|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dünya universitetləri London İmperial Kolleci
Yerləşir: Birləşmiş Krallıq, London şəhəri. Yaranma tarixi: 8 iyul 1907-ci il. Tipi: Dövlət. İşçi heyəti: 8 000 nəfər. Tələbələrin sayı: 13 410 nəfər. Aspirantların sayı: 8 350 nəfər. Rəsmi saytı: www.imperial.ac.uk
Kollecin tarixi
London İmperial Kolleci (Imperial College London) Böyük Britaniyada Cənubi Kunsinqtonda yerləşir və London Universitetindən 2007-ci ildə ayrılıb. öz 100-illik yubileyində kollec müstəqil universitet statusu qazanıb. "The times" qəzetinin hər il keçirdiyi reytinqə əsasən 2008-ci ildə London İmperial Kolleci 200 universitet sırasında 6-cı yerdə qərarlaşıb. 1907-ci il iyulun 8-də VII Edvard tərəfindən təqdim edilmiş Kral nizamnaməsinin rəsmi şəkildə imzalanması ilə yaradılan İmperial Kollecin Tibb Məktəbinin tərkibinə bir neçə ildən sonra St Meris Hospital Tibb Məktəbi, Milli ürək və Ağciyər İnstitutu, çerinq Kross və Vestminster Tibb Məktəbi daxil olub. 1997-ci ildə Britaniya təbabətində on illər boyu əsas gücə malik olan Kral Tibb Aspirantura Məktəbi (RPMS) İmperial Kollecin Tibb Məktəbinə, 2000-ci ildə isə Vey Kolleci, Vey və London Kənd Təsərrüfatı Universiteti kolleclə birləşdirilib.
Mətbuatı
Kollecin onlayn tələbə məlumat mənbəyi, radiosu və tələbə televiziyası fəaliyyət göstərir. 1995-ci ildə tədris ocağının elmi mətbəə evi fəaliyyətə başlayıb və rəsmi orqanı olan "Müxbir" qəzeti yaradılıb. Mütəmadi dərc olunan qəzet kollecin əməkdaşları və alimlər üçün nəzərdə tutulub. Həftəlik "Feliks" qəzeti isə İmperial Kollecinin müstəqil tələbə qəzetidir. Qəzet həm kollecin, həm də Tələbə İttifaqının müstəqil mətbu orqanı hesab olunur.
Yeni inkişaf dövrü
2002-ci ildən etibarən növbəti struktur islahatları mərhələsinə qədəm qoyan İmperial Kolleci 2007-ci ilin iyulunda yenidən müstəqillik əldə edib. İmperial Kolleci nüfuzuna görə elmi-mühəndislik kollecləri arasında ikinci yeri tutur. Onun professor-müəllim heyətinin tərkibində müxtəlif vaxtların 14 Nobel mükafatı laureatı və Kral Elmi Cəmiyyətinin 170 üzvü fəaliyyət göstərib. Zəngin maddi-texniki bazaya malik olan universitetin tələbələrinin istifadəsinə elektron resurslar, onlayn istifadə xidməti və daxili İnternet şəbəkə sisteminə malik olan kitabxana verilib. Universitetin ərazisində üzgüçülük hovuzu, gimnastika zalı, tennis kortları mövcuddur.
Tədqiqat sahələri
İmperial Kollecinin tədqiqatdan gələn gəliri 2007-2008-ci ilin məlumatlarına əsasən, Birləşmiş Krallıqda ən yüksək həddə - 255.5 milyon funta çatıb. Bura tədqiqat şuralarının qrantları, xeyriyyə müəssisələri və sənayedən gələn gəlirlər daxildir. İmperial Kollecində Parkinson xəstəliyi (iflic) və müxtəlif sklerozlar sahəsində tədqiqatlar aparılır. Kollecdə bu xəstəlikdən əziyyət çəkən ayrı-ayrı şəxslərin beyin nümunələri saxlanılır. Bu beyin bankı 296 nümunə olmaqla dünyanın ən böyük beyin banklarından biridir.
