|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib
Oktyabrın 1-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirildi. Təhsil Nazirliyi, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi və Almaniya Akademik Mübadilə Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Per Stankina, Alman Akademik Mübadilə Xidmətinin regional direktoru xanım Annette Culius, respublikamızın ali təhsil ocaqlarının rektorları, Almaniya ali təhsil müəssisələrinin nümayəndələri və digər şəxslər iştirak etdilər. Sərginin açılışında qonaqları salamlayan təhsil naziri Misir Mərdanov qeyd etdi ki, ölkə təhsilinin həyatında əlamətdar bir hadisənin şahidi oluruq. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, bu miqyasda tədbir keçirilir. Sərgidə Almaniyanın 22 ali məktəbindən 30-a yaxın nümayəndə, Almaniyada təhsil alan azərbaycanlı tələbələrin bir qismi və başqa təşkilatların əməkdaşları iştirak edirlər. Nazir çıxışında bildirdi ki, 1992-ci ildə yaradılan Alman Akademik Mübadilə Xidmətinin Azərbaycanda həyata keçirdiyi layihələrin və müxtəlif tədbirlərin nəticəsində yüzlərlə azərbaycanlı gənc Almaniyada ayrı-ayrı ali məktəblərdə təhsil alaraq ölkəmizə qayıtmışdır. ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinə toxunan Misir Mərdanov vurğuladı ki, ölkə başçısı Almaniya ilə əlaqələrə xüsusi diqqət yetirir. Məhz bu uğurlu siyasətin nəticəsində Almaniyada təhsil alan gənclərin sayı durmadan artır. Əsas məqsəd iki ölkə arasındakı çoxtərəfli əlaqələri, xüsusilə ali təhsil müəssisələrinin qarşılıqlı münasibətlərini möhkəmləndirməkdir. Nazir çıxışının sonunda Köln Universitetinin professoru Rza Talibinin əlaqələrin inkişaf etdirilməsindəki xüsusi rolunu qeyd etdi və iştirakçılara uğurlar arzuladı. Sonra Alman Akademik Mübadilə Xidmətinin regional direktoru xanım Annette Culius və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankina çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışdılar. Tədbir iştirakçıları "Azərbaycan-Almaniya ali təhsil günləri" sərgisinin təşkilatçıları tərəfindən yetərincə məlumatlandırıldılar.
Fazil İDRİSOĞLU
Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində "Kəhriz sistemləri - memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının Naxçıvandakı konsullarının və digər rəsmilərin də iştirak etdikləri konfrans İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya bürosunun dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə birgə təşkil olunmuşdu. Konfransı giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli bu mövzuda keçirilən ilk beynəlxalq konfransın Avropadan Böyük İpək Yolu boyunca çinə, Ərəbistan yarımadasından Şimali Afrikaya qədər müxtəlif ölkələrdə mövcud olan kəhriz sisteminin quruluşunun, tarixinin, sosial-iqtisadi inkişafdakı rolunun öyrənilməsi baxımından əhəmiyyətindən danışmışdır. Naxçıvan MR Ali Məclisi sədrinin müavini Mirhəşim Seyidov konfrans iştirakçılarını muxtar respublika rəhbərliyi adından salamlayaraq bu bölgədə kəhrizlərin bərpası və yeni kəhrizlərin istifadəyə verilməsi sahəsində muxtar respublika başçısının dəstəyi ilə AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, BMT-nin Naxçıvan ofisinin birgə səmərəli fəaliyyətindən söz açmışdır. BMT-nin Azərbaycandakı missiya rəhbəri Vasili Yujan, İİƏT-in Cənubi Qafqaz üzrə regional direktor müavini Flip Keller, AMEA-nın Naxçıvan Bölməsi Tarix və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli və başqaları çıxış edərək konfransın əhəmiyyətini qeyd etmiş, ölkəmizdə kəhrizlərin yaranma tarixindən, kəhriz sistemlərinin istifadə və ictimai inkişafın amili kimi rolundan ətraflı bəhs etmişlər. Sonra "Kəhriz" filmi nümayiş olunmuşdur. Konfransın tam sessiyasının yekununda Naxçıvanın bərpa olunmuş və yeni tikilən kəhrizləri ilə yerindəcə tanışlıq maraqla qarşılanmışdır. Növbəti gün konfrans "Kəhriz tarixi və mədəni irs kimi", "Sosial və iqtisadi inkişafda kəhrizlərin rolu", "XXI əsrdə kəhrizlər" mövzularında paralel sessiyalarla işini davam etdirmişdir. Konfransın yekun iclasında sessiyaların sədrləri, AMEA-nın müxbir üzvü, NDU-nun elmi işlər üzrə prorektoru Vəli Hüseynovun, Londondakı Kral Kollecinin əməkdaşı, doktor Daniş Mustafanın, Nazim Bababəylinin hesabat məruzələri dinlənilmiş, suallar cavablandırılmışdır. Beynəlxalq konfransın yekununda NDU-nun rektoru, akademik İsa Həbibbəyli, İİƏT-in Cənubi Qafqaz üzrə regional direktor müavini Flip Keller, BMT-nin Azərbaycandakı missiya rəhbəri Vasili Yujan çıxış edərək konfransın işini yüksək qiymətləndirmiş, perspektiv əməkdaşlıqdan danışmışlar. Yekun sessiyada qlobal sintez keçirilmiş, mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Qonaqlar Naxçıvanın tarixi və memarlıq abidələrinə səfər etməmişdən öncə universitet ərazisini gəzmiş, beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin yenicə istifadəyə verilmiş müasir tipli korpusunda olmuş, ən yeni informasiya-kommunikasiya texnologiyalarının unikal tətbiqi ilə maraqlanmışlar.
