· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Hamıya nur paylayan insanla yarım saatlıq söhbət

Biri gün bayramdır. Hamımızın, istisnasız olaraq, sevdiyimiz qadınların bayramı. Əslində hər gün onlar üçün bayram olmalıdır. Lakin bəşəriyyətin zərif cinsi saydığımız, ana, bacı, ömür-gün yoldaşı kimi sevdiyimiz, pərəstiş etdiyimiz qadınları, ayaqları altında olan cənnəti qazanmaq üçün özümüzü fəda etməyə hazır olduğumuz anaları hələlik bu mərtəbəyə qaldıra bilməmişik. Hələlik ilin bir gününü onların şərəfinə bayram edirik və bu bayram günündə də çalışırıq ki, ilboyu demədiyimiz, deyə bilmədiyimiz xoş sözləri onlara deyək. Bayram ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinə də bu niyyətlə getmişdim. Fikrim kollecin direktoru, insanlıq, analıq, qadınlıq, müəllimlik mücəssəməsi, müəssisə rəhbəri və ictimai xadim etalonu saydığım Nurlana xanımı təbrik etmək, ondan bayram nömrəmiz üçün müsahibə almaq idi. Yanında xəcalətli idim, ötən il yüksək dövlət mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdi, təbrik etməmişdim, Həcc ziyarətində olmuşdu, ziyarətinə gedə bilməmişdim. "Günahlar"ımı yumaq istəyirdim.

İnsanı ailədə, çalışdığı kollektivdə, dostlarına, yaxınlarına, ictimaiyyətə sevdirən, ilk növbədə, onun əxlaqıdır, daşıdığı keyfiyyətlərdir, ətrafına münasibətidir. Nurlana xanım bu baxımdan fenomenal insanlardandır. Xeyirxahlığına, insanpərvərliyinə, alicənablığına, vətəndaş təəssübkeşliyinə, haqq-ədalət tərəfdarı olduğuna, qayğıkeşliyinə, səmimiliyinə, nizam-intizamı çox sevdiyinə və hamıdan çox riayət etdiyinə, sözübütövlüyünə və s. kimi xarakter xüsusiyyətinə çevrilmiş keyfiyyətlərinə görə o, nəinki rəhbərlik etdiyi kollecin tələbə və müəllimlərinə, həmçinin uzun illər çalışdığı təhsil sistemində, bütövlükdə cəmiyyətimizdə örnək olan, böyük hörmət və nüfuz sahibi insan, ana, müəllim, məktəb rəhbəri, alim və ictimai xadimdir. Beləliklə, müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim, filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli Nurlana xanım Əliyevadır.

 

 

 

Təqdimat. Nurlana Müzəffər qızı Əliyeva 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alıb. BDU-nun filologiya fakültəsini bitirib. 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili  və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edir.

"Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.

12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, Yasamal Rayon YAP Qadınlar Şurasının sədridir.

2004-cü ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Ailəlidir, 2 övladı, 5 nəvəsi var.

 

 

 

Müəllim

 

- Nurlana xanım, Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. İlk sualımızı da elə istəyirik bu bayramla əlaqədar verək. 8 Mart Sizin üçün nədir? Sizcə, qadınlar cəmiyyətdəki indiki mövqelərinə görə 8 Mart bayramının sələflərinə nə dərəcədə borcludurlar?

- Təbrik üçün sağ olun. Mənə görə, 8 Mart Azərbaycan təqviminin ən şərəfli, ən fərəhli günlərindən biridir. çünki bu bayram Azərbaycan anasının bayramıdır. Tarixən ağılı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır. Təbii ki, mənim üçün də ən əziz gündür. Qaldı ki, sualınızın ikinci tərəfinə, şühbəsiz, dünyanın bir çox ölkələrində qadınlara kişilərlə bərabər hüquqların verilməsində, onların cəmiyyətdə öz yerlərini tuta bilmələrində 8 Mart bayramının əsasını qoyanların - qadın hərəkatı öndərlərinin rolu olub. ölkəmizdə isə qadınlar bugünkü mövqelərinə görə ən çox əbədiyaşar ulu öndərimiz Heydər Əliyevə borcludurlar. Azərbaycanın dövlətçilik tarixi Heydər Əliyev qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük, cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə və dövlətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri tanımır. çox fərəhli bir haldır ki, həmin siyasət bu gün də davam edir.

