· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı nazirliyin Fəaliyyət Planına (2.4 və 7.4-cü bəndlər) əsasən yerlərdə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə 2009-cu ilin mayında Bakı şəhərində tanınmış alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılmışdır.

Seçim prosesində riyaziyyat fənnindən 219 (VIII-IX siniflər - 119, X sinif - 100), fizikadan 131 (VIII-IX siniflər - 45, X sinif - 86), kimyadan 131 (VIII-IX siniflər-54, X sinif-77), biologiyadan 140 (VIII-IX siniflər - 71, X sinif - 69) nəfər, cəmi 621 şagird iştirak etmişdir. Şagirdlərə göstərilən fənlərin hər birindən  xüsusi hazırlanmış 50 test təklif olunmuş, nəticələr 100 ballıq sistemlə qiymətləndirilmişdir.

İlkin Məsimov (Fizika-riyaziyyat  və informatika təmayüllü lisey, X sinif, 84 bal), Abduləli Hadızadə (Şəki şəhər 11 nömrəli orta məktəb, IX sinif, 82 bal), Günay Quluzadə (Fizika-riyaziyyat və informatika təmayüllü lisey, X sinif, 82 bal), Aqil Zeynallı (Heydər Əliyev adına lisey, X sinif, 76 bal), Elçin İsmətli (Fizika-riyaziyyat və informatika təmayüllü lisey, X sinif, 74 bal), Aslan Cavadov (Cəlilabad şəhər 8 nömrəli orta məktəb, X sinif, 72 bal) riyaziyyatdan, Hikmət Qurbanlı (Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli orta məktəb, X sinif, 88 bal), Fəhmin Haqverdiyev (Bakı Türk Anadolu Liseyi, X sinif, 86 bal), Mahir Əhmədov (Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli orta məktəb, IX sinif, 84 bal), Əliqənbər Xəlilli (Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli orta məktəb, IX sinif, 84 bal), Cavid Salahov (Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya, X sinif, 84 bal), Elman Mənsimov (Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, IX sinif, 82 bal) fizikadan, Zakir Tağızadə (Heydər Əliyev adına lisey, X sinif, 94 bal), İlyas Əhmədov (Ağdaş rayonu M.Şeyxzadə adına təbiət, texniki və humanitar fənlər təmayüllü gimnaziya, IX sinif, 94 bal), ülviyyə Quliyeva (Bakı şəhəri 47 nömrəli orta məktəb, X sinif, 94 bal), Nurlan Bəylərov (Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya, X sinif, 92 bal), Nərgiz Müştaqzadə (Heydər Əliyev adına lisey, IX sinif, 92 bal), Fərid Əzizov (Ağdaş rayonu Ağcayazı kənd orta məktəbi, X sinif, 90 bal), Mətin Hadızadə (Yardımlı rayonu Bozayran kənd orta məktəbi, X sinif, 90 bal), Sevinc Ağayeva (Bakı şəhər 236 nömrəli orta məktəb, X sinif, 88 bal), ülvi Osmanov (Bakı şəhər 286 nömrəli orta məktəb, X sinif, 84 bal), Fəhmin Haqverdiyev (Bakı Türk Anadolu Liseyi, X sinif, 84 bal), İlahə Fərəcli (Bakı şəhər 286 nömrəli orta məktəb, X sinif, 84 bal) kimyadan, Vurğun Abıyev (Lerik rayonu Nuravud kənd orta məktəbi, IX sinif, 68 bal), Aygün İsmayılova (Şəki şəhər 7 nömrəli orta məktəb, IX sinif, 56 bal), Nərminə Ələkbərova (Bakı Avropa Liseyi, X sinif, 52 bal), Leyla Hüseynli (Sumqayıt şəhər 23 nömrəli orta məktəb, X sinif, 50 bal) biologiyadan ən yüksək nəticə göstərmişlər.

