|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Sualların 20 faizinə cavab verə bilən şagirdlər imtahandan müvəffəq qiymət alacaqlar Xəbər verdiyimiz kimi, bu il ölkə üzrə
bütün orta məktəblərin və peşə
liseylərinin şagirdləri buraxılış imtahanlarını
mərkəzləşdirilmiş qaydada test üsulu ilə
verəcəklər. Buraxılış imtahanlarına hazırlıq
məqsədi ilə fevral-aprel aylarında bir yoxlama imtahanı
keçiriləcək. Əvvəlcə peşə
liseylərində, sonra bölgələr üzrə ümumtəhsil
məktəblərində mərhələlərlə
bazar günləri keçirilməsi planlaşdırılan
yoxlama imtahanlarına fevralın 22-də start
veriləcək. Həmin gün peşə liseylərinin
şagirdləri biliklərini sınayacaqlar. Martın 1-nə təsadüf edən növbəti
bazar günündə ümumtəhsil məktəbləri üzrə
müəyyənləşdirilmiş beş bölgədən
birincisinin - Bakı, Sumqayıt şəhərləri
və Abşeron rayonu məktəblərinin
onbirinciləri imtahan verəcəklər. Daha sonra
imtahanlar növbə ilə şimal, şimal-qərb,
qərb və cənub bölgələrinin
ümumtəhsil məktəblərində keçiriləcək. Yoxlama imtahanlarına 1 aydan az vaxt qalır.
Bəs görəsən onlara nə kimi hazırlıq işləri
aparılıb? Gələcək məzunlar imtahanlarda hansı
məsələlərə diqqət yetirməlidirlər?
Həmin suallarla Təhsil Nazirliyinin Şagird
naliyyətlərinin qiymətləndirilməsi şöbəsinin
müdir əvəzi Təranə Hacıyevaya
müraciət etdik. T.Hacıyeva bildirdi ki, imtahanlara hazırlıq
məqsədi ilə bütün bölgələr üzrə orta
məktəblərin imtahan verəcək şagirdləri,
onların valideynləri, XI siniflərdə dərs
deyən fənn müəllimləri, habelə məktəb
rəhbərlərinin iştirakı ilə təlimati
iclaslar keçirilib. Həmin iclaslarda şagirdlərə cavab
kartının da şəklinin əks olunduğu
"yaddaş"lar paylanıb. "Yaddaş"larda
şagirdlərə imtahanda zəruri olan
məsələlər, cavab kartının doldurulması,
imtahanlara nəyin gətirilib-gətirilməməsi
barədə məlumatlar verilir. Eyni zamanda şagirdlərə
psixoloji tövsiyələr də paylanıb ki, imtahanqabağı
stress keçirən, həyəcanlanan şagirdlər bu tövsiyələri
oxuyub müəyyən təskinlik tapsınlar. Təlimati iclaslar zamanı test bankları
da yerlərə çatdırılıb. Bu zaman imtahanları
ilk dəfə mərkəzləşdirilmiş qaydada keçirəcək
kənd rayonlarının test bankları ilə təmin
olunmasına xüsusi diqqət yetirilib. Bir sıra bölgələrdə,
xüsusən də Bakı şəhərində
əvvəlki illərdə də buraxılış
imtahanları mərkəzləşdirilmiş qaydada aparıldığından
burada test bankını təzələməyə ehtiyac
olmamışdır. Yalnız müəyyən problemləri
olan, kompüteri işləməyən
məktəblərə yenidən test bankı verilib. Təranə Hacıyeva bir fikri xüsusi vurğulayaraq
dedi: - Bəzən şagirdlərdə, hətta müəllimlərdə
belə bir yanlış qənaət yaranır ki, imtahana
düşən suallar yalnız test bankından olacaq. Test bankından
kənar heç bir sual düşməyəcək. Bu, belə
deyil. Test bankı şagirdlərə ona görə verilir
ki, onlar həmin testlərdən əyani vasitə kimi
istifadə edib, imtahanlara hazırlaşsınlar. İmtahanlara
həmin aspektdən olan analoji suallar salınacaq. Şöbə müdiri əvəzi başqa bir
mühüm məsələyə də diqqəti yönəldərək
qeyd etdi ki, keçən il imtahanlara əl telefonu ilə
gələn şagirdlərə müəyyən güzəştlər
edildi. Nəinki qoyulmuş qaydanı pozub imtahana telefonla
gələnlər, hətta ikinci dəfə telefonu
əlində tutulanlar da telefonları alınaraq imtahanlara
buraxıldılar. Amma bu dəfə güzəşt
olmayacaq. ümumiyyətlə, şagirdlər imtahan
rəhbərləri tərəfindən bir-bir ciddi yoxlanılmaqla
binaya buraxılacaqlar. T.Hacıyeva testlə bağlı bir
məsələyə də aydınlıq
gətirərək bildirdi ki, peşə liseylərinin
şagirdləri üçün 7 variantda test sualları hazırlanıb.
