|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Moskvada azərbaycanlılar üçün Rusiya ali məktəblərinə qəbul imtahanları keçirilib
İyunun 10-da Moskvadakı 1241 nömrəli orta ümumtəhsil məktəbində RF Elm və Təhsil Nazirliyinin və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə ümumrusiya Azərbaycan Konqresi (üAK) və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin Azərbaycan vətəndaşları üçün təşkil etdikləri Rusiya ali məktəblərinə qəbul imtahanları keçirilmişdir. İmtahandan əvvəl çıxış edən "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, imtahan komissiyasının sədri, professor Tofiq Məlikli Azərbaycanın gənc vətəndaşlarının Rusiya ali məktəblərini seçmələrinin vacibliyini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi Rusiyanın aparıcı ali məktəblərinin seçilməsi üçün xüsusi imkan yaratmışdır. Tofiq Məlikli demişdir: "Əlamətdar haldır ki, Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərində ayrılmış yerlər büdcə hesabınadır, yəni onlar Rusiya dövlətinin hesabına təhsil alacaqlar". ümumrusiya Azərbaycan Konqresinin təhsil və humanitar məsələlər üzrə komitəsi sədrinin müavini, tibb elmləri namizədi, dosent Xumar Əliyeva bildirmişdir ki, artıq beş ildir üAK Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərinə qəbul imtahanları üzrə aksiya keçirir. O, auditoriyaya müraciət edərək demişdir: "Bu tədbir neçənci dəfədir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə keçirilir. Rusiya Federasiyasının ali məktəblərində təhsil aldığınız müddətdə siz Azərbaycanı yaxşı təmsil etməlisiniz". "Lukoyl" şirkətinin nümayəndəsi Nelli Ələkbərovanın sözlərinə görə, təhsil öz ölkəsini şöhrətləndirmək üçün gözəl şansdır. O, abituriyentlərə müraciətlə demişdir ki, müxtəlif sahələr üzrə yaxşı mütəxəssis olun, lakin sizin əsas missiyanız budur ki, xalqımızın qədim, mədəni olduğunu göstərəsiniz, bizim gözəl Azərbaycan Respublikasına və onun Prezidentinə arxalandığımızı sübuta yetirəsiniz. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşı Tamilla Əhmədova qəbul imtahanlarını böyük həyata vəsiqə adlandırmışdır. O demişdir: "Peşə seçimi hər bir insanın həyatında çox mühüm addımdır və mən hesab edirəm ki, sizin hər biriniz bu addımı düşünülmüş və anlaşıqlı şəkildə atmışdır. Sizə arzularım budur ki, təhsil almaq üçün maksimum səy göstərəsiniz, çünki bu gün keyfiyyətli təhsil bir çox şeyləri həll edir. Bizə yaxşı mütəxəssislər, peşəkarlar lazımdır". T.Əhmədova xüsusi vurğulamışdır ki, ölkəmizin rəhbərliyi və Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun bilavasitə iştirakı ilə kompüterlərlə və digər ən müasir texniki avadanlıqla təchiz edilmiş yeni məktəblər açılır. Bu, ölkəmizdə təhsil almağa imkan yaradır, səmərəli və keyfiyyətli tədrisə kömək göstərir. Tamilla Əhmədova Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından abituriyentləri bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara imtahanlarda uğurlar arzulamışdır. Dörd uşaq anası Etibar Rüstəmova söz alaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etmişdir. O demişdir ki, öz uşaqlarını vətənpərvərlik ruhunda tərbiyə edir. Etibar Rüstəmova Azərbaycan vətəndaşları üçün yaradılmış imkanlara, onların hər birinə göstərilən daimi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbərliyinə və Fondun Rusiyadakı nümayəndəliyinə dərin təşəkkürünü bildirmişdir. O demişdir: "Mən bütün analar adından Azərbaycan rəhbərliyinin, Heydər Əliyev Fondunun Rusiyada təhsil alan balalarımıza göstərdiyi maddi yardıma görə təşəkkürümü bildirmək istəyirəm". İmtahan Komissiyasının üzvü, Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nigar Hüseynova imtahana buraxılmış abituriyentlərin siyahısını elan etmiş, hamıya uğur diləmiş və qəbul imtahanlarının rəsmi başlandığını bildirmişdir. üAK-ın icraçı direktoru Eldar Quliyev demişdir ki, Rusiya tərəfi bu dəfə özünün ali məktəblərində Azərbaycan vətəndaşları üçün 128 yer ayırmışdır ki, bu da ötən ildəkindən iki dəfə çoxdur. Onun sözlərinə görə, ayrılmış yerlərə 140 Azərbaycan abituriyenti iddiaçıdır. Azərbaycan rəhbərliyinin Rusiyada təhsil alan Azərbaycan gənclərinə diqqət və qayğısını xüsusi vurğulayan Eldar Quliyev bildirmişdir ki, Rusiya ali məktəblərinə qəbul olunmuş hər bir Azərbaycan vətəndaşı bu və ya başqa tədris müəssisəsində nəzərdə tutulmuş təqaüdlə yanaşı, Azərbaycandan da hər ay maddi yardım alacaqdır. Eldar Quliyev Azərbaycan vətəndaşlarına öz qapılarını açmış Rusiyanın ali məktəbləri sırasında Seçenov adına Rusiya Tibb Akademiyasını, Plexanov adına Rusiya İqtisad Akademiyasını, Sankt-Peterburq Dövlət Universitetini, Bauman adına Moskva Dövlət Texniki Universitetini, Moskvanın digər ali məktəblərini və Rusiya Federasiyasının subyektlərini xüsusi qeyd etmişdir.
Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva
|