|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində mətbuat konfransı
Orta məktəb kursu üzrə buraxılış imtahanlarının nəticələri ötən ildəkindən yüksəkdir
İyunun 22-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair mətbuat konfransı keçirildi. Konfransı açaraq KİV nümayəndələrini salamlayan təhsil naziri Misir Mərdanov dəvəti qəbul edib gəldiklərinə görə onlara təşəkkür etdi. Nazir bildirdi ki, orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi ilə il ərzində çox böyük bir mərhələ, nəhayət, başa vurulub. Təhsil naziri diqqətə çatdırdı ki, iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri artıq məlumdur və onlar nəzərdə tutulan müddətdən də əvvəl şagirdlərə, valideynlərə çatdırılıb. Bu işin çox çətin və böyük bir sınaq olduğunu deyən nazir ötən il mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının bütün ölkədə deyil, onun bir hissəsində keçirilməsinə baxmayaraq, bir sıra çətinliklərlə qarşılaşdıqlarını, bunu nəzərə alaraq, bu il məsələyə daha ciddi yanaşdıqlarını bildirdi. Qeyd etdi ki, məhz bu səbəbdən bu ilin nəticələri ötən ildəkindən yüksəkdir və ölkə ictimaiyyətinin imtahanlara münasibətində də ötən illə müqayisədə müsbətə doğru xeyli irəliləyiş hiss olunur. "Bu onu göstərir ki, biz düzgün yolla gedirik və bu işi gələcəkdə daha əsaslı şəkildə, daha yüksək keyfiyyətlə və daha şəffaf formada davam etdirməliyik". Sonra Misir Mərdanov imtahanların nəticələrini əks etdirən rəqəmləri jurnalistlərin diqqətinə çatdırdı. İmtahanların 4 bölgədə həyata keçirildiyini deyən nazir öncə birinci bölgənin nəticələrini açıqladı. Məlum oldu ki, şimal bölgəsi üzrə imtahanlar 21 rayonu əhatə etməklə 65 mərkəzdə aparılıb. İmtahanlarda iştirak etməli olan 21930 şagirddən 21292-si, yəni 97,09 faizi iştirak edib. 16368 şagird müsbət qiymət alıb və bölgə üzrə müvəffəqiyyət 76,87 faiz olub. İkinci bölgədə 17 rayon üzrə 69 mərkəzdə imtahan keçirilib. Qərb rayonlarını əhatə edən bu bölgə üzrə 22168 şagirddən 21386-sı, yəni 96,47 faizi imtahanlarda iştirak edib. Onlardan müvəffəq olanlar 15531 nəfər, yəni 72,62 faizdir. 19 rayondan ibarət olan üçüncü - cənub bölgəsində 72 mərkəzdə imtahanlar aparılıb. İmtahanlara 23771 şagird gəlməli olduğu halda 22399-u, yəni 94,23 faizi gəlib. Qeyd olunan bölgə üzrə şagirdlərin 16108 nəfəri, yəni 71,91 faizi imtahanları uğurla verib. Dördüncü bölgəni əhatə edən Bakı və Sumqayıt şəhərlərində imtahanlar 87 mərkəzdə təşkil olunub. Bu bölgədə şagirdlərin imtahanda iştirak faizi daha yüksək - 99,34 olub. Belə ki, imtahan verməli olan 28355 şagirddən 28168-i imtahanlarda iştirak edib. 25870 nəfər imtahanlarda müsbət qiymət alıb, mənimsəmə 91,84 faiz olub. Nazir Misir Mərdanov sonra birbaşa Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalarda imtahanların nəticələri haqqında məlumat verdi. Bildirdi ki, həmin təhsil müəssisələrinin buraxılış siniflərində imtahanda iştirak etməli olan 1118 nəfərdən cəmi 3-ü imtahana gəlməyib. 1097 nəfər müsbət qiymət alıb, mənimsəmə 98,13 faiz olub. Konfransda özəl orta məktəblərin, məcburi köçkün məktəblərinin imtahan nəticələrini əks etdirən rəqəmlər də jurnalistlərə təqdim olundu. Qeyd edildi ki, özəl orta məktəblərin imtahanlarda iştirak etməli olan 217 şagirdindən cəmi 2-si iştirak etməyib. özəl məktəblər üzrə imtahanlarda iştirak faizi 99,07, mənimsəmə 96,26 faiz olub. Məcburi köçkün məktəblərinin buraxılış siniflərində imtahanlara 2074 şagird buraxılsa da, lakin faktik olaraq 2023 nəfəri iştirak edib. Mənimsəmə 81,32 faiz olub. Bütövlükdə, ölkə üzrə 4 bölgədə 293 mərkəzdə imtahan keçirilib. İmtahanlarda iştirak etməli olan 99630 şagirddən 96595-i imtahan