Elmi nüfuzu
2008-ci ilin ənənəvi araşdırmalarına əsasən, kollec riyaziyyat, epidemiologiya və ictimai səhiyyə, kimya mühəndisliyi, vətəndaş mühəndisliyi və mexanika, aeronavtika və mühəndislik texnologiyası, beynəlxalq tədqiqat keyfiyyətlərinə görə ən yaxşı təhsil müəssisəsi hesab olunub. Universitetin məşhur məzunları arasından Abdus Salam (1979-cu ildə fizika üzrə Nobel mükafatı laureatı), Ser Uilyam Kruks (kimyaçı və fizik), Raciv Qandi (1984-1989 illərdə Hindistanın Baş naziri), Brayan Harold Mey (rok-musiqiçi, "Queen" qrupunun gitara çalanı), Herbert Corc Uells (yazıçı və publisist), çarlz Kennedi (iqtisadçı), Alfred Nort Uaythed (riyaziyyatçı, məntiqşünas, filosof), Ser Ceyms Laythill (riyaziyyatçı) və digərlərinin adlarını çəkmək olar. "Qoloqrafik metodun kəşfi və inkişafı" üzrə mükafata layiq görülmüş Denis Qabor və penisillin ixtiraçısı Aleksandr Fleming də kollecin tanınmış məzunlarındandır. Kollecin hesablama fakültəsi Birləşmiş Krallıqda ilk dəfə Kembric Universitetinin kompüter laboratoriyasını qabaqlayaraq 2007-ci ildə kompüter elmi və informasiya texnologiyası üzrə yüksək nəticələr əldə edib. Təsadüfi deyil ki, İmperial Kollecin Biznes məktəbinin adı Avropanın ən yüksək reytinqli universitetləri sırasında sadalanır.
Qəbul
Kifayət qədər geniş tələbə kontingentini gələcəyə hazırlayan kollecə daxil olmaq üçün orta məktəbi əla qiymətlərlə bitirmək, ingilis dilini bilmək mütləq şərtlərdəndir. Dünyanın ən yaxşı institut və universitetləri sırasında olan İmperial Kolleci hazırda tədris və tədqiqatlarının mükəmməlliyinə, araşdırmaların yüksək beynəlxalq keyfiyyətinə, elmyönümlülüyünə görə fərqlənir. Kollecin qarşısına qoyduğu əsas prioritetlər tədris prosesində tələbələrə dəstək olmaq, ən yaxşı düşünən beyinləri elmi axtarışlara cəlb etmək və dünyanı dəyişdirməyə qadir olan tədqiqatlar aparmaqdan ibarətdir.
Strateji məqsədlər və missiya
Dünyada elmi, mühəndislik, tibbi tədqiqat və tədris müəssisələri arasında ən yüksək səviyyədə qalmağı əsas məqsəd kimi qarşısına qoyan kollecdə daim tədqiqat bacarıqlarının dərinliyinə və keyfiyyətinə ayrıca diqqət yetirilir. Eləcə də cəmiyyət, sənaye və tibbi xidmətin dəyişilən tələbatlarını ödəmək üçün akademik fəaliyyətin sırasının genişləndirilməsi məsələlərinə xüsusi önəm verilir. London İmperial Kollecində elm, mühəndislik, tibb, biznes sahəsində dünya səviyyəli araşdırmalar aparılır, əldə olunan elmi nəticələrin sənayenin, ticarətin çiçəklənməsi və insanların sağlamlığının daha etibarlı şəkildə qorunması istiqamətində tətbiqinə xüsusi diqqət yetirilir. İntellektual cəhətdən dəyişən və möhkəmlənən mühit daxilində tədqiqatları genişləndirmək, aparılan məşğələlərə və araşdırmalara daha çox fayda verə biləcək tələbə kontingenti formalaşdırmaq, akademik cəhətdən yüksək səviyyəli kurslar və səmərəli idarəetmə prosesi təşkil etmək kollecin fəaliyyətinin ana xəttinə çevrilib.
Hazırladılar: Lamiyə ƏLİYEVA, Dilruba BAYRAMOVA |