|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Taksonomiya nəzəriyyəsi və istedadın inkişafı" mövzusunda elmi-praktik konfrans
Avropa inteqrasiya olunan Azərbaycan təhsilinin qarşısında duran mühüm vəzifələrdən biri təhsilin bütün pillələrində istedadlıları aşkar edərək onlara potensiallarını reallaşdırmaqda imkan yaratmaqdır. Hazırda Azərbaycan dövləti bu istiqamətdə mühüm praktik addımlar atır. ölkə Prezidenti İlham Əliyev tərəfindən təhsil sisteminin inkişafına yönələn Dövlət Proqramları və digər mühüm qərarlar qəbul edilir. Bu mühüm dövlət aktlarının yerinə yetirilməsi istiqamətində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda mütəmadi olaraq məqsədyönlü işlər aparılır. İyunun 30-da institutda təşkil edilmiş "Gənc istedadlar" məktəbinin yaradılması və elmi-praktik konfransın təşkili bu baxımdan əhəmiyyətlidir. "Gənc istedadlar" məktəbinin açılışı münasibəti ilə təşkil edilmiş təntənəli mərasimdə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov çıxış edərək bildirdi ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə istedadların üzə çıxarılması və inkişafına dövlət səviyyəsində qayğı göstərmişdir. ötən əsrin 70-ci illərindən başlayaraq istedadlı azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün SSRİ-nin müxtəlif regionlarında yerləşən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdilər. Əgər ilk dövrdə onların sayı 50 nəfər idisə, 80-ci illərin əvvəllərində 1200-ə çatırdı. Hazırda Prezident İlham Əliyev cənabları bu siyasəti dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir. Qayğının bariz nümunəsi kimi Prezidentin sərəncamı ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir. Proqram çoxşaxəlidir. Onun reallaşması ilə bağlı müəyyən işlər görürük. Məsələn, baş redaktoru təhsil naziri, professor Misir Mərdanov olan "Gənc istedad" jurnalı institutumuzda nəşr edilir. "Gənc istedad" jurnalının xəttilə bu gün "Gənc istedadlar" məktəbinin yaradılması Proqramın reallaşması istiqamətində atılan növbəti addımdır. "Gənc istedadlar" məktəbinin məramı, məqsədi gənc istedadlarla işləyə biləcək pedaqoji kadrların və metodik tövsiyələrin hazırlanması, proqramların təkmilləşdirilməsi, gənclərin elmi tədqiqata cəlb edilməsidir. Əlbəttə, məktəbi yaratmaq işin bir tərəfidir. Əsas məsələ onun fəaliyyətini yüksək keyfiyyətlə təmin etməkdir. İnstitutumuzun Elmi Şurası bu məsələni müzakirə etdikdən sonra belə qərara gəldi ki, onun elmi rəhbəri vəzifəsini icra etməyi Azərbaycanda psixologiya elminin inkişafında əvəzedilməz xidmətləri olan, psixologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Əbdül Əlizadədən xahiş edək. Gərgin elmi fəaliyyətinə baxmayaraq, Əbdül müəllim bizim xahişimizi qəbul etdi və bu diqqətə görə biz ona minnətdarıq. Professor Əbdül Əlizadə çıxışında ona göstərilən etimada görə professor Asəf Zamanova təşəkkürünü bildirdi və vurğuladı ki, institutda təhsilimizin prioritetləri istiqamətində məqsədyönlü işlər görülür. Mən də onlara öz elmi potensialımla yaxından köməklik göstərəcəyəm. Sonda professor Asəf Zamanov və professor Əbdül Əlizadə "Gənc istedadlar" məktəbinin rəmzi açılışını bildirən qırmızı lenti kəsdilər. Elə institutun akt zalında "Taksonomiya nəzəriyyəsi və istedadın inkişafı" mövzusunda reallaşan elmi-praktik konfransı qısa giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov vurğuladı ki, istedadın inkişafı elmi araşdırmalara əsaslanan nəzəriyyə və təcrübənin sintezidir. Bu elmi araşdırmaların mənbəyində duran və fəxrlə adını çəkdiyimiz Azərbaycanın psixoloq alimlərindən biri, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadədir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan psixologiyası və pedaqogikasında taksonomiya nəzəriyyəsi və təcrübəsi sahəsində aparılmış axtarışlar istər nəzəri-metodoloji, istərsə də texnoloji baxımdan önəmli hadisə olmuşdur. Bu axtarışlar Azərbaycan psixopedaqogikasının dünya təcrübəsi ilə inteqrasiyası şəraitində inkişaf etdiyinin göstəricisidir. Əgər nəzərə alsaq ki, professor Əbdul Əlizadənin taksonomiya ilə bağlı ilk kitabı 11 il bundan əvvəl, 1998-ci ildə işıq üzü görmüşdür, onda biz əminliklə deyə bilərik ki, onun bu istiqamətdə apardığı elmi araşdırma zamanın süzgəcindən keçərək öz aktuallığını təsdiqləmişdir. Professor Əbdül Əlizadə təşkil etdiyimiz konfransda taksonomiya nəzəriyyəsi və onun istedadlıların inkişafındakı rolu haqqında "İstedadın inkişafının pedaqoji-psixoloji aspektləri" mövzusu məruzəsində iştirakçıları məlumatlandırdı. "Taksonomiya" yunan sözü olub "qayda ilə yerləşmə qanunu" deməkdir. Bu qanunun uyğunluqlarından biri də şagirdin kəşf yolu vasitəsi ilə məsələnin cavabını tapmasıdır. Hazırda bunun üçün aktiv və interaktiv metodlardan istifadə edirlər. Fəxrlə deyə bilərik ki, kəşf yolu ilə öyrənmənin ideyasını avropalılardan əvvəl dahi üzeyir bəy Hacıbəyov irəli sürmüşdür. Məruzə ətrafında Təhsil Problemləri İnstitutunun aparıcı əməkdaşı, psixologiya elmləri namizədi İlhamə Sultanova çıxışında taksonomiya ilə bağlı müxtəlif müəlliflərin yanaşmalarına toxundu və qeyd etdi ki, taksonomiyanın ilk tədqiqatçısı olan B.Blumun taksonomiya konsepsiyası kifayət qədər ümumi xarakter daşıyaraq inkişaf konsepsiyasına söykənmişdisə, Azərbaycan taksonomiyasında təfəkkürün psixoloji mənzərəsinə sistemli yanaşılıb. Bu sistemdə təfəkkür əməliyyatları axarında şüurun keyfiyyətləri ayırd edilmiş, koqnitiv və kreativ proseslər bilavasitə vurğulanmışdır. Professor Ə.Əlizadənin üçtərkibli taksonomiyasının yeni variantında (öyrənmə, inkişaf, mədəniyyət) tərkib hissələrinin sistemi ayrı-ayrılıqda geniş şəkildə verilir. Konfransda BPKİYİ-in psixologiya kafedrasının müdiri, psixologiya elmləri namizədi Hökumə Əliyeva, kafedranın baş müəllimi Gülnarə Əlixanova, institutun incəsənət kafedrasının baş müəllimi Nərgiz Rəcəbova çıxış etdilər. Konfransın işini professor Asəf Zamanov yekunlaşdıraraq, iştirakçılara təşəkkürünü bildirdi.
Ədalət DAŞDƏMİRLİ
|