|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Babək rayonunun Zeynəddin kəndində orta ümumtəhsil və musiqi məktəbi binaları istifadəyə verilib
Bu münasibətlə keçirilmiş tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev demişdir ki, artıq kompleks quruculuq tədbirləri kəndlərdə də uğurla həyata keçirilir. 2880 nəfər əhalisi olan Zeynəddin kəndində ötən il və cari ildə yeni sosial obyektlərin inşa olunması bunun əyani ifadəsidir.
Məktəbin müəllimi İlahə Cəfərova tədbirdə çıxış edərək demişdir ki, kəndimizdəki məktəb binasının yenidən qurulması bizə təhsildə daha böyük nəticələr qazanmağa şərait yaradacaqdır. O, göstərilən diqqət və qayğıya görə məktəbin pedaqoji kollektivi adından minnətdarlığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: - Bu gün ölkəmizdəki inkişaf və sabitlik, həyata keçirilən quruculuq işləri ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərindən Azərbaycanda başladığı siyasətin təntənəsi, ulu öndərimizin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanda həyata keçirilən quruculuq işlərindən Naxçıvan Muxtar Respublikası da bəhrələnmişdir. Muxtar respublikamızda bütün sahələrdə quruculuq işləri davam etdirilir. Azərbaycanda yaradılan sabitlik, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da belə tədbirlərin həyata keçirilməsinə imkan verir. Görülən işlər ölkəmizin firavan gələcəyinin təmin edilməsinə, insanların rifah halının yaxşılaşdırılmasına, gələcəyimiz olan uşaqların mükəmməl təhsil almalarına xidmət edir. Muxtar respublikamızda həyata keçirilən tədbirlərdən Babək rayonunun Zeynəddin kəndinə də pay düşmüşdür. Kənd tamamilə qazlaşdırılmış, telefonlaşdırılmış, yolu abadlaşdırılmışdır. ötən il kənd mərkəzi, həkim ambulatoriyası tikilmişdir. Zeynəddin kəndində başlanan quruculuq işləri cari ildə də davam etdirilir. Bu gün Zeynəddin kəndində əsaslı yenidənqurmadan sonra 612 şagird yerlik məktəb binası, 8 ixtisaslı uşaq musiqi məktəbi, Zeynəddin-Qahab kəndlərini birləşdirən kənd yolu istifadəyə verilir. Beləliklə, bu kənd də muxtar respublikamızın abad yaşayış məntəqələri sırasına daxil olur. Ali Məclisin sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini, məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Yeni yaradılmış musiqi məktəbi isə uşaqlara əlavə bir ixtisasın öyrədilməsinə şərait yaradacaqdır. Ali Məclisin sədri Vasif Talıbov musiqi məktəbində təhsil alacaq 40 şagirdin gələcəkdə sayının artacağına inandığını bildirmişdir. Qeyd olunmuşdur ki, burada ixtisasların da sayının artırılmasından sonra kənddə tam ixtisaslı böyük bir musiqi məktəbi fəaliyyət göstərəcəkdir. İlkin olaraq 8 ixtisasla fəaliyyətə başlayan uşaq musiqi məktəbi Zeynəddin kəndinin ictimai və mədəni həyatında xüsusi rola malik olacaqdır. Musiqi məktəbinin kollektivi bayram günlərində kənd ictimaiyyəti qarşısında konsert proqramları ilə çıxış edəcəkdir. Bundan əlavə, uşaqlar dərslərini öyrənəndən sonra asudə vaxtlarında burada musiqi təhsili alacaqlar. Bu da uşaqların hərtərəfli yetişməsi üçün vacib şərtlərdən biridir. Ona görə də hər il muxtar respublikamızda uşaq musiqi məktəbləri üçün yeni binalar tikilir, mövcud məktəb binaları yenidən qurulur, yaxud yeni musiqi məktəbləri yaradılaraq istifadəyə verilir. Yeni təhsil ocaqları kəndin inkişafında da mühüm rol oynayacaqdır. Bu məktəblərdə yetişənlər təkcə Zeynəddin kəndinin ictimai-siyasi, mədəni həyatında deyil, muxtar respublikamızın, bəlkə də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirakçılardan olacaqlar. Təhsildə tətbiq olunan müasir texnologiyaların hamısı bu məktəb üçün də nəzərdə tutulmuşdur. Bu ona görə edilmişdir ki, burada yetişən uşaqlar gələcəkdə Azərbaycanın fəal, vətənpərvər vətəndaşları olsunlar. Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış keçirilmişdir. Yeni təhsil ocağında 34 sinif və müxtəlif iş otaqları, hərbi və kimya-biologiya kabinetləri, iki kompüter sinfi, kitabxana, bir dəst kompüterlə təchiz olunmuş elektron lövhəli kabinet, müəllimlər otağı və idman zalı fəaliyyət göstərəcəkdir. Məlumat verilmişdir ki, məktəbdə şagirdlərin təhsili ilə 57 müəllim məşğul olur. Məktəb binası gələcək perspektivlər nəzərə alınaraq yenidən qurulmuşdur. Hazırda 387 şagirdin təhsil aldığı məktəb binası 612 şagird yerlikdir. Məktəbin kitabxana fondunda 8125 latın qrafikalı dərslik və 3525 bədii ədəbiyyat olmaqla, 11650 kitab vardır. Kitabxanada kataloq işi kompüterləşdirilmişdir. Məktəbdə 17 dəst kompüter quraşdırılmış, onların 9-u İnternetə qoşulmuşdur. Muxtar respublikanın digər yeni məktəbləri kimi, Zeynəddin kənd orta məktəbində də tətbiq olunan elektron lövhə kabinetində lövhənin işləmə qaydaları barədə məlumat verilmişdir. Sonra uşaq musiqi məktəbinə baxış keçirilmişdir. İkimərtəbəli uşaq musiqi məktəbinin binası müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunmuşdur. Burada 14 sinif otağı, müəllimlər otağı və kitabxana vardır. Kitabxana fondunda 100 nüsxə tədris vəsaiti və musiqi ədəbiyyatı mövcuddur. Məktəbdə 40 şagirdin təhsili ilə 13 müəllim məşğul olacaqdır. Musiqi məktəbində tar, kamança, qarmon, nağara, fortepiano, skripka, kanon, xanəndəlik sinifləri fəaliyyət göstərir. Məktəb müasir inventar və avadanlıqla təchiz edilmiş, 2 ədəd fortepiano verilmişdir. Hər iki məktəbin ərazisində geniş abadlıq işləri aparılmış, 6200 kvadratmetr sahəyə kilid daş döşənmiş, 3200 metr bardür qoyulmuş, müasir işıqlandırma sistemi və idman qurğuları quraşdırılmışdır. Burada həyata keçirilən yaşıllaşdırma tədbirləri də diqqəti cəlb edir. Ərazidə 850 ədəd gül kolu, 180 ədəd həmişəyaşıl ağac əkilmiş, su xətti çəkilmişdir. Ali Məclisin sədri Vasif Talıbov ərazidə yeni meyvə bağının salınması barədə tapşırıq vermişdir.
AzərTAc
|