Mehriban SULTAN, NDU-nun Mətbuat şöbəsinin müdiri
çexiya Parlamenti Senatının sədri BSU-da olub
Sentyabrın 25-də Bakı Slavyan Universitetində çexiya Parlamenti Senatının sədri Prşemisl Sobatkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.Tədbiri BSU-nun rektoru, Azərbaycan MEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq bildirdi ki, bu görüş universitetin tarixində əlamətdar bir hadisə olaraq yaddaşlarda qalacaq və xalqlarımız arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək. Rektor onu da qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə genişlənən Azərbaycan- çexiya əlaqələrinin inkişafı mədəni, elmi və təhsil sahəsində bizim əməkdaşlığımız üçün yeni perspektivlər açır. Hazırda universitetdə 60 bakalavr və magistrant çexiyaşünaslıq və tərcümə üzrə təhsil alır. Tədbirdə çexiya Parlamenti Senatının sədri Prşemisl Sobatka qeyd etdi ki, mən çox sevinirəm ki, Bakıda slavyan dilləri tədris olunan bir universitet var. çalışacağıq ki, çex dili üzrə təhsil alan tələbələr gələcəkdə ölkəmizi gəzmək şansı əldə etsinlər və onlara hər cür şərait yaradılsın. Sonda qonaq BSU-da yaradılacaq çexiya kitabxanasına çex, ingilis dillərində nəşr olunmuş kitablar hədiyyə etdi, universitetin fəxri kitabına ürək sözlərini yazan P.Sobatka müəllim və tələbələrlə birlikdə xatirə şəkli çəkdirdi.
Azərbaycan Dillər Universitetində "Alman dili günü" qeyd olunub
Sentyabrın 24-də ADU-da "Alman dili günü" münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən alman dili fakültəsinin dekanı Ulduz Aslanova bildirdi ki, ölkəmizdə alman dilinin xarici dil kimi tədrisinə 1936- 1937-ci illərdə başlanılıb. 1949-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində alman dili fakültəsi yaradılıb. ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti çərkəz Qurbanlı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) bu təhsil ocağında təmsilçisi Martina Liza və digər natiqlər vurğuladılar ki, bəşər tarixinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmiş alman xalqının dilini və mədəniyyətini öyrənmək xalqlarımız arasında mədəni əlaqələri inkişaf etdirməkdə mühüm rol oynayır Sonda universitetin tələbələri Almaniyanın tanınmış şairlərinin şeirlərini söylədilər.
Şakir CƏFƏROV
Peşə kurikulumları hazırlanarkən işəgötürənlərin tələbləri nəzərə alınıb
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO tərəfindən reallaşdırılan "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin əsas məqsədi turizm və İKT sahəsində müəyyən ixtisaslar üzrə kurikulumların və dərsliklərin hazırlanması, müəllim-pedaqoji heyətinin ixtisasartırma imkanlarının genişləndirilməsi və texniki peşə təhsili sahəsində resurs mərkəzinin yaradılmasıdır. Artıq Təhsil Problemləri İnstitutunun tərkibində İlkin Peşə Təhsilinin İnkişafı Mərkəzinin yaradılması ilə bu sahədə mövcud problemlərin öyrənilməsi və gələcək perspektivin müəyyən edilməsi üçün geniş imkanlar açılmışdır. Beynəlxalq ekspertlərin cəlb edilməsi vasitəsilə peşə kurikulumlarının hazırlanmasında zəngin təcrübə qazanılmış, bu istiqamətdə beynəlxalq təcrübələrin nəticələri öyrənilmişdir. Peşə kurikulumlarının hazırlanması prosesində bu sahədə olan mövcud informasiya ilə yanaşı, yerli işəgötürənlərin də həmin ixtisaslara olan tələbləri nəzərə alınmışdır.
Hicran ƏKBƏROVA
Azərbaycanlı tələbələr Almaniyada keçiriləcək çempionatda iştirak edəcəklər
Oktyabrın 2-dən 9-dək Berlində 48 ölkənin ali təhsil ocaqlarının iştirakı ilə "Tələbələr azad sahibkarlıq fəaliyyətində" devizi ilə keçiriləcək cempionatda Azərbaycan Dövlət Aqrar Universitetinin "SİFE-ADAU" komandası da iştirak etmək hüququ qazanmışdır. Bu barədə məlumat verən komandanın məsləhətçisi Asif Həsənov demişdir ki, çempionata ciddi hazırlaşan komanda ekologiya, biznes və təhsil mövzusunda 7 layihə təqdim edəcəkdir. Bunlardan 5-i ölkə çempionatında təqdim edilən, ikisi isə əlavə damcı üsulu ilə suvarma və kağızın təkrar emalı layıhələridir. Hər komandaya layihələrini təqdim etmək üçün 24 dəqiqə vaxt veriləcəkdir. Xatırladaq ki, universitetin tələbələri bu hüquqa keçən il respublika üzrə keçirilən yarışlarda nail olmuşlar.
AzərTAc
|