|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
"Proyekt Harmoni" təşkilatının layihə çərçivəsində həyata keçirdiyi ən mühüm işlərdən biri də Təhsil portalının yaradılmasıdır. Azərbaycanda belə təhsil portallarının olmadığı bir dövrdə bu, çox əhəmiyyətli bir addım idi. Ən əhəmiyyətlisi odur ki, bu portal məhz müəllimlər tərəfindən resurslarla təmin edilir. Məlumdur ki, hər bir pilot layihə beynəlxalq təşkilatların dəstəyi və maliyyə yardımı ilə müəyyən müddət ərzində həyata keçirilir, sonra isə Təhsil Nazirliyi, təhsili idarəetmə orqanları və məktəblər bu layihələrin davamlılığını təmin etməlidirlər. "Proyekt Harmoni" təşkilatının Əlaqələndirmə və mübadilə proqramı da 2007-ci ildə pilot layihə müddətini başa çatdırmışdır və hazırda layihənin davamlılığı Təhsil Nazirliyi tərəfindən təmin olunur. Biz yaxşı başa düşürdük ki, İKT-nin tətbiqi sahəsində irəliyə atılacaq hər bir addım beynəlxalq təcrübənin öyrənilməsi ilə müşayiət olunmalıdır. Ona görə də son illərdə beynəlxalq təşkilatlarla ölkə daxilində əməkdaşlıqla yanaşı, informasiya-kommunikasiya texnologiyalarının təhsildə sistemli tətbiqini həyata keçirmək məqsədilə bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi də öyrənilmişdir. "Helwett Packard" (HP) şirkətinin maliyyə dəstəyi ilə 5-8 iyun 2006-cı il tarixlərdə Təhsil Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyanın Belfast şəhərində "Elektron təlimi sahəsində innovasiyalar" mövzusunda keçirilən beynəlxalq seminarda iştirak etmişdir. Nümayəndə heyətimiz təhsil sisteminin kompüterləşdirilməsi sahəsində nəzəri məsələlər, İngiltərənin təhsil sisteminin kompüterləşməsi zamanı buraxılmış səhvlər, Şimali İrlandiya hökuməti və HP şirkəti tərəfindən hazırda həyata keçirilən "Classroom-2000" layihəsi haqqında məruzələr dinləmiş, təhsil prosesi tam kompüterləşmiş orta məktəbdə vəziyyətlə, eləcə də Şimali İrlandiyanın bütün məktəblərini birləşdirən vahid informasiya mərkəzinin işi ilə tanış olmuşdur. Seminarda məlumat verildi ki, 1998-2003-cü illərdə Böyük Britaniyada məktəblərin kompüterləşdirilməsinə 2 milyard funt-sterlinqdən artıq vəsait xərclənmiş, bu layihə 25 min məktəbi, 660 minədək müəllimi, 8,4 milyonadək şagirdi əhatə etmiş, 1,8 milyon kompüter avadanlığı alınmışdır. Lakin gözlənilən nəticə əldə edilməmişdir və mütəxəssislərin fikrincə, bunun əsas səbəbi ayrılmış vəsaitin demək olar ki, hamısının kompüter avadanlığına sərf olunmasıdır. Müqayisə üçün bildirim ki, hazırda Böyük Britaniyada ibtidai məktəblərdə 7,5 şagirdə, orta məktəblərdə 4,9 şagirdə 1 kompüter düşür və onların 99%-dən çoxu İnternetə qoşulub. Şimali İrlandiyada həyata keçirilən "Classroom -2000" layihəsinin ümumi dəyəri 150 milyon funt-sterlinqdir və layihədə təxminən 1200-dək məktəbin, o cümlədən 910 ibtidai (4-11 yaş), 230 orta (11-18 yaş), 50 xüsusi (4-16 yaş) məktəbin (20 mindən çox müəllim və 350 mindən çox şagird) İnternetə çıxışı olmaqla vahid şəbəkədə birləşdirilməsi nəzərdə tutulub. Böyük Britaniya təcrübəsində buraxılmış səhvlər nəzərə alınaraq "Classroom -2000" layihəsində əsas diqqət məktəblərin İnternetə çıxışı olmaqla vahid şəbəkədə birləşdirilməsi, hər bir müəllimi, şagirdi və valideyni bu şəbəkənin istifadəçisi etməyə yönəldilmişdir. Qeyd etmək lazımdır ki, layihə nəticəsində bütün şagird və müəllimlər təhlükəsiz elektron poçt, İnternetə etibarlı giriş və bir çox tədris resursları ilə təmin olunmuşlar. Layihə həmçinin valideynlərə öz övladlarının fəaliyyətinə nəzarət etməyə, ev tapşırığını yerinə yetirmək üçün onlara yardım etməyə və onların məktəbdə əldə etdikləri müvəffəqiyyətlərini izləməyə imkan yaratmışdır. HP şirkətinin iştirakı ilə həyata keçirilmiş bu layihə Şimali