- Sizin fəaliyyət sahələriniz heyrətamiz dərəcədə çoxdur və müsahibə boyu toxunmağı nəzərdə tutduğumuz bu sahələrin hər birində kamillik zirvəsindəsiniz. Amma bizə görə, bu zirvələrin ən ucası müəllimliyinizdir. Nəyə görə bu peşəni seçmisiniz? Müəllim kimi ən böyük uğurunuz nə olub? Və sizcə, bu günün müəllimi necə olmalıdır?

- Müəllimlik peşəsinə məhəbbət məndə ailəmizdən yaranıb. Atam və anam hər ikisi müəllim olublar. İbtidai sinifdə təhsil alarkən ilk müəllimim bu məhəbbəti qəlbimdə alovlandırıb.

Müəllimlik elə bir sənət, fəaliyyət növüdür ki, burada hər hansı konkret bir uğurdan danışmaq bir qədər çətindir. Keçdiyin dərsi yüksək səviyyədə qura bilir, öyrənənlərin qəlbində, şüurunda hansısa bir iz salırsansa, bu, uğurdur. İllərin təcrübəsi səni öz yolu, öyrətmək üsulu, metodikası olan yaxşı müəllim kimi tanıdırsa, özünü bu sənətdə təsdiqləyə bilirsənsə, bu da uğurdur. Mənimsə müəllim kimi ən böyük uğurum dərs dediyim tələbələrdə müəllimlik peşəsinə böyük məhəbbət yaratmaq bacarığımdır.

İnsana verilən qiyməti, zəhmətinin dəyərləndirilməsini də uğurun göstəricisi hesab etmək olar.

Sinif otaqlarından, auditoriyalardan çoxdan pərvazlandırdığın yüzlərlə yetirmən bu gün də səni özünün müəllimi sayır, məsləhət və tövsiyələrini eşitmək üçün müraciət edirsə, çalışdığın kollektiv, əhatəsində olduğun insanlar, xidmətində durduğun dövlət sənə hörmət, etimad göstərirsə, ictimaiyyət arasında nüfuz sahibi sayılırsansa, məgər bunlar uğur deyilmi?

Müəllim, ilk növbədə, ədalətin, paklığın təmsilçisi olmalıdır. Müəllim deyəndə zahiri görkəmindən başlayıb daxili bütövlüyünə qədər ağılı, zəkası, biliyi, mənəviyyatı ilə ətrafa nur paylayan, işıq saçan insanları düşünürəm. Yaxşı müəllimləri olan cəmiyyət yaxşı da övladlar boya-başa çatdırar.

 

Müəssisə rəhbəri

 

- Uzun illərdir ki, insan və müəllim yetişdirən bir müəssisəyə qüsursuz rəhbərlik edirsiniz. Sizin rəhbərlik üslubunuz haqqında ən müxtəlif səviyyələrdə - tələbələrinizdən də, müəllimlərinizdən də, rəhbərliyi altında işlədiyiniz qurumlardan da, ictimaiyyət nümayəndələrindən də daim xoş sözlər eşidirik. Bilirik ki, siz öz işinizdə həddən artıq məsuliyyətli, hamını öz dilində danışdıra bilən, tələbkarlıqla qayğını çox gözəl uzlaşdıran, güclü təfəkkürə və analitik təhlil qabiliyyətinə malik, intizamı yüksək qiymətləndirən insansınız. Bunlar hamısı müəssisə rəhbəri üçün vacib keyfiyyətlərdir. Kollektivə rəhbərlik, liderlik üçün daha hansı keyfiyyətləri zəruri  hesab edirsiniz?

