· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub

Xəbər verdiyimiz kimi,  Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov 5-6 may 2009-cu il tarixində Yevlax və Zaqatala rayonlarında olub. Nazir hər iki rayonda yeni təhsil ocaqlarının açılış mərasimlərində, səfər proqramı çərçivəsində keçirilən bir sıra digər tədbirlərdə iştirak edib. Mayın 5-də təhsil naziri Misir Mərdanov, ali məktəb rəhbərləri, KİV nümayəndələri və digər qonaqlar əvvəlcə Yevlax Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

 

İlk öncə 8 nömrəli orta məktəbin açılışı oldu. Sonra rayonun Mərkəzi - Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş  "Heydər Əliyev - müasir  Azərbaycan dövlətinin banisidir" mövzusunda  elmi- praktik konfrans keçirildi. Konfransı açan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi ki, ölkəmizdə, eləcə də  Yevlaxda son illər təhsilin inkişafına göstərilən qayğı öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin fərmanı ilə  təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq yeni məktəb binaları tikilmiş və bəziləri də əsaslı təmir olunmuşdur. E.Vəliyev təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə  rayonun pedaqoji ictimaiyyəti adından möhtərəm Prezident cənab İlham Əliyevə  öz minnətdarlığını bildirdi. ölkəmizin iqtisadi inkişafı, xalqımızın xoşbəxt rifahı naminə həyata keçirdiyi uğurlu fəaliyyətində İlham Əliyevə müvəffəqiyyətlər arzuladı.

Konfransda çıxış edən təhsil naziri  Misir Mərdanov çıxışında bildirdi ki, ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda ümummilli lider, müstəqil  Azərbaycan dövlətinin qurucusu, xalqın böyük oğlu  Heydər Əliyevin anadan olmasının 86 -cı ildönümü təntənəli şəkildə   qeyd olunur. Müasir Azərbaycan tarixinin 34-illik bir dövrünü əhatə edən taleyüklü məsələlərin həlli, bu illər ərzində Azərbaycanın ictimai- siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş ulu öndər Heydər   Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyev  rəhbər olduğu vaxtlarda Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müstəqil Azərbaycanı qurmuşdur. Müstəqil Azərbaycanda keyfiyyətli biliyə söykənən təhsil sisteminin təməli ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə qoyulmuşdur. Ulu öndər Heydər Əliyev 1997-ci ildə "2 fevral-Azərbaycan gəncləri gününün elan edilməsi", 1998-ci ildə "Uşaq hüquqları", 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi", "Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" bir sıra tarixi fərman və sərəncamlar imzalamışdır.   

Həyatımızın elə bir sahəsi  yoxdur ki, orada ulu öndərin böyük xidmətləri  olmasın. Ulu öndərimizin əsasını  qoyduğu təhsil islahatları bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında böyük uğurla davam etdirilir. Xüsusən, yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının müasir avadanlıqlarla təchizi sahəsində son illər ciddi uğurlar əldə edilmişdir.  ölkəmizdə elm, təhsil, mədəniyyət və s. layihələrə yardımçı olan Heydər Əliyev Fondu da təhsilimizin inkişafına öz töhfəsini vermişdir.

Azərbaycan Respublikası Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov çıxış edərək qeyd etdi ki,  Yevlax rayonu çox böyük  inkişaf yolu  keçib, tərəqqi edib.Hər yerdə olduğu kimi, biz  bu gün bu  rayonda  ulu öndərin anadan olmasının 86-cı ildönümünü qeyd edirik. Heydər Əliyev ikinci dəfə hakimiyyətə elə bir vaxtda gəlmişdir ki, Azərbaycanda  hakimiyyət yox idi. O, qaranlıqlar içindən işıq oldu. Onun qətiyyəti və  səyi nəticəsində Azərbaycan  parçalanmadan xilas oldu, milli həmrəylik və milli dövlətçilik bərqərar edildi.

Ulu öndərin ən böyük xidmətlərindən biri özündən sonra İlham Əliyev kimi kadr hazırlamağı oldu. Ona görə də biz onun ruhu önündə baş əyirik və ona rəhmət diləyirik.

BDU-nun rektoru, millət vəkili, akademik  Abel Məhərrəmov bildirdi ki, xoşbəxt o xalqdır ki, onun milli lideri var. ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin inkişafı, milli elmi potensialın möhkəmləndirilməsi həmişə Heydər Əliyevin  diqqət mərkəzində olmuşdur.   Bu gün fəxr edirəm ki, Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik etdiyim  BDU-nun məzunu olub.