İrlandiyanın təhsil sistemi üçün faydalı olmuşdur. Burada şagirdlər ilk məktəb günlərindən elektron poçt və İnternetə giriş əldə edirlər və bununla da, iqtisadiyyat üçün olduqca zəruri hesab olunan İT təcrübəsi erkən yaşlardan əldə edilir. Əyalətlərdə yaşayan şagirdlər ilə elektron poçt, mesaj və videokonfrans vasitəsilə əlaqə saxlamaq və birgə çalışmaq imkanlarını təmin etməklə, layihə şagirdlər üçün həmçinin onlara ev tapşırıqlarını yerinə yetirməyə yardım edən bir sıra rəqəmli materiallara çıxışı təmin edir. Sözügedən materialların bəziləri onların öz məktəblərindən, bəziləri mərkəzləşdirilmiş şəkildə layihə tərəfindən, bəziləri isə onlayn kitabxanalar kimi açıq resurslar tərəfindən təchiz olunur. Müəllimlər üçün isə layihə bir çox tədris materiallarına giriş imkanını, həmçinin təcrübə mübadiləsi aparmaq üçün forum təqdim edir. Onlar həmçinin şagirdlərin müvəffəqiyyətini izləyib, onlayn dərslər keçirmək imkanı əldə edirlər. Şagird və müəllimlərlə yanaşı, valideynlər də layihədən faydalana bilirlər. Belə ki, onlar evlərindən, kitabxanadan və ya İnternet əlaqəsi olan istənilən yerdən təhlükəsiz şəkildə həmin sisitemə daxil ola bilirlər. Sistemə daxil olan valideynlər övladlarının ev tapşırıqlarını görüb, onlara yardım etmək üçün müəyyən resursları da axtara bilərlər. Onlayn qiymətləndirmə sisteminə baxaraq, onlar həmçinin övladlarının müvəffəqiyyətlərini də izləyirlər. 400 minə yaxın şagird və müəllimləri əhatə edən layihə təhsil sahəsində dünyanın ən iri texnoloji layihələrindən biridir. Layihə Şimali İrlandiyanın bütün məktəblərini Belfastda yerləşən mərkəzi Data Mərkəzinə bağlayan fiber optik kabellər, telefon xətləri və radiotexnologiyalar əsasında qurulmuşdur. Bizim üçün ən diqqətçəkən məqamlardan biri məktəblərin vahid şəbəkəsini idarə etmək üçün Data Center deyilən mərkəzin yaradılması idi. Bu mərkəzdə həm şəbəkənin bütün istifadəçilərinin resursları yerləşdirilib, həm də bura vahid zəng mərkəzidir. Səfər proqramına təhsil prosesi tam kompüterləşmiş bir məktəbdə olmaq da daxil idi. 100 ildən çox yaşı olan həmin məktəbdə bütün fənlərin tədrisi kompüter avadanlıqlarının köməyilə (kompüter, proyektor, elektron lövhə) aparılır. Bu təcrübəni öyrənərək belə qərara gəldik ki, hazırda məktəblərin kompüterləşməsi prosesi ilə yanaşı, Azərbaycanda da Data Center kimi vahid mərkəzin yaradılmasına ehtiyac var və həmin mərkəz həm Data-mərkəz, həm Call-mərkəz, həm də Treninq-mərkəz funksiyasını yerinə yetirə bilər. Qeyd etmək lazımdır ki, İKT sahəsində qabaqcıl təcrübəsi olan ölkələrdən biri də Hollandiyadır. Nazirliyin nümayəndə heyəti bu ölkədə səfərdə olarkən Amsterdam şəhərində məktəblərin Kennisnet şəbəkəsi ilə yaxından tanış olmuş və bu şəbəkəyə qoşulmuş məktəblərdə istifadə olunan texnologiyaları nəzərdən keçirmişdir. Kennisnet fondunun əsas məqsədi Hollandiya üzrə İnternet vasitəsilə təhsil almaq üçün şəbəkənin yaradılması, müəllimlər, şagirdlər və valideynlər üçün təhsil kontentinin (məzmununun) toplanması və yayılmasını təmin edən portalın fəaliyyətidir. Hazırda Kennisnet şəbəkəsinə Hollandiyanın 11 min məktəbi və 2,5 milyon istifadəçi qoşulmuşdur. Nümayəndə heyətinə Kennisnet şəbəkəsinin Amsterdam Data Mərkəzində istifadə olunan texnologiyalar, məktəblərdə informasiya - kommunikasiya texnologiyalarının tətbiqi, şəbəkəyə qoşulmuş məktəblər üzrə irimiqyaslı layihələrin quruluşu, inkişaf etdirilməsi və idarəçiliyi, layihə menecmenti haqqında geniş məlumat verilmişdir. Bundan əlavə, Təhsil Nazirliyinin nümayəndə heyəti Avstraliya və İsveçdə də səfərdə olmuş, həmin ölkələrin təcrübəsi ilə yaxından tanış olmuşdur. Məsələn, Avstraliyada 1300 məktəb korporativ təhsil şəbəkəsində