· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama tərəfindən azərbaycanlı şagird mükafatlandırıldı

 

Qısa tanışlıq: Səbinə Rauf qızı Hüseynova 7 fevral 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Tofiq İsmayılov adına "İntellekt" liseyini "əla" və "yaxşı" qiymətlərlə bitirərək elə həmin il 622 balla Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasına qəbul olunub. Beynəlxalq təşkilatların həyata keçirdikləri proqramlarda fəal iştirak edən Səbinə 2007-ci ildə Almaniyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilən PAD (mədəniyyət, idman) proqramına qatılaraq 1 ay Almaniyada olub. 2008-ci ildə isə ACCELS təşkilatının həyata keçirdiyi FLEX ("Gələcək liderlərin mübadiləsi") proqramı üzrə müsabiqədə iştirak edərək 1 il Amerikada təhsil almaq hüququ qazanıb. Həmin ölkədə öz Vətənini layiqincə təmsil edən Səbinə Hüseynova göstərdiyi yüksək bilik və bacarığına görə ABŞ Prezidenti Barak Obama tərəfindən Fəxri fərmanla mükafatlandırılıb. Rus, ingilis, ispan və alman dillərini bilir. 2006, 2007-ci illərdə  üzgüçülük üzrə Bakı və respublika, həmçinin Gürcüstan Respublikasının  çempionu olub. Xobbisi incəsənətin ən maraqlı növlərindən biri sayılan rəssamlıqla məşğul olmaqdır.

 

Hər bir dövlətin tanınmasında onun siyasəti, mədəniyyəti, idmanı ilə yanaşı, xüsusilə elmi, təhsili də mühüm rol oynayır. Bu sahələrdə öz bilik və bacarıqlarını nümayiş etdirən, fitri istedadları ilə seçilib tanınanlar içərisində gənclərin böyük çoxluq təşkil etməsi  hər birimizdə qürur hissi oyadır.

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsildə də gedən əsaslı dəyişikliklər, istedadlı gənclərlə bağlı aparılan məqsədyönlü işlər özünün müsbət nəticələrini verməkdədir. Bu gün neçə-neçə istedadlı yeniyetmə və gənc nəinki təhsil aldığı orta və ya ali məktəbdə, həmçinin respublikanın hüdudlarından çox-çox uzaqlarda da öz bilik və bacarığını göstərmək imkanına malikdir. ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, onların  xoş sorağı dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu ali məktəblərindən gəlməkdədir. Gənclərin yüksək təhsil almaları üçün geniş imkanlar yaradılıb. Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər, həyata keçirdiyi tədbirlər də olduqca təqdirəlayiqdir.

Təbii ki, ölkəmizin nüfuzunun dünya miqyasında  getdikcə artması təhsil sahəsində beynəlxalq əlaqələrin daha da inkişafına birbaşa təsir göstərir.

Hazırda 4000 azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirir. Son illərdə bir sıra beynəlxalq təşkilatların xətti ilə çoxlu sayda yeniyetmə və gənc ABŞ-ın orta və ali məktəblərində təhsil alıb. Qürur doğuran  haldır ki, Azərbaycan gəncləri istər elm, istərsə də informasiya texnologiyaları sahəsində dünya miqyasına çıxırlar. Artıq ölkəmiz müasir dünyanın intellekt mərkəzlərindən birinə çevrilməkdədir. Respublikamızda gənclərin intellektual inkişafına, onların hərtərəfli dünyagörüşünün formalaşmasına xüsusi önəm verilir. Onu da qeyd edək ki, bu günün gəncləri 5-10 il əvvəlki Azərbaycan gənclərindən xeyli fərqlənir. Xarici görünüşündən, geyimindən tutmuş, həyata baxışına, düşüncə tərzinə, təfəkkürünə görə tam fərqli  yeni gənc nəsil formalaşıb. Gənclərimiz dünyanın ən nüfuzlu ölkələrində keçirilən müxtəlif tədbirlərdə iştirak edir, sərbəst şəkildə fikir yürüdür, mövqelərini bildirir, Azərbaycan həqiqətlərini çatdırmağı bacarırlar.

Haqqında söz açmaq istədiyimiz belə istedadlı gənclərimizdən biri  Səbinə Hüseynova 1 il bundan əvvəl ancaq yaşıdları, yaxınları arasında tanınırdısa, indi onu əhatə edən insanların sayı artaraq, çevrəsi daha da genişlənib.

2008-ci ildə orta məktəbi bitirərək  arzu etdiyi ali məktəbə - Azərbaycan Dövlət Neft Akademiyasına daxil olanda Səbinənin xəyalına belə gəlməzdi ki,  Amerikada təhsil alacaq və oxuduğu bir il ərzində yüksək bilik və bacarığı ilə oradakı yaşıdları arasında fərqlənəcək.

Elə bizimlə söhbəti zamanı Səbinənin ilk  səmimi etirafı da  məhz bu oldu. 2008-ci ildə ACCELS təşkilatının həyata keçirdiyi FLEX ("Gələcək liderlərin mübadiləsi") proqramı üzrə müsabiqədə iştirak edən və seçim turundan uğurla keçən gənc qız 1 il Amerikada təhsil almaq imkanı əldə edib. Həmin ölkənin Missuri ştatında "Fair Grove" məktəbinin 12-ci sinfində oxuyaraq riyaziyyat, kimya, informatika, ümumdünya tarixi, ingilis və ispan dilləri üzrə biliklərini artırmaqla bərabər, təsviri incəsənətlə də məşğul olub. Səbinə təhsil aldığı məktəbdə 1 il müddətində kimya, riyaziyyat, fizika fənləri və  rəssamlıq üzrə  keçirilən olimpiadalarda yüksək nəticələr əldə edərək 18 medal qazanıb. İstedadlı gənc xüsusilə riyaziyyat fənni üzrə fərqləndiyinə görə "Top senior" adına layiq görülüb. Bu, tərcümədə "yuxarı sinif şagirdlərinin ən güclüsü" deməkdir.