- Direktor, müəssisə rəhbəri kollektivin lideri olmalıdır. O öz bacarığı, biliyi, etik, estetik baxışları, təşkilatçılığı, əxlaqi-mənəvi keyfiyyətləri, praktik peşəkarlıq ustalığı, metodik məharəti, ağsaqqallıq-ağbirçəklik məziyyətləri ilə seçilməli, fərqlənməli, kollektivin hər bir üzvünə nümunə olmalıdır.

Dərin ağılı, çevik təfəkkürü, qarşıda duran məqsədləri aydın görmək bacarığını, kollektivi səfərbər etmək, istiqamətləndirə bilmək qabiliyyətini, tələbkarlığı, intizamlılığı liderlik üçün əsas keyfiyyətlər hesab edirəm. Bunların arasında intizamı xüsusi vurğulayardım. Fikrimcə, ailədən, məişətdən, tədrisdən, təsərrüfatdan, ümumiyyətlə bütün sahələrdən başlamış ali orqanlara qədər şəxsiyyətindən, mövqeyindən, nüfuzundan asılı olmayaraq hamı intizamlı deyilsə, öz işinə, vəzifəsinə məsuliyyətlə yanaşmırsa, orada xeyir-bərəkətin olmasına inanmıram. İntizam işə məsuliyyətlə yanaşmaq, can yandırmaqdır.

- ölkəmizdə orta ixtisas təhsili müəssisələri çoxdur. Bizcə, onların ən öndə gedəni sizin kollecdir. Əlbəttə, biz öndə getmək deyəndə mütəxəssis hazırlığı üçün yaradılmış şəraiti, hazırlığın və hazırlanan mütəxəssislərin keyfiyyətini, pedaqoji kollektivlərin səviyyəsini, innovasiya yönümlü fəaliyyəti, sağlam pedaqoji mühitin olmasını və s. nəzərdə tuturuq. Müasir istilahla desək, işəgötürənlərin də sizin müəssisəyə böyük rəğbətləri var: Azərbaycan Dövlət Pedaqoji Kollecinin diplomunu təqdim etmək kifayət edir ki, səni get-gələ salmadan işə götürsünlər. Bunlara necə nail olmusunuz?

- Belə bir deyim var: üzük qaşı, məktəb məzunları ilə tanınır. Bu gün mənim rəhbərlik etdiyim Azərbaycan Dövlət Pedaqoji Kollecinin sabiq adı M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu olub. Xalq arasında da bu təhsil ocağına Sabir məktəbi deyilib. Bu məktəbin nüfuzu tarixən yüksək olub. çünki burada Azərbaycanın ən görkəmli oğul və qızları gözəl ənənələr qoyub gediblər. Bu məktəbin məşhur olması, adının hörmətlə çəkilməsi Hüseyn Cavid, Azad Əmirov, Camo Cəbrayılbəyli, Əliheydər Haşımov, Mədinə Qiyasbəyli, Əlisöhbət Sumbatzadə, Məmmədhüseyn Təhmasib, üzeyir Hacıbəyov, Abdulla Şaiq, Salam Salamzadə, Səid Rüstəmov, Mirvarid Dilbazi, Aydın Qaradağlı, Əzizə Cəfərzadə, Cabir Novruz, Pənah Qasımov, Ə.Bədəlbəyli, Niyazi, Sabit Rəhman və bir çox başqalarının qoyub getdiyi tarixi ənənələrin nəticəsi kimi mümkün olub.

Xalqın tarixində şərəflə yaşayan həmin şəxsiyyətlərin mədəni inqilabın həyata keçirilməsində, milli oyanışın əsas mənbələrinin təlqin edilməsində, gəncliyin milli şüura yiyələnməsində müstəsna ümumpedaqoji məna daşıyan rolu olmuşdur. Bu məsələ son dərəcə zəruri idi, ona görə ki, bütün vəziyyətlərdə Vətənin təəssübünü çəkmək, ehtiyac olduqda onu əli silahlı müdafiə etmək, onun maddi və mənəvi sərvətlərini artırmaq insanlarda milli mənlik şüuru olmadan mümkün deyildir. Bu şüuru hər bir xalqın təhsil sistemi yaradıb ərsəyə gətirir. Ona görə də müəllimin, məktəbin əsas 2 məqsədi olmalıdır: gənclərdə müasir elmi dünyagörüşü formalaşdırmaq və elmi biliklərin əsaslarını mənimsətmək.