birləşdirilmişdir. Həmin məktəblərdə 500 min şagird, 65 min müəllim 600 min kompüterdən istifadə edir. Avstraliyada yaradılmış şəbəkə 24 saat ərzində şagirdlər və müəllimlər üçün təhsil portalının servis və xidmətləri vasitəsilə İKT mühiti yaratmışdır. Burada rəqəmsal pedaqogikanın inkişafı üçün müəllimlərin İKT-nin təhsildə tətbiqi üzrə biliklərinin sertifikatlaşıdırılması və motivasiya sistemi tətbiq edilmişdir. Qeyd edilməlidir ki, Avstraliya distant təhsili daha geniş tətbiq edən ölkələr sırasındadır. Bu ölkənin bir sıra ali məktəbləri bakalavr və magistr pillələri üçün müxtəlif fənlər üzrə distant təhsil kursları təqdim edir. Hətta bir neçə universitet bəzi ixtisaslar üzrə tədrisi tamamilə distant formada həyata keçirirlər. İsveçdə təhsildə İKT-nin tətbiqi üzrə layihə də özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, yaradılmış sistem yalnız hazırlıqlı tələbələrin deyil, zəif tələbələrin də inkişafını təmin edir. Bu məqsədə çatmaq üçün informasiya texnologiyalarına əsaslanan tədris fərdi model əsasında qurulmuşdur. Bu modeldə artıq kompüter otağı tələb olunmur, tədris əsasən onlayn kurslar vasitəsilə aparılır. Beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycana informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üçün ən optimal strategiyanın formalaşmasına imkan vermişdir. 2007-ci ildən başlayaraq beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilən uğurlu layihələrdən biri də "Elektron məktəb" layihəsidir. Layihə Bakı şəhəri 6, 7, 8, 20, 23, 60, 134, 160, Zərifə Əliyeva adına məktəb olmaqla 10 məktəbdə başlanmış, sonradan həmin məktəblərin sayı 20-yə çatdırılmışdır. Bu məktəblərdə İP-telefoniya, videozəng sistemi tətbiq olundu. Layihənin əsas məqsədi təhsilin inkişafı və müasirləşdirilməsi, məktəbin idarəedilməsi prosesində və tədrisdə informasiya texnologiyalarının geniş istifadəsinin təmin olunmasıdır. Nəzərdə tutulur ki, bu layihə məktəbdə çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmlənməsinə, şagirdlərin dərsə davamiyyətinə nəzarətə, məktəblərarası elektron əlaqələrin genişlənməsinə, şagirdlərin nailiyyətləri barədə məlumatlandırmaya zəmin yaradacaq. Layihə çərçivəsində məktəblərə İKT avadanlığı verilmiş, lokal şəbəkə yaradılmış, proqram təminatı məsələləri həll edilmiş, müəllimlərin İKT bacarıqlarına yiyələnməsi sahəsində tədbirlər həyata keçirilmişdir. Layihə tətbiq olunan məktəblərdə: -məktəbin idarəedilməsi daha şəffaf olur, həm məktəb, həm də məktəbdənkənar tədris resursları müəllimlərə və şagirdlərə açıq olur, onlar xüsusi multimedia tədris məzmununa yönəldilmiş rəqəmsal materiallardan, tədris planına müvafiq onlayn kitabxanalardan istifadə edə bilirlər, bu isə valideynlərə təhsil proseslərində daha fəal iştirak etmək imkanı verir; -məktəbin bütün müəllimləri sinif otağında əlavə resurs kimi hazırlanmış proqram təminatı alətlərindən istifadə etmək imkanı əldə edir, dərslərini daha səmərəli planlaşdırır, yaradıcı müəllimlər tədris resurslarını təkmilləşdirə, yaxud yeni resurslar yarada bilirlər; -müəllimlər İKT-dən testləşdirmə və nailiyyətlərin qiymətləndirilməsi prosesində istifadə edə bilir, şagirdlər isə özlərini qiymətləndirmək imkanı əldə edirlər. "Elektron məktəb" layihəsi iştirakçılarının fikirləri belədir ki, müəllimlər yeni bacarıqlar əldə edir, daim yeni ideya və metodlar axtarışında olur, pedaqoji prosesdə müəllimin rolu dəyişir, o, daha çox bələdçi rolunu oynayır, fəal-interaktiv təlimə üstünlük verir, əyani vəsaitlərdən geniş istifadə edir, dərsləri daha maraqlı qurur, bu səbəbdən şagirdlərin təlimə marağı artır, təlim materialı daha yaxşı mənimsənilir, məktəbin səmərəli idarəedilməsi asanlaşır, nəticədə təhsilin