verib. İmtahanlarda iştirak etmə faizi 96,95 olub, 76825 şagird imtahanlardan müvəffəq qiymətlər alıb. Beləliklə, ölkə üzrə müvəffəqiyyət göstəricisi 77,11 faiz olub. Təhsil naziri məlumat verdi ki, illik qeyri-kafi qiymət aldıqlarına görə 5067 şagird imtahana buraxılmayıb. Olimpiada qalibi olduğuna görə 6, xəstəliyinə görə isə 419 şagird buraxılış imtahanlarından azad edilib. Nazir eksternat qaydasında imtahan vermək üçün də şəraitin yaradıldığını, bütövlükdə, əsas və orta təhsil kursu üzrə 63 nəfərin iyunun 23-də bu qayda ilə imtahan verəcəklərini bildirdi. Eksternat qaydasında imtahan verənlərin tərkibinə gəldikdə isə nazir onlardan 25-nin orta təhsil, 4-nün əsas təhsil kursları üzrə müvafiq sənəd almaq istəyənlər, 26 nəfərinin imtahan ərəfəsində xəstələnmiş və digər üzrlü səbəbi olanlar, 8 nəfərinin hərbi xidmətdən sonra təkrar imtahan vermək üçün gec sənəd verənlər olduğunu söylədi. Nazir bildirdi ki, imtahan keçirilmiş 8 fənn üzrə attestata yazılacaq qiymətləri əks etdirən siyahılar və attestatlar artıq rayonlara göndərilib və bir-iki gündən sonra yəqin ki, yerlərdə həmin siyahıya əsasən attestatlar yazılıb məzunlara təqdim olunacaqdır. Mətbuat konfransında təhsil naziri orta təhsil kursu üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərmiş rayonların da adını açıqladı. Qeyd olundu ki, şəhər və rayonlar arasında ən yüksək göstərici - 94,31 faiz Sumqayıta məxsusdur. Bakı üzrə orta göstərici 90,73 faizdir. Birinci bölgə üzrə ən yüksək müvəffəqiyyət göstəricisi Göyçayda (92,34 faiz), ikinci bölgə üzrə Gəncədə (81,67 faiz), üçüncü bölgə üzrə isə Kürdəmirdə (89,41 faiz) qeydə alınıb. Bakı şəhərinin rayonları isə müvəffəqiyyət göstəricilərinə görə bu cür sıralanıb: Xətai rayonu - 95,25 faiz; Nizami- 93,95 faiz; Səbail - 93,5 faiz; Nəsimi - 92,66 faiz; Nərimanov - 92,53 faiz; Yasamal - 91,66 faiz; Binəqədi - 90,67 faiz; Sabunçu - 89,97 faiz; Suraxanı - 89,11 faiz; Əzizbəyov - 81,13 faiz; Qaradağ - 80,6 faiz. Təhsil naziri imtahanlarla bağlı yaradılmış apelyasiya komissiyasının artıq öz işinə başladığını, müraciət edənlərin özlərinin bilavasitə iştirakı ilə araşdırma aparılacağını da diqqətə çatdırdı. Konfransın sonunda nazir Misir Mərdanov KİV əməkdaşlarının müvafiq suallarını cavablandırdı.
Yusif ƏLİYEV
İki ölkənin təhsil sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirilib
İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Sonra Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən nazir bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Təhsil naziri həmçinin Türkiyə Respublikasının ali məktəblərində oxuyan azərbaycanlı gənclər və ölkəmizdə təhsil alan türkiyəli tələbələr, onların seçdikləri ixtisaslar barədə qonağa məlumat verib, eləcə də hazırda Ankara Universitetində 160 azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb. Qonaqların ölkəmizin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirməsinin əhəmiyyətini qeyd edən nazir Misir Mərdanov universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, müəllim mübadiləsinin aparılması, birgə elmi konfransların təşkili, müvafiq proqramların uyğunlaşdırılması və digər bu kimi məsələlər haqqında fikirlərini bildirib, müvafiq təkliflərini qonaqların nəzərinə çatdırıb. Ankara Universitetinin rektoru Cemal Taluğ səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib və nazirin irəli sürdüyü təkliflərlə həmrəy olduğunu bildirib. Birgə əməkdaşlığın, səmərəli əlaqələrin qurulmasında bu görüşün xüsusi əhəmiyyət daşıyacağına əminliyini ifadə edən qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb, eyni zamanda rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|