Qeyd olunanlarla yanaşı, seçimin yekunlarına dair hazırlanmış reytinq cədvəlindən aydın olur ki, bir çox məktəb rəhbərləri bu tədbirdə iştirak üçün istedadı ilə fərqlənənləri deyil, təsadüfi şagirdləri göndərmişlər. Həmin şagirdlərin bəziləri verilmiş tapşırıqları yazmaqdan imtina etmiş, bəziləri isə hətta "0" bal toplamışlar. Belə hallar, ilk növbədə, müvafiq təhsil şöbələrinin və məktəb direktorlarının Dövlət Proqramında icrası nəzərdə tutulan bu vacib məsələyə məsuliyyətsiz və laqeyd münasibətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.

Göstərilənləri nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Xüsusi istedada malik olan şagirdlərin aşkara çıxarılması ilə bağlı 2009-cu ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilmiş seçimin nəticələri nəzərə alınsın.

2. Seçimin yekunlarına görə I,II,III yerlərin qalibləri müvafiq diplomlarla təltif edilsinlər.

3. Seçim keçirilmiş fənlər üzrə aparılan qiymətləndirmənin nəticələri barədə məlumat (reytinq cədvəli) müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və bilavasitə nazirlik tabeliyindəki təhsil müəssisələrinə göndərilsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə nazirlik tabeliyindəki ümumtəhsil müəssisələrinin direktorları:

4.1. Bu əmrin məzmununu pedaqoji kollektivlərə çatdırsınlar, istedadı ilə fərqlənən şagirdlərin aşkarlanması və inkişaf etdirilməsi sahəsində məqsədli tədbirlərin davam etdirilməsini müntəzəm nəzarətdə saxlasınlar.

4.2.  Hər bir məktəbdə ayrı-ayrı fənlər üzrə istedad və qabiliyyəti ilə fərqlənən VI-X sinif şagirdlərini aşkara çıxarıb məktəb, rayon (şəhər) üzrə "İstedad bankı"nı ilbəil zənginləşdirsinlər.

4.3. Dövlət Proqramı çərçivəsində çap olunmuş və yerlərə çatdırılmış "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant", "Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi", "İstedadlı uşaqların psixoloji təminatı", "İstedadın psixoloji diaqnostikası" və başqa ədəbiyyatlardan səmərəli istifadə üçün zəruri tədbirlər görsünlər.

4.4. İstedadlı şagirdlərin rəğbətləndirilməsi, onlara təqaüdlərin verilməsi və barələrində dövri mətbuatda yazıların verilməsi məqsədilə zəruri tədbirlər həyata keçirsinlər.

4.5. "Kiçik Akademiyalar" vasitəsilə xüsusi istedada malik şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müxtəlif səviyyəli elmi-təcrübi konfransların, kiçik olimpiadaların və digər xarakterli bilik yarışlarının keçirilməsini təşkil etsinlər.

4.6. Bu əmrin 3-cü bəndində qeyd olunan məlumatları ətraflı təhlil edib seçimin yekunlarına görə şagirdlərin zəif nəticə göstərmələrinin səbəblərini araşdırıb müvafiq qərar qəbul etsinlər.

4.7. Əmrin yerinə yetirilməsinin gedişi vəziyyəti barədə 2009-cu ilin dekabrında nazirliyə ətraflı arayış göndərsinlər.

5. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov):

5.1. Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) ilə birlikdə seçim tədbirlərində daha yüksək nəticə göstərmiş şagirdlərin görkəmli alimlərlə görüşlərinin təşkil olunması, onların həmin alimlər tərəfindən elmi himayəyə götürülməsi istiqamətində ardıcıl iş aparsınlar.

5.2. İqtisadiyyat şöbəsi (H.Zeynalov) ilə birlikdə seçim zamanı ən yüksək nəticə göstərən 50 nəfər şagirdin 2009-cu ilin iyulunda Bakının Şüvəlan qəsəbəsində təlim-istirahət düşərgəsinə cəlb olunması üçün təşkilati tədbirlər həyata keçirsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

19 iyun 2009-cu il