Konfransda  Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, Azərbaycan  Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova,  Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, ADPU- nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov və Yevlax  Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyevin çıxışlarında bu fikir xüsusi  vurğulandı  ki, müdrik  siyasətçi Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla  Azərbaycan xalqını böyük fəlakətdən xilas etmiş, region xalqlarının sülh şəraitində yaşaması üçün böyük işlər görmüşdür.Həm də  Heydər Əliyev Azərbaycan xalqının qırılmış inamını xalqın özünə qaytara  bildi. Bir sözlə, hakimiyyətə silah gücünə gəlmək kimi  təhlükəli ənənəyə birdəfəlik son qoydu.

Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə milli  mənəvi dəyərlərimizə yüksək qiymət verən ulu öndər milli ideologiyamız olan azərbaycançılığın yaradıcısı və müəllifi olmuşdur.

Bundan sonra da müdrik liderimizin ümummilli və   ümumbəşəri ideyaları hər zaman xalqımızın, millətimizin yoluna işıq saçacaq və müstəqil dövlətimizin daha da  inkişafında böyük rol oynayacaqdır.

***

Günün ikinci yarısında rayonda Heydər Əliyev adına sarayda təhsil işçilərinin iştirakı ilə  müşavirə  keçirildi. Tədbiri giriş sözü ilə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açdı və  sözü təhsil naziri Misir Mərdanova verdi. Nazir xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz diqqət və qayğılarından ətraflı danışaraq bildirdi ki,Yevlax rayonu Azərbaycanın inkişaf etmiş bölgələrindən biridir. 10-15 il bundan əvvəl bu rayonda yaxşı bir məktəb  tapmaq   çətin olduğu  halda,  son illər burada Heydər Əliyev Fondunun hesabına təhsil üçün yaxşı şərait yaradılmışdır. 

Bu il Yevlax rayonunda da XI siniflərdə sınaq imtahanlarının keçirildiyini deyən nazir məktəblər üzrə əldə edilən nəticələri sadaladı və məktəb direktorlarını bu işdə daha məsuliyyətli olmağa çağırdı.Qeyd etdi ki, rayon icra hakimiyyətinin qarşısında elanlar şöbəsi olsa, daha yaxşı olar və hər  bir məktəb öz fəaliyyətini bu elanda görər. Sonra ötən dərs ilində rayon üzrə 238 məzunun ali məktəblərə qəbul olunmasını deyən  nazir Misir Mərdanov bunlardan 29 nəfərinin  500, 7 nəfərinin isə 600 baldan yuxarı nəticə göstərdiklərini, başqa rayonlarla  müqayisədə bu nəticənin aşağı olduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırdı.

Məktəblərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi haqqında məlumat verən nazir bildirdi  ki, hər bir rayonda olduğu kimi, Yevlaxda da bir nümunəvi məktəb  yaradılsın, belə məktəbə ən yaxşı müəllimlər və şagirdlər götürülsün və Bakıdakı nümunəvi məktəblərlə  səmərəli əməkdaşlıq etsinlər.   Azərbaycanda təhsilin inkişafında və qazanılmış uğurlarda ölkə başçısının böyük xidməti olduğunu deyən Misir Mərdanov bildirdi ki, bu gün  hər addımda ulu öndər  Heydər Əliyevin  ölməz ideyalarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin  həyata keçirdiyi çoxşaxəli siyasətin  ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün  layiqli və firavan həyat şəraitinin təmin olunması, ölkədə azad və demokratik  cəmiyyətin qurulmasıdır. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin -amanlığın və sülhün qarantı hesab edir, ona güvənir. çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir  və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

 

***

Həmin gün təhsil naziri    qonaqlarla birlikdə Heydər Əliyev muzeyində də oldu və muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.

***

Mayın 6-da  Zaqatala rayonuna gələn təhsil naziri Misir Mərdanov rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla  birlikdə Heydər Əliyev adına parkda oldu,  ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu. Sonra  akademik  Zərifə Əliyeva adına liseyə  baş çəkən nazir liseyin sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman və iclas zalına baxdı. Liseyin qarşısında müəllim və şagirdlərlə birlikdə xatirə şəkli  çəkdirdi.

Təhsil naziri Misir Mərdanov  rayonda 320 şagird yerlik internat, Mazıx kəndində 220 şagird yerlik yeni inşa edilmiş məktəblərin və Mamrux kəndində təzə tikilmiş 40 şagird yerlik uşaq bağçasının açılış mərasimində  iştirak etdi. Mərasimdə Misir Mərdanov bildirdi ki, bu kənddə bağça problemi var idi. Bu məsələ artıq  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində həll olundu.

Təhsil naziri Misir Mərdanov yeni məktəblərin və bağçanın açılışı münasibətilə rayon rəhbərliyini, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivini, kənd sakinlərini təbrik edərək  gələcəkdə  yeni məktəb  binalarının tikiləcəyini bildirdi.

