· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yetirməsi Avropanın ən güclü gənc cüdoçusu olan idman məktəbi

 

Uşaqlar  idmanı çox sevir və böyüyəndə güclü idmançı olmağı arzulayırlar. Onların arasında özlərinə kumir seçdikləri məşhur idmançılara oxşamaq istəyənlər də çoxdur. Lakin idmanda tanınmaq, yüksək uğurlar qazanmaq, beynəlxalq turnirlərdə iştirak etmək, olimpiya zirvəsinə yüksəlmək üçün təkcə idmana məhəbbət azdır. Onunla müntəzəm məşğul olmaq, özünü, necə deyərlər, idmana həsr etmək gərəkdir. Paytaxtımızın uşaq, yeniyetmə və gənc sakinləri arasında bu yolu seçənlərin bir hissəsi  şəhərin 8-ci Kilometr yaşayış massivində yerləşən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinə üz tuturlar. çünki burada, həqiqətən, körpə qəlblərdə məskən salmış yaxşı idmançı olmaq arzularını gerçəkləşdirmək üçün hər cür şərait var.

 Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 1967-ci ildən fəaliyyət göstərir.

Əsas məqsədi burada idmanın müxtəlif növləri ilə məşğul olan uşaq və gənclərin idman ustalığını artırmaq, milli yığma komandalarımız üçün ehtiyat oyunçular hazırlamaqdır.

Məktəbin direktoru Eldar Fərəcovdan öyrəndik ki, hazırda   İOEUGİM-də idmanın 6 növü öyrədilir. Bunlar akrobatika gimnastikası, cüdo, həndbol, boks, otüstü xokkey və basketboldur. Həmin bölmələri əhatə edən 70 qrupda 767 uşaq, yeniyetmə və gənc özünün sevib-seçdiyi idman növü ilə məşğul olur. Onlara idmanın sirlərini 34 nəfər məşqçi-müəllim öyrədir. Məktəbin zəngin idman bazası var. İdman akrobatları məşqlərini hər cür avadanlıq və qurğularla təmin olunmuş zalda edirlər. Daha bir zaldan isə ümumi fiziki hazırlıq qruplarında məşğul olanlar üçün istifadə olunur. Bunlardan əlavə, məktəbin həyətində 40x20 metr ölçüdə iki həndbol meydançası da var. Bütün  bu zal və meydançalar məşğul olanların ehtiyaclarını ödəməklə onların seçdikləri idman növləri üzrə zəruri bacarıq və vərdişlərə yiyələnmələrini, idman ustalıqlarının artırmasını təmin edir.

Məktəbdə yüksək dərəcəli idmançıların hazırlanması  diqqət mərkəzindədir. ötən il burada idmanın müxtəlif növləri üzrə 3 nəfər idman ustası, 22 nəfər ustalığa namizəd, 19 nəfər də birinci dərəcəli idmançı hazırlanmışdır.

İOEUGİM-in kollektivi ərazisində yerləşən 10, 12, 210 nömrəli ümumtəhsil məktəblərilə sıx əlaqə saxlayır, idmana həvəsi, ayrı-ayrı növlərdə xüsusi bacarıq və istedadı olan uşaq və yeniyetmələrin seçilib idman məktəbinə cəlb olunması üçün təbliğati işlər aparır. Həmin məktəblərin bədən tərbiyəsi kollektivlərinə dərsdənkənar məşğələlərin aparılmasında və məktəbdaxili yarışların keçirilməsində praktik kömək göstərilir.

İOEUGİM-də istedadlı, perspektivli idmançılar çoxdur. Onlardan biri - cüdoçu, milli yığma komandanın üzvü Sərxan Əhmədov ötən il beynəlxalq yarışlarda göstərdiyi nəticələrə görə Avropanın ən güclü gənc cüdoçusu adına layiq görülüb. İdman məktəbinin yetirmələri hər il müxtəlif respublika birinciliyi və çempionatlarında, "A" kateqoriyalı beynəlxalq turnirlərdə, dünya kuboku yarışlarında, Avropa, dünya birincilyi və çempionatlarında iştirak edir, fəxri yerlər tutur, qızıl, gümüş, bürünc medallar qazanırlar. Bu baxımdan məktəbin 2007-ci ildə əldə etdiyi uğurlar xüsusilə diqqətəlayiqdir. Belə ki, İOEUGİM-in akrobatika gimnastikası bölməsində məşğul olanlar ötən il martın 15-17-də keçirilmiş yeniyetmələr arasında Azərbaycan birinciliyində iştirak etmiş. 7 atlet həmin yarışmalarda birinci yeri tutmuşdur. Bunlar İnarə Həşimi, Könül Fərəcova, Dilarə Sultanova, Pərvin Pənahov, Xaləddin Məmmədov, Camal Babayev və ömər Seyidovdur.

