· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bu il qəzetimizin 75 yaşı tamam olur

Bu il "Azərbaycan müəllimi" qəzetinin 75 yaşı tamam olur. 75 il bundan əvvəl nəşrə başlayan "Azərbaycan müəllimi" fəaliyyət göstərdiyi dövrdə şərəfli bir yol keçmiş, təhsilin, mədəniyyətin, pedaqoji ənənələrin formalaşmasında əvəzsiz xidmətləri olmuş, çoxminli oxucuların rəğbətini qazanmışdır.

"Azərbaycan müəllimi" qəzeti 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" adı ilə nəşrə başlamışdır. 1938-1941-ci illərdə "Müəllim qəzeti" adı ilə çıxmış, 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək isə nəşri dayandırılmışdır. Müharibədən sonra - 1946-cı ilin aprelindən isə bu mətbu orqanı "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlamışdır.

Qəzeti sevdirən, onu uzunömürlü edən nədir?! Qeyd etməliyik ki, "Azərbaycan müəllimi" ziyalı qəzetidir. Onun oxucuları əsasən təhsil işçiləri, müəllimlər və tərbiyəçilərdir. "Azərbaycan müəllimi" də düz 75 ildir ki, yüzminlərlə təhsil işçisi və elm adamının, valideyn və şagirdlərin qəlbinə işıq saçır.

Respublikamızda təhsil islahatının həyata keçirilməsində, maarifin inkişafında, milli təhsilimizin nailiyyətlərində "Azərbaycan müəllimi"nin rolu böyükdür. Heç təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev qəzetin 60-illik yubileyinə, Azərbaycan Prezidenti İlham Əliyev isə qəzetin 70-illik yubileyinə təbrik məktubu göndərmişlər. Heydər Əliyev və İlham Əliyev cənabları redaksiya kollektivinə ünvanladıqları təbrik məktublarında "Azərbaycan müəllimi"nə xüsusi qiymət verərək, onun ictimai-siyasi həyatımızda oynadığı rolu yüksək qiymətləndirmişlər. Heydər Əliyevin məktubunda deyilirdi: "Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikamızda jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır.

"Azərbaycan müəllimi" qəzeti bu gün də öz ənənələrinə sadiq qalaraq, pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir".

"Azərbaycan müəllimi"nin xidmətlərindən biri də odur ki, qəzet respublikada pedaqoji ənənələrin və elmi kadrların yetişməsində misilsiz rol oynamışdır. Bu gün yaxın və uzaq ölkələrdə tanınan onlarca alimin ilk qələm məhsulları məhz "Azərbaycan müəllimi"nin səhifələrində işıq üzü görmüşdür. Akademik Mehdi Mehdizadə, görkəmli alimlər Əhməd Seyidov, Mərdan Muradxanov, Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir Əhmədov, Yəhya Kərimov, Əliheydər Həşimov, Əziz Əfəndizadə, Hüseyn Əhmədov, Yusif Talıbov, Əkbər Bayramov, Əbdül Əlizadə, Afat Qurbanov, Bağır Bağırov, Nizami Xudiyev, Ağadadaş Babayev, Süleyman Zeynalov, Əjdər Ağayev, xalq müəllimləri Zahid Şöyübov, İsrafil Şükürov, Sosialist Əməyi Qəhrəmanları Məsmə Atakişiyeva, Zərbəli Səmədov və Məhər Quliyevin, çoxlu əməkdar müəllim və elm xadimlərinin etiraf etdikləri kimi onların yetişmələrində, üzə çıxarılmasında və şöhrətlənməsində "Azərbaycan müəllimi"nə minnətdar olublar və minnətdardırlar.

ömrünün müdriklik çağına qədəm qoymuş "Azərbaycan müəllimi"nə müstəqil dövlətimizin milli təhsil quruculuğuna, milli mənəvi dəyərlərə söykənən yeni təhsil sisteminin formalaşması işinə xidmət etmək nəsib oldu. Yeniləşən cəmiyyətə yeni təfəkkürlü insanlar, yeni düşüncə tərzinə malik, demokratik ruhlu mütəxəssislər, bir sözlə, yeni tipli şəxsiyyətlər lazımdır. Bu isə, öz növbəsində, təhsilin, ilk növbədə, məktəb təhsilinin həm forma, həm də məzmunca yeniləşməsini tələb edir. Möhtərəm Prezidentimiz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn və 1999-cu ildən start götürən "Təhsil sahəsində islahat Proqramı" inkişaf etmiş demokratik  cəmiyyət quruculuğunun ən önəmli atributlarından olmaqla müstəsna əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın yeni təhsil konsepsiyasının səylə həyata keçirilməsində respublikanın Təhsil Nazirliyi, şəxsən görkəmli alim və təhsil təşkilatçısı Misir Mərdanovun əməyi və zəhməti danılmazdır. Bütün bunlar hamısı nə vaxtsa tarixə dönəcək və müstəqil Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunacaqdır.

Təhsil islahatı Proqramının həyata keçirildiyi ilk gündən öz köməyini  əsirgəməyən "Azərbaycan müəllimi" faydalı təşəbbüsləri, qabaqcıl təcrübəni yaymaq, yenilikçi müəllimlərin iş metodlarını ümumiləşdirib onu hamının nemətinə çevirmək, ortaya çıxan problemlərin aradan qaldırılmasına yardımçı olmaq istiqamətində iş aparır.

Əziz oxucular! Qarşıda hələ bizi çoxlu işlər gözləyir. Əl-ələ verib Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırmalı, ümumbəşəri prinsiplərə, milli mənəvi dəyərlərə söykənən yeni təhsil sistemi yaratmalıyıq. Vətənimiz üçün layiqli, ləyaqətli, savadlı, xalqını, millətini sevən gənclər yetişdirməliyik. Bu işdə biz sizin köməyinizə arxalanırıq.

 

"AZƏRBAYCAN MüƏLLİMİ"