Bu gün təhsilimizin qarşısında cəmiyyətimizin taleyi, gənclərimizin gələcəyi, bütünlükdə inkişafımız, tərəqqimiz kimi qlobal problemlərlə bağlı ciddi vəzifələr durur.

Təhsilimizin bünövrəsini, təməlini qoyan ibtidai sinif müəllimləri yetişdirmək, həm də yüksək səviyyəli müəllimlər,əsl vətəndaşlar, kamil insanlar kimi yetişdirmək bu vəzifələrin başlanğıcıdır. çünki insanın bir vətəndaş, mütəxəssis kimi sonrakı inkişafının təməli ibtidai siniflərdə qoyulur. Ona görə də təkcə bir sinfin, məktəbin uğurlarında deyil, bütün cəmiyyətin tərəqqisində ibtidai sinif müəlliminin rolu danılmazdır.

Pedaqoji kollecə rəhbərlik etdiyim bu illər ərzində tələbələrlə görüşlərim zamanı tez-tez öz ibtidai sinif müəllimimin, o nurlu, ziyalı insanın haqqında xatirələrimi söyləmişəm. Xüsusilə həmin illərdə əzbərlədiyim sətirlər hafizəmdə canlananda onu ucadan dilimə gətirməyi özümə borc hesab etmişəm:

Mənim balaca dostum,

Unutma sən bir an da

Gecədən xeyli keçmiş,

Sən rahatca yatanda,

Hələ yanır çırağı

Sənin müəlliminin...

Bəlkə dünən yazdığın

Yazına baxır sənin?!

Diqqətcildir, təmizdir,

Səliqəsi gözəldir,

Buraxdığın səhvləri,

Tapıb biz-bir düzəldir.

Gah da açıb önündə

O, qalın kitabları,

Oxuyur asta-asta,

Oxuyur gecəyarı.

Sabah sənə deməyə

Təzə sözlər axtarır...

Bu gün isə bizim təhsil ocağının ab-havası tarixi mənbələr üzərində köklənsə də, yenilikləri həvəslə öyrənib tətbiq etməyi, təhsil islahatlarının önündə getməyi ən zəruri vəzifəmiz kimi həyata keçiririk. Məktəbimizin resurs mərkəzi yeni təlim texnologiyalarının beşiyidir. Ən müasir dərslər müəllimlərimizin bacarıqla yerinə yetirdiyi və bütün fənn birləşmələrinin tətbiq etdiyi qeyri-adi dərəcədə maraqlı dərslərə çevrilir. İnnovativ proqramlar, İKT-dən istifadə, əyanilik, yeni təlim texnologiyaları bu dərslərin əsas fəqərəsidir.

Kollecimizdə tərbiyə işləri də zamanın tələbləri səviyyəsində qoyulur. Sabahın anaları olan qızlarımız milli mental dəyərlərimizə ehtiramla yanaşır, mənəvi-əxlaqi keyfiyyətlər təlqin edən tədbirlərdə həvəslə, təşəbbüskarlıqla iştirak edirlər. Tarixi günlərin qeyd edilməsi, görkəmli şəxslərlə görüşlər, müzakirələr, müsabiqələr, ekskursiyalar, mədəni-kütləvi tədbirlərdə iştirak tələbələrimizin böyük fərəh və sevinclə, həm də hər tədbirdən dərs, nümunə alaraq yerinə yetirdikləri fəaliyyət növüdür. Müəllimlərimizin şəxsi nümunələri onlar üçün ən böyük ibrətdir.

Bu gün kollecimizdə 14 elmlər namizədi, 17 dissertant, 2 aspirant müəllim kimi fəaliyyət göstərir. Müəllimin alim kimi tədqiqatla məşğul olması onun hərtərəfli inkişafına təkan verir. Tələbələrdə də elmi işə həvəs və maraq oyadır.