Akrobatika gimnastları mayın 10-12-də keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Azərbaycan çempionatında da fəal iştirak etmiş, onların 8-i çempionatı birinci yerdə başa vurmuşdur. 22-24 noyabr tarixlərində keçirilmiş Azərbaycan çempionatında da idman məktəbinin 8 atleti qalib adını qazanmışdır.

Akrobatlar ötən il bir beynəlxalq turnirdə iştirak etmişlər. Belorusun Brest şəhərində  noyabrın 13-18-i arası keçirilmiş həmin turnirdə Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədov II yerə çıxmışlar.

İOEUGİM-nun otüstü xokkey bölməsində məşğul olanlar da ötən il müxtəlif yarışlarda öz qüvvələrini sınamışlar. Yüksək liqa Azərbaycan çempionatında (mart-oktyabr) məktəbin kişilərdən ibarət komandası II, qadınlardan ibarət komandası isə III nəticə göstərmişdir. Yeniyetmələr arasında noyabr ayında keçirilmiş Azərbaycan birinciliyində oğlanlardan  ibarət  komanda II yerə çıxmışdır.

Həndbol bölməsində məşğul olanlar da ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirak etmək tərcübəsi toplamışlar. Məktəbin oğlanlardan ibarət 1, 2 və 3-cü komandaları Bakı şəhər birinciyilində (12-18 mart) müvafiq olaraq iki III və bir II yer tutmuşlar. Oğlanlar və qızlardan ibarət yığma komanda gənclər arasındakı Azərbaycan birinciliyində (12-19 mart) də fərqlənərək III və IV yerlərə sahib olmuşlar. Hər iki komanda noyabrın 12-17-də keçirilən Azərbaycan birinciliyində III nəticə göstərmişdir.

Məktəbin cüdo sahəsində uğurları xüsusilə çoxdur. Onun üç yetirməsi - Vüqar Rüstəmov, Jalə İbrahimli və Sərxan Əhmədov yeniyetmələr arasında Azərbaycan birinciliyində (1-3 fevral 2007-ci il) müxtəlif çəki dərəcələrində qalib gəlmişlər. Digər 11 idmançı isə həmin yarışda II və III yerlərə çıxmışdır.

Turanə Seyidi qadınlar arasında Dünya kuboku (3-4 mart) uğrunda yarışların iştirakçısı olmuş, yaxın rəqibi ilə XI-XII yeri bölüşmüşdür.

Cüdoçular gənclər arasında keçirilən Azərbaycan çempionatında (16-18 mart) da fərqlənmişlər. Sərxan, Rüstəm və Vəfa bütün rəqiblərinə qalib gəlmiş, digər 5 idmançı isə II və III yerləri tutmuşdur.

Məktəbin ən istedadlı və perspektivli idmançılarından olan Sərxan Əhmədov beynəlxalq yarışlarda Azərbaycanımızı ləyaqətlə təmsil edir. O, ötən il Rusiyanın Sankt-Peterburq şəhərində martın 16-27-də keçirilmiş beynəlxalq turnirdə III yeri, aprel ayında keçirilmiş "A kateqoriyalı" beynəlxalq turnirlərdə (Rusiya, Polşa) I yeri  tutmuşdur. Sərxan habelə ötən ilin 21-24 iyununda Maltada keçirilmiş yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub, qızıl medal qazanmışdır. O həm də yeniyetmələrin Avropa Olimpiya Festivalının (21-28 iyul, Serbiya) qalibidir.

Sərxan oktyabr ayında Praqada keçirilən gənclər arasında Avropa çempionatında da  fərqlənərək III fəxri yeri tutmuşdur.

Məktəbin başqa bir yetirməsi - Rahimə Yusubova  çexiya, Danimarka, Rusiya, Hollandiya və Belorusda keçirilmiş qadınlar arasında dünya kuboku yarışlarında Avropa çempionatlarında dəfələrlə fərqlənmişdir.

Məhz bütün bu uğurlarına görə də Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı idman məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Y.ƏLİYEV,

R.ZİYADOV