· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İsrail Prezidenti Şimon Peres Azərbaycan Dillər Universitetində olub

 

İsrail Prezidenti Şimon Peres Azərbaycana rəsmi səfəri çərçivəsində iyunun 29-da Azərbaycan Dillər Universitetində müəllim və tələbə heyəti ilə görüşmüşdür.

Ali qonağı təhsil ocağında salamlayan universitetin rektoru Səməd Seyidov burada tələbələrə İsrail tarixinin, mədəniyyəti və dilinin öyrədildiyini dedi.

Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor bildirdi ki, xalqlar arasında dost münasibətlər bir çox məsələlərin həllinə yardım edir.

Səməd Seyidov Prezident Şimon Peresin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əsaslı töhfə olacağını dedi. Səfər, həmçinin Azərbaycan və İsrail təhsil ocaqları arasında əməkdaşlığın genişlənməsinə də mühüm töhfədir.

Sonra İsrail Prezidenti Şimon Peres tələbələri maraqlandıran sualları cavablandırdı.

Sualların əksəriyyətinin qonağın doğma ivrit dilində verilməsi İsrail Prezidentində xoş təəssürat yaratdı.

Enerji sahəsinə aid sualın cavabında ali qonaq Azərbaycanın zəngin təbii ehtiyatlara malik olduğunu və bəzi ölkələrdən fərqli olaraq bunun məsuliyyətini dərk etdiyini bildirdi. O, alternativ enerji mənbələrinin axtarışını da vacib hesab etdiyini diqqətə çatdırdı.

Dünyada mövcud münaqişələrlə bağlı sualı cavablandıran Şimon Peres əminliklə bildirdi ki, bütün problemlər danışıqlar masası arxasında həll oluna bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Şimon Peres məsələ ilə bağlı ölkəsinin mövqeyini bir daha açıqladı:

-İsrailin mövqeyi çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bir dövlətin digərinin ərazisini işğal etməyə haqqı yoxdur. Biz Azərbaycan Prezidentinin torpaqları sülh yolu qaytarmaq siyasətini dəstəkləyirik.

Tələbələrə müraciət edən Şimon Peres bir daha elmə, təhsilə yiyələnməyin vacibliyini vurğuladı, dedi ki, ölkənin inkişafı bu amilin sayəsində mümkündür.

ölkəsi barədə məlumat verən ali qonaq İsraildə bir çox nailiyyətlərin məhz elmin inkişafı nəticəsində mümkün olduğunu bildirdi.

çıxışının sonunda Ş.Peres dedi ki, Azərbaycan gələcəyi olan ölkədir. çünki bu ölkənin, ilk növbədə, zəngin mədəniyyəti vardır.

İsrail dövlətinin başçısına universitetdən xatirə hədiyyəsi olaraq ivrit dilini öyrənən tələbələrin və İsrail Mədəniyyət Mərkəzinin fəaliyyətini əks etdirən fotoalbom hədiyyə edildi.

 

 AzərTAc