- Gənclər arasında ali təhsil almağa meyil güclüdür. Bu reallıqda orta ixtisas məktəblərinin perspektivlərini necə görürsünüz? Nə və necə etmək lazımdır ki, orta ixtisas təhsili zamanla ayaqlaşa bilsin?

- Bu gün Azərbaycan məktəbi üçün müəllim kadrları ali və orta ixtisas pilləsində hazırlanır. Orta ixtisas təhsili dünyanın müxtəlif ölkələrində fəaliyyətdədir. Bizim ölkəmizdə bu pillə kifayət qədər kütləvi ixtisas təhsili olaraq vətəndaşların mədəni səviyyəsinin və təhsilinin yüksəlməsinə xidmət edir. Orta ixtisas təhsili həm gənclərin icbari təhsil almalarını, həm də onların müxtəlif peşələrə yiyələnmələrini həll edir. Bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və az vəsait hesabına başa gəlməsi ölkə iqtisadiyyatının və sosial sferanın tələbatına uyğun kadrların hazırlanmasına geniş imkan yaradır.

Bu gün orta ixtisas təhsili şəbəkəsinin qarşısında iki əsas məqsəd durur: Orta ixtisas təhsilinin keyfiyyətini artırıb onu dövrün tələbləri səviyyəsinə qaldırmaq və bizim dünyaya inteqrasiyamızın tələblərinə cavab verən kadrlar hazırlamaq.

Bəzən ali və orta ixtisas təhsilində hazırlanan müəllim kadrlarını müqayisə edib üstünlüyü ali məktəbə verənlər unudurlar ki, hər iki bazada kadrlar dövlət standartlarına uyğun təsdiq edilmiş tədris planları əsasında hazırlanırlar. Fərq isə yalnız ali məktəbi bitirənlərin sonrakı mərhələdə elmi araşdırmalarla, nəzəri məsələlərlə məşğul ola bilmələrindədir. Orta ixtisas təhsilini bitirənlər isə öz peşələrinin incəliklərinə yiyələnərək yalnız müəllim kimi fəaliyyət göstərə bilirlər.

 

Alim

 

- Siz tanınmış alim, filologiya elmləri doktoru, professorsunuz. Digər fəaliyyət sahələri ilə kifayət qədər yükləndiyinizə baxmayaraq, elmi tədqiqatlara da müntəzəm vaxt və enerji sərf edirsiniz. Elmi araşdırmaların nəticəsi olan çoxlu kitablarınız işıq üzü görüb. Sizi elmə çəkən nədir?

- Müəllimin elmlə məşğul olması onun mütaliəsinin, dünyagörüşünün, oxuyub öyrəndiklərinin, bilik və məlumatının zənginliyindən, bildiklərinə öz fikirlərini, mülahizələrini, düşündüklərini əlavə etmək, müstəqil rəy söyləmək, elmi cəhətdən əsaslandırmaq istəyindən, bacarığından irəli gəlir ki, bu da ən çox müəllimə xas xüsusiyyətdir. Bu elə bir istəkdir ki, onun qarşısını almaq olmur və tədqiqatla məşğul olanlar həm də fitri bir duyğunun təhriki ilə çalışırlar. Bu bir az haradasa nasir və ya şair sayağı fəaliyyətdir desəm, yəqin ki, yanılmaram. Müəllimin təfəkkürünün, təxəyyülünün zənginliyi alim olmaq üçün çox vacibdir.

- Bu  gün  bədii  əsərlər  tərbiyədə,  insanın,  mütəxəssisin  yetişməsində    kimi  rol oynayır?

- İnsanın inkişafına təkan verən ən başlıca amil mütaliədir. Pedaqoji kadrların hazırlanmasında mütaliənin rolu olduqca böyükdür. Sabah xalqın övladlarına mərifət dərsi deyən, elm öyrədən, sözlə tərbiyələndirən müəllimin nitqinin, məntiqinin, təfəkkürünün bünövrəsində məhz mütaliə dayanır. Bu elə bir mənbə, elə bir başlanğıcdır ki, insanın bir çox nəcib hissləri, duyğuları da məhz buradan qidalanır.