 Olimpiadalarda bütün fənlər üzrə yüksək nəticələr göstərərək, müvafiq yerləri tutan həmyerlimiz incəsənət sahəsində də özünü sınayaraq orada yeniyetmələr arasında keçirilən rəssamlıq sərgisində iştirak edib. Müxtəlif mövzularda çəkdiyi rəsmlərin hamısı amerikalılar tərəfindən rəğbətlə qarşılanaraq medallara layiq görülüb.

Həmin vaxt hamının maraqla qarşıladığı bu əsərlər, onların müəllifi haqqında Amerika mətbuatında maraqlı bir məqalə də çap olunub və amerikalılar istedadlı  azərbaycanlı gənci daha yaxından tanımaq imkanı əldə ediblər.

Söhbət əsnasında Səbinə qaldığı müddət ərzində Amerikanın təhsili, mədəniyyəti, tarixi ilə yaxından tanış olduğunu, gəzdiyi 10 ştatın hər birinin özünəməxsusluğu ilə seçildiyini, burada maraqlı insanlarla görüşdüyünü, onlarla fikir mübadiləsi apardığını söylədi. Vətəninə, xalqına ürəkdən bağlı olan gənc qız, eyni zamanda orada öz sinif yoldaşlarını doğma Azərbaycanla tanış etmək məqsədilə məktəbdə 2 dəfə təqdimatla çıxış edib. ölkəmizin ən gözəl memarlıq və tarixi abidələrini, həmçinin doğma yurdun gəzməli, görməli yerlərini əks etdirən fotolardan ibarət hazırladığı böyük bir stendi şagirdlər qarşısında nümayiş etdirən Səbinə Azərbaycanın tarixi, mədəniyyəti, təhsili haqqında geniş məlumatlar verib. Həmyerlimiz həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, bu gün 20 faiz ərazimizin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasından, bunun nəticəsində 1 milyon azərbaycanlının öz torpaqlarını, ev-eşiklərini itirərək qaçqın və köçkünə çevrilməsindən ürəkağrısı ilə danışıb. Səbinə öz vətənpərvərliyi və təəssübkeşliyi ilə orada hamını heyran edib. Gənc qız bundan qürur  hissi keçirdiyini, azərbaycanlı olması ilə fəxr etdiyini bildirdi. Səbinə Rauf qızı  təhsil aldığı müddətdə hamının sevimlisinə çevrilməklə yanaşı, bütün fənlər üzrə daim yüksək biliyi və əldə etdiyi yaxşı nəticələri ilə öz yaşıdlarından fərqlənib. Təsadüfi deyil ki,  təhsilini bitirdiyi zaman bütün fənlər üzrə müsbət nəticələr əldə etdiyinə görə sertifikatlara layiq görülməklə yanaşı, onun ispan dili fənni üzrə mənimsəmə faizi ən yüksək (100 %) olub ki, bu da çox gözəl bir göstəricidir.

Səbinə Hüseynovanın oxuduğu müddət ərzində göstərdiyi bilik və bacarıq, nümunəvi davranışı məktəbin rəhbərliyi, pedaqoji kollektivi tərəfindən də rəğbətlə qarşılanıb. Onun əldə etdiyi müvəffəqiyyətlər, qazandığı nailiyyətlər diqqətdən kənarda qalmayıb. Belə ki, gənc qız Prezidentin təhsildə mükafatlandırma proqramında uğurla iştirak etdiyinə, yüksək bilik və bacarığı ilə fərqləndiyinə və mükəmməl təhsilə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama tərəfindən mükafatlandırılaraq Fəxri fərmana layiq görülüb. Bir azərbaycanlı gənc üçün bundan sevincli nə ola bilər? - deyə Səbinə ən xoş təəssüratlarını bizimlə paylaşdı. Bildirdi ki, xoş xəbərin sevincini ilk olaraq ata-anası ilə bölüşüb. Səbinə Hüseynova qazandığı nailiyyətlərində, ilk növbədə, vaxtilə təhsil aldığı doğma məktəbində ona dərs deyən müəllimlərinin böyük əməyi olduğunu xüsusi qeyd edərək onların hər birinə öz dərin təşəkkürünü bildirdi. Təhsil naziri Misir Mərdanovun hər zaman istedadlı gənclərə diqqət və qayğı ilə yanaşdığını söyləyən Səbinə Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən razılıqla danışdı.

Təhsilini uğurla başa vuraraq Vətəninə qayıdan  Səbinə Hüseynovanın  arzuları çoxdur. Ən böyük arzusu isə təhsilini dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərindən birində davam etdirmək və savadlı, yüksək ixtisaslı kadr kimi Azərbaycana qayıtmaqdır. özünün biliyinə və bacarığına güvənən Səbinə həmin arzunun reallaşacağına böyük ümid bəsləyir.  Qazandığı bu uğurunu isə gələcəkdə əldə edəcəyi nailiyyətlərin ilkin  başlanğıcı hesab edir. Təbii ki, onların sayı çox olacaq...

 

Samirə KƏRİMOVA