ümumtəhsil məktəblərində isə hər
şagird üçün ayrıca variantın olması
nəzərdə tutulub. ümumiyyətlə, hər rayonun,
bölgənin öz testi olacaq. Bu baxımdan, məsələn,
Bakı məktəblərinin istifadə etdiyi testdən
rayonlarda istifadə olunmayacaq. Eləcə də bir rayonun
test komplektində digər rayonun test komplektindən
istifadə edilməyəcək. Suallar hazırlanarkən
testə verilən tələblər, testologiyanın
qaydaları gözlənilib. Tərtib olunmuş testlərin ağırlıq
dərəcəsinə gəldikdə isə,
ənənəvi olaraq 3 dərəcədə - sadə,
orta və çətin dərəcəli suallar hazırlanıb.
Təbii ki, əsas yük asan və orta ağırlıq
dərəcəsində olan suallara verilib. Daha yüksək
qiymət almaq istəyən şagirdlər isə
nisbətən çətin suallara da cavablar
verməlidirlər. T.Hacıyeva bizimlə söhbətində
yerlərdə çox sual doğuran qiymətləndirmə
məsələsinə də toxundu və bildirdi ki,
imtahanların gedişi, qaydalar və şərtlərlə
bağlı elə bir ciddi dəyişiklik yoxdur. Yalnız
bəzi texniki xarakterli dəyişikliklər edilib.
Qiymətləndirmə ilə bağlı ötənilki
əmsal qüvvədə qalır, yəni sualların 20
faizinə cavab verə bilən şagirdlər imtahandan müvəffəq
qiymət alacaqlar, 20 faizdən aşağı cavab
verənlər isə yox. O ki qaldı attestata yazılacaq
yekun qiymətə, bu, şagirdin X və XI
siniflərdəki illik qiymətləri, buraxılış
imtahanından əvvəl keçirilən yoxlama imtahanının
və buraxılış imtahanının qiyməti
nəzərə alınmaqla hesablanacaq. Təbii ki, buraxılış
imtahanından qeyri-müvəffəq qiymət alan şagirdin
düstura əsasən attestata yazılacaq qiymətinin müsbət
olması sual altında qalır. Odur ki, şagirdlər
əsas gücü yoxlama və buraxılış imtahanlarına
verməlidirlər. Attestat qiymətlərinin hesablanması
üçün düsturda ən böyük pay yoxlama və buraxılış
imtahanlarına düşəcək. Onlar, demək olar ki,
bərabər nisbətdə hesaba alınacaq. Bu baxımdan
şagirdlərə müsbət qiymət almaq üçün 2
dəfə şans verilir. Onlar bu şanslardan istifadə
etməyə və hər iki imtahandan müvəffəq
qiymət almağa çalışmalıdırlar. Deyildiyi kimi, imtahanlar bölgələr üzrə
mərhələlərlə keçiriləcək və
fevralın 22-də peşə liseylərinin buraxılış
sinif şagirdləri yoxlama imtahanları
verəcəklər. Bunun üçün 7-si Bakıda, 22-si ölkənin
digər şəhər və rayonlarında olmaqla 29
imtahan mərkəzi yaradılıb. İmtahanlar müxtəlif
yerlərdə keçirilsə də, cavab kartları Bakıda
yoxlanacaq. Bakı şəhərində cavab kartları
elə həmin gün, imtahandan 2-3 saat sonra oxunub
qiymətlər elan olunacaq. Bölgələrdə keçiriləcək
imtahanlara gəldikdə isə, ola bilsin bəzi uzaq
rayonlardan imtahan materiallarının çatdırılması
çətinlik yaratdığından, onların
cavab kartları ertəsi gün yoxlanılsın. Bu
halda da fevralın 22-də keçirilmiş imtahanların
nəticələri artıq ayın 23-24-də
yerlərə göndəriləcək və İnternetdə
yerləşdiriləcək. Yusif ƏLİYEV
|