 

İctimai xadim

 

- Sizin ictimai işlərinizi sadalasaq, əminəm ki, böyük bir siyahı alınacaq. Sizi tanıyanları da ən çox heyrətləndirən məhz fəaliyyətinizin bu sahəsidir. İnsanda nə qədər həvəs, enerji, vaxt olmalıdır ki, bu işlərlə məşğul ola bilsin?! Həm də nəinki məşğul ola bilsin, ictimai cəhətdən ən fəal insan kimi tanınsın. Dövlət başçısı tərəfindən bu yaxınlarda təltif olunduğunuz ən böyük  mükafat - "Şöhrət" ordeninə də siz, ilk növbədə, ölkədə qadın hərəkatındakı fəal iştirakınıza görə layiq görülmüsünüz. Böyük mükafat münasibətilə Sizi təbrik edir və bilmək istəyirik: Nurlana xanımda ictimai işlərə bu qədər həvəs hardandır?

- Vətənə, torpağa, rəhbərə, cəmiyyətə məhəbbətdən və sonsuz inamdan.

- Xalqımız böyük tarixi hadisə ərəfəsindədir. Təxminən, 10 gündən sonra Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bildiyimizə görə, siz ölkə üzrə YAP tərəfindən vəkil edilmiş şəxs kimi fəaliyyət göstərirsiniz. Bu hadisəni necə qiymətləndirirsiniz? Vəkil kimi missiyanız nədən ibarətdir?

- Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi zəruriliyini cəmiyyətimizin, dövlətimizin son illərdəki sürətli inkişafı meydana çıxarıb. ölkəmizin demokratik yolla inkişafı, cəmiyyətimizdə yaranan yeni münasibətlər öz hüquqi ifadəsini əsas qanunumuzda da tapmalıdır. Bu baxımdan keçiriləcək referendumu yüksək qiymətləndirir və bir ictimai xadim kimi həmin prosesdə iştirakımı özümə borc bilirəm.

İctimai vəkil kimi tez-tez yerlərdə olur, təbliğat, maarifləndirmə işləri aparıram. Əhalinin müxtəlif qruplarını təmsil edən insanlara referendumun, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin əsl mahiyyətini həvəslə açıqlayıram.

 

İnsan

 

- İnsan münasibətləri, fərdlərin daşıdığı keyfiyyətlər həddən artıq çeşidlidir. Onları hər kəs özünəməxsus şəkildə sıralayır və dəyərləndirir. Bu zaman hər kəs müxtəlif kriteriyaları əsas götürür. Siz insanlarda hansı keyfiyyətlərə üstünlük verirsiniz?

- Ədalətliliyi, doğruçuluğu, xeyirxahlığı, mərdliyi, dözümlülüyü, səbri, qətiyyəti, cəsarəti, sədaqəti, etibarı və xüsusən də qədirbilənliyi. Bu keyfiyyətlərin hər bir insanda olması həyatı xeyli gözəl və maraqlı edərdi.

- Mən bu qədər işi olan Nurlana xanımı evdə, məişət qayğılarının əhatəsində təsəvvür edə bilmirəm. Sizdə xörəyi kim bişirir? Digər məişət işləri ilə kim məşğul olur?

- Qadın, ana, ilk növbədə, ailəsinin sağlamlığının, tərbiyəsinin, mətbəxinin keşiyində dayanmalıdır. Bu yoxdursa, qadının başqa işlərə meyil göstərməsini düzgün hesab etmirəm.

- Siz həyatda kimlərə minnətdarsınız?

- Birinci növbədə, anama minnətdaram ki, məni bu xislətdə tərbiyə edib. Sonra da əbədiyaşar ulu öndər Heydər Əliyevə minnətdaram ki, onun bütün siyasəti mənim qəlbimdə böyük vətənpərvərlik duyğuları oyadıb və o vətənpərvərlik duyğuları bu gün mənim fəaliyyətimdə aparıcı rol oynayır.

- Maraqlıdır, bayram günü Nurlana xanımı ilk təbrik edən kim olur və o, birinci kimi təbrik edir?

- Bayram günü mənim ilk təbrik etdiyim insan anamdır. Və məni ilk təbrik edən övladlarımla həyat yoldaşım olur.

