· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ali məktəb tələbələrinin  XIV Respublika olimpiadası riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə 2009-cu ilin  mart-may aylarında  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilsin.

2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat Komitəsi və fənlər üzrə Münsiflər Heyəti yaradılsın.

3. Ali məktəb rektorlarına tapşırılsın:

3.1. Müvafiq fənlər üzrə olimpiadaya hazırlıq qrupları yaradılsın.

3.2. Olimpiadanın I turu 2009-cu ilin  arrel ayının 5-dək  keçirilsin.

3.3. Olimpiadanın I turunda qalib çıxmış və  II tura vəsiqə almış tələbələrin siyahısı və onların hər biri üçün "Olimpiada iştirakçısının anketi" 10 aprel 2009-cu ilədək Təhsil Nazirliyinə təqdim edilsin.

4. Olimpiadanın II turu Bakı Slavyan Universitetinin bazasında cari ilin may ayında keçirilsin.

5. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Nuseynova)  tapşırılsın:

5.1. İqtisadiyyat şöbəsi (H.Zeynalov) ilə birgə olimpiadanın xərclər smetası hazırlanıb təsdiq üçün təqdim edilsin.

5.2. Olimpiadanın mütəşəkkil keçirilməsi üçün lazımi tədbirlər görulsün.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

2 mart 2009-cu il

 

 

 

 

 

 Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr edilmiş məktəblilərin şahmat üzrə Respublika çempionatının keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasında uşaq və gənclər arasında şahmatın daha da inkişaf etdirilməsi, onlar arasında dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi məqsədilə

ƏMR EDİRƏM:

 

1. IX-X əsrlərdə yaşamış görkəmli Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvaninin xatirəsinə həsr edilmiş məktəblilərin şahmat üzrə Respublika çempionatı 04-10 aprel 2009-cu il tarixlərində Bakı şəhərində keçirilsin.

2. çempionatın əsasnaməsi təsdiq edilsin.

3. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) çempionatın yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.

4. İqtisadiyyat şöbəsi (H.Zeynalov) çempionat qaliblərinin mükafatlandırılması üçün 1950 (bir min doqquz yüz əlli) manat vəsait ayrılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. ümumi şöbə (İ.Mirzəyev) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

2 mart 2009-cu il

 

 

 

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin direktorlarına

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"na əsasən, ötən il olduğu kimi, 2009-cu ildə də riyaziyyat, fizika, kimya, biologiya fənlərindən xüsusi istedadı ilə fərqlənən şagirdlərin müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur.

Bununla əlaqədar hər bir rayon və şəhərdə göstərilən fənlər üzrə istedadlı IX-XI sinif şagirdlərinin iştirakı ilə seçim turları keçirilməli, hər fəndən ən yaxşı nəticə göstərən 2-3 nəfərin adlı siyahısı (SAA, rayon (şəhər), məktəbin adı, fənn, sinif, təlim dili, müəllimin SAA) elektron variantı ilə birlikdə aprelin 20-dək nazirliyə göndərilməlidir.

Yekun seçim turu may ayında Bakı şəhərində təşkil olunacaqdır. Seçim turunda IX sinif şagirdləri ayrılıqda, X-XI sinif şagirdləri isə eyni qrupda komplektləşdiriləcəkdir. Bu və ya digər fənn üzrə istedadlı VIII sinif şagirdləri də seçim turunda IX sinif şagirdləri ilə birlikdə iştirak edə bilərlər. Tədbirin dəqiq keçirilmə vaxtı barədə sizə əlavə məlumat veriləcəkdir.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

2 mart 2009-cu il

 

 

 

 

  

2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 fevral tarixli 163 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

1. 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

4 mart 2009-cu il

 

 

 

 

 

 

Fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Fənn olimpiadalarının Respublika turunun mütəşəkkil keçirilməsi məqsədilə

ƏMR EDİRƏM:

 

1. Fənn olimpiadalarının Respublika turu 18-20 aprel 2009-cu il tarixdə Bakı şəhərində keçirilsin.

2. Olimpiadaların Respublika turunun iştirakçıları 18 aprel 2009-cu il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:

- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında - V.Xuduflu küçəsi 39, tel.: 566-65-41.

- riyaziyyat, fizika və informatika fənləri üzrə fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci kvartal, tel.: 510-76-28.

- kimya və biologiya fənləri üzrə kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53, tel.: 423-78-42.

3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 19 aprel 2009-cu il tarixdə keçirilsin.

4. Olimpiadaların bağlanışı 20 aprel 2009-cu il tarixdə saat 14.00-da hər fənn üzrə iştirakçıların yerləşdiyi müəssisələrdə təşkil edilsin.

5. İqtisadiyyat şöbəsi (H.Zeynalov, Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün müddətinə təsdiqə təqdim etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

3 mart 2009-cu il