· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri zamanı iki təhsil müəssisəsində olub

 

Samux rayonunda şahmat məktəbinin açılış mərasimi

Prezident İlham Əliyev martın 3-də Samux rayon mərkəzində şahmat məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısını binanın önündə məktəblilər hərarətlə qarşıladılar. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. 2007-ci ildə tikilib istifadəyə verilən bu məktəbdə təcrübəli müəllimlərin köməyi ilə 60-a yaxın uşaq qədim oyunun sirlərinə yiyələnəcəkdir.

Məktəbdə ulu öndərin və Prezident İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Dövlətimizin başçısı gənc şahmatçıların oyununu izlədi və onlara uğurlar arzuladı.

AzərTAc

 

 

 

 

 

Xanlar şəhərindəki şəhid İbrahim Hüseynov adına məktəblə tanışlıq

 

AzərTAc-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Xanlar şəhərində şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə olmuşdur.

1965-ci ildə tikilmiş və qəza vəziyyətində olduğuna görə sökülərək Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmiş 3 mərtəbəli məktəb binası 800 şagird yerlikdir. 2007-ci ilin sentyabrında istifadəyə verilmiş məktəbdə 40 sinif otağı, kitabxana, kompüter otağı, yeməkxana, laboratoriya, idman salonu, mərkəzləşdirilmiş istilik sistemi var. 670 şagirdin təhsil aldığı məktəbdə 100 nəfər müəllim çalışır. Keçən il məktəbi bitirən 34 şagirddən 11-i ali məktəblərə daxil olmuşdur.

Prezident İlham Əliyev kitabxana, kompüter otağı və idman salonu ilə tanış oldu. Bildirildi ki, kitabxanada 17 min kitab, o cümlədən 6 min nüsxə dərslik və vəsait var.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirdi, ölkəmizdə təhsilə böyük diqqət və qayğı göstərildiyini, gələcəkdə bütün bölgələrdə belə müasir orta təhsil müəssisələrinin tikintisinin davam etdiriləcəyini bildirdi.

 

 

 

 

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın tələblərinə əsasən yaşı 25-dək olan "Muğam-2005" və "Muğam-2007" müsabiqələrinin aşağıdakı laureatlarının adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Arabova Rəvanə Söhrab qızı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi

Əhmədov İlkin Qənbər oğlu -  "Azərneftyağ" Neft Emalı Zavodunun mədəniyyət evinin solisti

İbrahimov Elməddin Bəhmən oğlu -  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi

Mirzəliyev Abgül Ərzulla oğlu -  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi

Muradova Güllü Rauf qızı -  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi

Niftalıyev Babək Muğan oğlu -  Azərbaycan Dövlət Muğam Teatrının solisti

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2008-ci il