- ötən il hər bir imanlı müsəlmanın arzuladığı Həcc ziyarətində olmusunuz. Deyirlər, müqəddəs Kəbəni ziyarət etmək insanı daha da saflaşdırır, mənən ucaldır.

- Valideynlərim mömin bir ailədə tərbiyə alıblar. Babam Hacı Seyid Rza Axund Gəncə şəhərində çox mötəbər, tanınmış, xeyirxah şəxsiyyətlərdən olub. Səxavəti, xeyirxahlığı ilə məşhur imiş. Novruz, Qurban bayramlarında ehtiyacı olanlara bayram payı göndərər və tapşırarmış ki, kimin göndərdiyini deməsinlər. Deyərmiş ki, xeyirxahlıq hər bir müsəlmanın borcudur, bir də qoy kiminsə qarşısında xəcalətli olmasınlar.

Onlardan bir çox keyfiyyətlər irsən mənə də keçib. Dindar olmasam da Allaha inanan, onun qoyduğu yolla gedən, xoşladığı əməlləri edən adamam. Müqəddəs dinimizə, dini dəyərlərə böyük hörmət və ehtiramım var. Dini dəyərlərimiz tərbiyədə böyük rol oynayır. Allahın buyurduqlarına əməl etmək hər bir müsəlmanın borcudur. O sıradan Həcc ziyarəti də çoxdankı arzum idi. Düz deyirlər, Allahın evini, müqəddəs Kəbəni ziyarət etmək insanı daha da saflaşdırır, təmizləyir, ancaq xeyirxah əməllərə sövq edir.

- "İnsan öz əməyinin, zəhmətinin bəhrəsini görəndə çətinliklərin hamısını unudur, qəlbi iftixar, sevinc hissi ilə dolur". Bu, sizin sözlərinizdir. Mən buraya "zəhmətinə qiymət veriləndə" sözlərini də əlavə edər və belə bir sual verərdim: Təhsil sistemimizə uzun illər qüsursuz xidmət göstərmiş Nurlana xanım vətənin böyük mükafatına - "Şöhrət" ordeninə layiq görüləndə hansı hissləri keçirdi?

- Sevindim və fəxarət hissi keçirdim. Sevindim ki, əməyimi, fəaliyyətimi görür və dəyərləndirirlər. Mən şərəfli, zəhmətli, ləyaqətli, məsuliyyətli ömür yaşayaraq bütün zamanlarda üzərimə düşən işlərin öhdəsindən məsuliyyətlə gəlməyə çalışmışam. Əməyimin dövlət başçısı tərəfindən qiymətləndirilməsi rəhbərlik etdiyim 3 minlik müəllim və tələbə kollektivinin dövlətə, cəmiyyətə hörmətini, məhəbbətini, gələcəyə inamını möhkəmləndirmiş, işgüzarlığını qat-qat artırmış, qəlbimdə minnətdarlıq, qədirbilənlik duyğularını alovlandırmışdır. Onu həm də cəmiyyətimizin rifahı, tərəqqisi naminə zəhmət çəkən, məsuliyyət nümayiş etdirən, örnəyə çevirən insanlara verilən mükafat kimi dəyərləndirirəm. "Şöhrət" ordeni mənim üçün ömrümün sonunadək ən əziz, ən dəyərli mükafat, şərəf, qürur olacaqdır. Məni bu mükafata layiq görmüş hörmətli Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

- Qadın oxucularımızı, müəllimlərimizi bayram münasibəti ilə təbrik etmək istəyirsinizmi?

- Bəzən olur, həyatımın dağlarını duman alır,

O gün sənin titrək laylan yollarıma işıq salır.

Sənin məmnun olduğun gün ruhum məndən məmnun qalır.

İnandım ki, cənnət sənin ayağının altındadır!...

Azərbaycan qadınını bu şərəfli bayram münasibətilə təbrik edirəm.

- Maraqlı müsahibə üçün sağ olun.

 

Müsahibəni apardı:

Yusif ƏLİYEV,

Azərbaycan Respublikasının

əməkdar jurnalisti