Nazir Zaqatala rayonunda  görülən bütün bu işlərin ölkə başçısı İlham Əliyevin Azərbaycanda  təhsilə göstərdiyi diqqət və qayğısı nəticəsində  mümkün olduğunu vurğuladı.

Həmin gün rayonun Suvagil kənd Mədəniyyət evində   təhsil işçilərinin iştirakı ilə  müşavirə    keçirildi. Müşavirəni giriş sözü ilə açan   Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov son beş ildə rayonun təhsil sahəsində aparılan işlərdən və qazanılmış uğurlardan söz açdı.   Bildirdi ki, hazırda ölkəmizin hər yerində olduğu kimi, Zaqatala rayonunda da ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur. Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Heydər Əliyev kursuna  sadiq  olan  respublika  Prezidenti  İlham Əliyev böyük məhəbbətlə, bacarıqla  və uğurla təhsilimizi inkişaf etdirir.  Bu da xalqımız tərəfindən  rəğbətlə qarşılanır  və sevilir.              

Müşavirədə çıxış edən təhsil naziri  Misir Mərdanov 2008-2009-cu dərs ilində Zaqatala rayonunda təhsil islahatının həyata keçirilməsində mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiqini və təhsil müəssisələrinin maddi- texniki bazasının xeyli yaxşılaşdırılmasını, Prezidentin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizdə əldə edilən sürətli iqtisadi inkişafın məktəb tikintisi və məktəblərin əsaslı təmirində  həlledici rol oynadığını qeyd etdi.

Təhsil naziri bu gün Zaqatalada istifadəyə verilən internat məktəbinin Azərbaycanda son on il müddətində  yüksək səviyyədə  tikilmiş məktəblərdən olduğunu bildirdi.  Bu məktəbin  gələcəkdə  ən nümunəvi məktəb  olacağına ümid etdiyini bildirən  nazir Misir Mərdanov  ötən dərs ilində rayon üzrə ali məktəblərə qəbul olunan 391 məzundan 31 məzunun 500, 8 məzunun isə  600 baldan yuxarı nəticə göstərməsini Zaqatala rayonu üçün aşağı nəticə olduğunu dedi.

Təhsil naziri   rayonda keçirilən sınaq imtahanlarının nəticələrinə münasibətini bildirərək,  nəticəsi aşağı olan məktəblərin adlarını qeyd etdi.  Bildirdi ki, bu məsələ rayon ictimaiyyətinin diqqət mərkəzində olmalı və  nəticəsi  çox pis  olan məktəb direktorları haqqında ciddi tədbir görülməlidir.

Zaqatalada bir və ya bir neçə  nümunəvi məktəb yaratmağın vacibliyini vurğulayan nazir yeni qiymətləndirmə sistemindən    II siniflərdə kurikulumla əlaqədar aparılan işlərdən danışdı.  Gələcəkdə  məktəb direktorlarının seçimində diqqətli olmağı tövsiyə etdi. 

Azərbaycanda təhsil islahatlarının həyata  keçirilməsindən və Zaqatala rayonunun təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən söhbət açan Misir Mərdanov   bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə  olduğu  dövrlərdə həmişə təhsilə xüsusi önəm verirdi. Ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkəmizdə  təhsil islahatı  Proqramı  qəbul olunmuşdur.

Ulu öndərin təhsil sahəsində  həyata keçirdiyi qlobal işləri bu gün onun  siyasi varisi, möhtərəm Prezidentimiz  İlham Əliyev yeni tarixi şəraitdə   daha  müvəffəqiyyətlə davam etdirir.

Son beş ildə  yeni məktəblərin  tikilməsi, əsaslı təmiri, təhsil müəssisələrinin  ən  müasir  inventar  və avadanlıqlarla, kompüterlərlə təchiz olunması ulu öndərin  bu sahədəki  ideyalarının real  nəticələri kimi  hər birimizi sevindirir.

Təhsilin digər pillələrində də inkişafyönümlü  proqramlar həyata  keçirilir, ali təhsilimizin Avropa təhsil məkanına inteqrasiyasında  və Azərbaycan gənclərinin xaricdə  təhsili sahəsində inamlı addımlar atılır.  Buna görə də  ölkə başçısı, ölkə ictimaiyyəti bu gün  biz  təhsil işçilərindən   daha keyfiyyətli təhsil gözləyir.

Müşavirəni   rayon icra hakimiyyətinin başçısı yekunlaşdırdı və deyilən iradlarla əlaqədar tədbir görüləcəyini  qeyd etdi.

Müşavirənin sonunda rayon üzrə  məktəblilər arasında keçirilən daxili testdə 600-dən yuxarı bal toplayan 16 şagirdə  rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən mükafatlar təqdim olundu.

 

Şakir CƏFƏROV