keyfiyyəti yüksəlir. Hesab edirəm ki, bu layihənin ilkin nəticələri daha çox müəllimlərin inkişafı ilə bağlıdır və qazanılmış təcrübə müəllimlərin ixtisasartırma prosesində geniş istifadə olunmalıdır. Bunlarla yanaşı, müasir dövrdə təhsildə İKT-nin müstəsna rolunu nəzərə alaraq bir sıra vəzifələrin həyata keçirilməsi də qarşıda dururdu: * İdarəetmə sahəsində İKT-nin tətbiqi imkanlarının genişləndirilməsi. *İKT sahəsində idarəetmə orqanları işçiləri, təhsil müəssisələri rəhbərləri və fənn müəllimlərinın ixtisasının artırılmasının müntəzəm təşkili. *İxtisasartırma kurikulumunun məzmununa İKT üzrə kursun daxil edilməsi. *Kütləvi informasiya vasitələrində İKT-nin tədris prosesində tətbiqinə dair elmi-kütləvi verilişlər və rubrikaların açılması. *Müəllim və şagirdlərin informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərinin monitorinqi mexanizminin hazırlanması. *Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair dərsliklər, dərs vəsaitləri və metodik göstərişlərin hazırlanması işinin davam etdirilməsi. *Yeni nəsil elektron dərsliklərin hazırlanması, ekspertizası, yayılması və tətbiqi mexanizminin işlənməsi. *İnformasiya-kommunikasiya texnologiyaları üzrə modul təhsil komponentlərinin hazırlanması, ixtisasartırmada müvafiq modullardan istifadə mexanizminin işlənməsi. *Regionlarda mövcud və ya yeni yaradılacaq informasiya mərkəzlərinin nəzdində informatika müəllimləri üçün təlimlər apara biləcək ixtisaslı mütəxəssislərin hazırlanması. *Respublikanın hər bir rayonu üzrə baza məktəblərinin müəyyən olunması, bu məktəblərdə əlavə kompüter siniflərinin yaradılması və rayonun informatika müəllimlərinin bilik səviyyələrinin artırılması üçün bu məktəblərdə səyyar kursların təşkili. *ümumtəhsil məktəblərinin İnternetə çıxışının təmin olunması istiqamətində görülən işlərin davam etdirilməsi. *"Elektron məktəb" pilot layihəsinin həyata keçirilməsi. *Respublika üzrə ümumtəhsil məktəblərinin korporativ şəbəkəsinin yaradılması, "Data mərkəzi"n imkanlarından istifadə edilməsi, təhsillə bağlı milli resursların yaradılması. *Yeni texnologiyaların (WiMAX və sair) dünyada tətbiqi təcrübəsinin öyrənilməsi və təhsil sistemində bu texnologiyaların tətbiqi imkanlarının araşdırılması. *Müəllimlərin Noutbuklarla təmin olunması üçün proqramın hazırlanması. *Elektrik təchizatında problem olan məktəblərdə kəsintisiz elektrik akkumulyatoru olan Noutbuklardan istifadə olunması istiqamətində tədbirlərin həyata keçirilməsi. *İKT-nin tətbiqi ilə bağlı normativ-hüquqi bazanın yaradılması. *"Təhsildə İKT" ümumrespublika forumunun keçirilməsi. *Məktəblərin vahid məlumat bazasının yaradılması, bu bazada hər bir şagird haqqında, onun davamiyyəti, bilik səviyyəsi, aldığı qiymətlər və sair barədə informasiyaların toplanması və emal edilməsi. *Məktəblər arasında İKTmultimedia yarışlarının keçirilməsi. Təhsilin informasiyalaşdırılması istiqamətində görülmüş işlərin sistemli olaraq davam etdirilməsi və təhsil sistemində İKT-nin tətbiqinin daha yüksək mərhələdə inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq edildi. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası üçün şəraitin yaradılmasıdır. Bu məqsədlərə nail olmaq üçün proqramda bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. 1.Əsas vəzifələrdən biri təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsidir. Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqlarla təminat işinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə, təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi, təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması, İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması da proqram çərçivəsində qarşıda duran vəzifələrdəndir. 