bəzi imtahan mərkəzlərində şagirdlərin imtahanlara telefon gətirmələri faktı qeydə alınıb. Bir çox yerlərdə nəzarətçilər öz işlərinə məsuliyyətlə yanaşmayıb, etinasızlıq göstəriblər. Təhsil naziri bəzi məktəb direktorlarının imtahan verəcəkləri yer haqqında şagirdlərə səhv məlumatlar verməsini xüsusilə ciddi problem adlandırıb. Belə hallara dair konkret misallar gətirib.

Misir Mərdanov məktəb rəhbərlərinə qeyd edilən problemləri aradan qaldırmaq, məktəbin, müəllimin nüfuzunu yüksəltməyə xidmət edən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarına daha məsuliyyətlə yanaşaraq ona hərtərəfli hazırlaşmaq üçün müvafiq iş aparmalarını tapşırıb.

Toplantıda məktəblərdə baş verən bəzi neqativ halların qarşısının alınması üçün direktorlara müvafiq tapşırıqlar verilib.

 

Y.ƏLİYEV

 

 

 

Təhsil naziri Gürcüstanın Diasporla İş üzrə Dövlət nazirini qəbul edib

Martın 5-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının Diasporla İş üzrə Dövlət naziri Yulon Qaqoşidzeni qəbul edib.

Cənab Yulon Qaqoşidzeni və onu müşayiət edən qonaqları Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini söyləyən nazir Misir Mərdanov bu görüşün hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən söz açan təhsil naziri hər iki xalqın özünəməxsus tarixi ənənələrindən danışdı. Nazir ölkələrimiz arasında dostluq münasibətlərinin prezidentlər cənab İlham Əliyev və Mixail Saakaşvili tərəfindən uğurla inkişaf etdirildiyini dedi.

ölkələrimizin təhsil sahəsində əməkdaşlığının genişləndirilməsinin zəruriliyini qeyd edən nazir hər iki ölkənin təhsil nazirliklərinin əməkdaşlarından ibarət bir işçi qrupunun yaradılmasını arzu etdi. Təhsil naziri bildirdi ki, ölkələrimizin təhsillə bağlı mütəxəssislərinin qarşılıqlı səfərləri, vaxtaşırı görüşlərinin təşkili bu sahədə əlaqələri daha da möhkəmləndirər.

Görüşdə nazir Gürcüstandakı təlim Azərbaycan dilində aparılan məktəblərdə Azərbaycan tarixi və coğrafiyasının öyrədilməsi zəruriliyindən, həmin təhsil müəssisələrinə direktorların təyinatı zamanı azərbaycanlılara üstünlük verilməsinin məqsədəmüvafiq olmasından, bu ölkədə doğulub boya-başa çatmış soydaşlarımıza gürcü dilinin intensiv öyrədilməsindən və digər məsələlərdən söz açdı, öz mülahizələrini söylədi.

Gürcüstanın Diasporla İş üzrə Dövlət naziri Yulon Qaqoşidze belə səmimi qarşılandıqlarına görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi. Səfərinin məqsədini açıqlayan qonaq hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Cənab Yulon Qaqoşidze birgə əlaqələrin inkişafı üzrə səmərəli fəaliyyətin zəruriliyindən söz açdı. Qonaq dedi ki, Gürcüstanda yaşayan azərbaycanlıların təhsili ilə bağlı deyilən fikirlər, qaldırılan məsələlər barədə öz ölkəsinə qayıdan kimi müvafiq qurumlara ətraflı məlumat verəcək. Y.Qaqoşidze ölkələrimiz arasındakı səmimi və işgüzar münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı, müəyyən məqamlara aydınlıq gətirildi.

Sonda cənab Yulon Qaqoşidze təhsil naziri Misir Mərdanova xatirə hədiyyəsi təqdim etdi.

Tədbirdə Azərbaycan və Cürcüstan Respublikalarının fövqəladə və səlahiyyətli səfirləri Namiq Əliyev və Nikoloz Natbiladze iştirak edirdilər.

 

Samirə KƏRİMOVA,

foto Fazil İDRİSOĞLUNUNDUR