2.Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində bütün fənlər üzrə müasir elektron elmi-metodik vəsaitlər kompleksinin işlənilməsi və yayılması, elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası, ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin, vahid təhsil portalının yaradılması, təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunması da proqram çərçivəsində nəzərdə tutulmuş əsas istiqamətlərdəndir. 3.Proqram çərçivəsində təhsil sistemində idarəetmənin informasiyalaşdırılmasına xüsusi diqqət yetirilməsi də nəzərdə tutulmuşdur. Düşünürəm ki, proqrama əsasən təhsil sahəsinin idarəolunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarəedilməsində informasiya sistemləri və texnologiyalarının səmərəli tətbiqinin təmin edilməsi, təhsilin idarəolunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi, təhsilin idarəolunması funksiyalarını yerinə yetirən orqanların İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması kimi məqsədlər Azərbaycanın təhsil sistemində idarəetmənin informasiyalaşdırılmasının dünya standartlarına uyğun qurmağa imkan verəcəkdir. 4.Kadr potensialının gücləndirilməsi komponenti təhsil sisteminin pedaqoji və inzibati idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsini, yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsini, regionlarda, xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsini, yaradıcı və innovativ müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün motivasiya sisteminin yaradılması da proqramda nəzərdə tutulan əsas vəzifələrdəndir. 5.Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də zəruridir. Bu istiqamət üzrə fəaliyyət informasiya-kommunikasiya texnologiyalarının təhsil sistemində istifadəsi və tətbiqi ilə bağlı mövcud qanunvericilik aktlarının, normativ-hüquqi sənədlərin monitorinqinin aparılması, təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri normativ və standartların işlənilməsi və həyata keçirilməsi nəzərdə tutulur. ötən məqalədə qeyd edildiyi kimi, Dövlət Proqramına əsasən təhsildə informasiya texnologiyalarının tətbiqinin effektivliyini təmin etmək üçün bu sahədə böyük təcrübəsi olan beynəlxalq və yerli şirkətlər cəlb olunmuşdur. Dövlət və özəl tərəfdaşlıq konsepsiyasına (public/private/partnership) uyğun olan birgə fəaliyyət az bir zamanda Dövlət Proqramı çərçivəsində aralıq nəticələr əldə etməyə imkan verməklə yanaşı, 2012-ci ilədək tədbirlər planına uyğun nəticələrin əldə edilməsinə əminlik yaradır. Dövlət Proqramı artıq bir ildir ki həyata keçirilir. ötən müddətdə artıq bir sıra nəticələr əldə edilmiş, bütün komponentlər üzrə işlərin artıq bünövrəsi qoyulmuşdur. Proqram çərçivəsində görülmüş işlər cari ilin iyununda "Gülüstan" sarayında keçirilən geniş konfransda təqdim edilmişdir. Azərbaycan təhsil şəbəkəsi. Təhsilin informasiyalaşdırılmasında müvafiq infrastrukturun yaradılması böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində təhsil müəssisələrində kompüter avadanlığı quraşdırılsa da, onlardan effektiv istifadə üçün infrastruktur yox idi. Məhz buna görə yeni proqramda da infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilmişdir. Dövlət Proqramı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yardımı ilə BMT İnkişaf Proqramının AzNET layihəsinin bazasında yaradılmış Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET) əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksəksürətli İnternet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə miqyasında təhsil ocaqları arasında yüksəksürətli məlumat mübadiləsini təmin etməyə imkan verəcək və bununla da milli elektron təhsil şəbəkələrinin inkişafı sürətlənəcək, həmçinin tədrislə bağlı materiallara çıxış sadələşdiriləcək. Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqları ardıcıl sürətdə İnternetə çıxışla təmin olunacaq. Təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmətləri də təqdim edəcək. Proqram çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması həyata keçirilməkdədir. Həmin şəbəkələr kompüter siniflərini, müəllimlər otağını və direktorun otağını birləşdirəcək. Həmçinin qeyd etmək lazımdır ki, "Elektron məktəb" layihəsi çərçivəsində Bakının 20 məktəbi, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi fiberoptik kabel vasitəsilə Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş, bununla da yüksəksürətli İnternetə və nazirliyin Məlumat və Resurs Mərkəzinə çıxış təmin olunmuşdur. ölkənin 200 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə qoşulması prosesi artıq başa çatmışdır. Cari ildə daha 300 məktəbin bu şəbəkəyə qoşulması nəzərdə tutulmuşdur. Lakin bu sahədə qarşıya çıxan çətinliklərdən biri bəzi məktəb direktorlarının təhsil müəssisələrində həyata keçirilən şəbəkələşməyə problem yaratmasıdır. Aparılan araşdırmalar göstərmişdir ki, bir sıra hallarda maneələrin yaradılması məktəb direktorlarının informasiyalaşdırmanın vacibliyi və əhəmiyyəti haqqında məlumatsızlıqlarından irəli gəlir. Nazirlik tərəfindən problemin aradan qaldırılması istiqamətində artıq tədbirlər görülməyə başlanmış, təhsilin informasiyalaşdırılması ilə əlaqədar məktəb direktorları üçün xüsusi treninqlər keçirilməkdədir. Əminəm ki, ölkəmizdə təhsilin inkişafında Azərbaycan təhsil şəbəkəsinin böyük əhəmiyyəti olacaq, ölkənin müxtəlif regionlarında yerləşən təhsil ocaqlarının bir şəbəkədə birləşməsi çevik idarəetmə üçün geniş imkanlar açacaqdır. Məlumat və Resurs Mərkəzi. Dövlət Proqramı çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (Data Mərkəz) Azərbaycanda təhsil sektorunun informasiyalaşdırılmasında əhəmiyyətli yer tutur. Əgər Azərbaycan Təhsil Şəbəkəsi müasir təhsilimizin "qan-damar sistemidirsə", Məlumat və Resurs Mərkəzi onun "beynidir". Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Məlumat və Resurs Mərkəzinin funksiyaları olduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. Azərbaycan təhsil şəbəkəsində İnternetə "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı, mərkəz həmçinin təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaqdır. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulmuş, bütün avadanlıqların 24 saat və ehtiyat rejimdə işləməsi üçün hər cür texniki imkanlar yaradılmışdır. Məlumat və Resurs Mərkəzinin başlıca funksiyalarından biri də uşaqlar üçün istifadə olunması məsləhət görülməyən veb-resurslara daxilolmanın qarşısını almaqdır. Bu proses İnternet-filtr xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. İnternet-filtrllər zorakılıq, pornoqrafik və uşaq psixologiyasına mənfi təsir göstərən digər veb-resurslara çıxışı məhdudlaşdırır. Məqsədimiz həmçinin uşaqları əyləncə xarakterli İnternet-saytlardan istifadəyə imkan verməməkdir. Dünya təcrübəsi göstərir ki, uşaqlar İnternetdə olarkən daha çox əyləncə xarakterli saytları ziyarət edirlər, bu isə tədrisə ayrılan vaxtı olduqca məhdudlaşdırır. Məhdudiyyətlər qoyulan veb-resursların siyahısı daim yeniləşdiyi üçün Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş orta və ali məktəblərda oxuyan şagird və tələbələr İnternetdən istifadə edərkən yalnız onların maarifləndirilməsinə yönəlmiş resurslara çıxış əldə edə biləcəklər. Bu isə İnternetin bu istiqamətdə maneə yox, mühüm yardımçı vasitəyə çevrilməsi üçün mühüm addımlardan biridir.
(Ardı var)
Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor
|