|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müəllimlər elektron dərslikləri yüksək qiymətləndirdilər Müasir texnologiyaların sürətli inkişafı
insan tərəfindən informasiyanın qavranılmasını
tamamilə dəyişmişdir. Əsas informasiya
mənbələri radio, televiziya və İnternet olmuşdur.
İnformasiyanın rəqəmli-vizual formaları adi hal
aldığından onun tədrisdə istifadəsi
zərurəti də yaranmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən hazırlanıb ötən il
məktəblərə çatdırılmış, müxtəlif
fənləri əhatə edən multimedia
dərslikləri ən yüksək səviyyədə
interaktivliyi ilə fərqlənən müasir tədris
vəsaiti kimi artıq istifadəyə verilmişdir.
Təqdim olunan elektron disklər öz təlim, informasiya
və əyləncə səciyyələrinə görə
yüksək səviyyələrdə müsbət ekspert
rəyləri qazanmışdır. Bununla da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı müvafiq sərəncamında İKT
ilə bağlı nəzərdə tutulan işlərin
birinci mərhələsi başa çatmışdır.
Respublikamızın ümumtəhsil məktəbləri
üçün hazırlanan Azərbaycan tarixi, biologiya, kimya, fizika
fənləri üzrə audiovizual kompüter texnologiyalarının
xüsusi imkanlarından istifadə edilməsi məktəb
kursunun daha da zənginləşməsinə imkan verir,
fənni şagirdlər üçün daha da maraqlı və
cəlbedici edir. Görəsən bu dərs vəsaitini müəllimlər
necə qiymətləndirir? Paytaxtın 258 nömrəli məktəbinin
informatika müəllimi Səmihə Rüstəmova dedi ki,
elektron tədris vəsaitinin əsas məziyyəti müasir
kompüter texnologiyaları ilə məktəb tədris
ənənələrini və onun perspektiv
istiqamətlərini tam uyğunlaşdırmasıdır.
Elektron tədris vəsaiti müxtəlif multimedia imkanlarına
malik olub, böyük miqdarda videosüjetlər, animasiya çarxları,
qrafik və keyfiyyətli şəkillər, izahlı
diktor səsi və interaktiv laboratoriya işlərini özündə
birləşdirir. Elektron tədris vəsaitinin lokal versiyası
əsasən şagirdlərin fərdi istifadəsi üçün
nəzərdə tutulmuşdur. Əgər sinifdə heç
olmasa bir kompüter varsa belə, müəllim monitor və yaxud
multiproyektor vasitəsilə bu materiallardan əyani
vəsait kimi istifadə etməklə dərs prosesinin
effektivliyini xeyli artıra bilər. Elektron dərsliklər çox asan və başa
düşülən formada tərtib olunmuşdur. Bütün
hissələr interaktiv olaraq əlaqələndirildiyi
üçün istənilən zaman hər hansı bir bölməyə
daxil olmaqla informasiya almaq mümkündür. Elektron dərslik vizual olaraq doqquz
hissəyə bölünmüşdür: mündəricat, tarixi şəxsiyyətlər,
lüğət, test, arxiv, axtarış, slaydlar, fon musiqisi,
yaradıcı heyət. İstənilən funksiyanı
yerinə yetirmək üçün idarəetmə sistemi çox asan
və eyni zamanda interaktivdir. Sistemdə olan testlər vasitəsilə
şagirdlər multimedia proqramlarından əldə
etdikləri biliklərin səviyyəsini yoxlamaq imkanı
qazanacaqlar. Disklərdə Azərbaycan tarixi üzrə 1000,
kimyadan 700, biologiyadan 600-dən çox yoxlama testi var. Lüğət
pəncərəsində Azərbaycan tarixi
fənnindən 300, kimya fənnindən 200, biologiya
fənnindən isə 600-dən artıq termin və anlayışların
izahı verilmişdir. Bütün fənlər üzrə verilmiş
məlumatlar müəllimə mövzunu əyani şəkildə
izah etməyə yardımçı olur. Bakının 157 nömrəli
məktəbinin informatika müəllimi
Gülşən Məmmədova da elektron
dərsliklər barədə müsbət fikirlər dedi.
Onun sözlərinə görə, məktəbə təqdim
olunan elektron audiovizual dərs vəsaiti müəllim və
şagirdlərin böyük marağına səbəb olmuşdur:
"Dərslərin təcrübələrlə, şəkillərlə
əyani olaraq təqdimatı şagirdlərin dərsi
daha yaxşı qavramalarına kömək edir. Elektron
dərs vəsaitləri ilə Azərbaycan tarixi, kimya,
zoologiya, botanika, orta əsrlər tarixi fənlərini kompüter
otağında şagirdlərə nümayiş etdiririk. Bu
da onların elmin sirlərinə
yiyələnməsində böyük rol oynayır.
Biz elektron dərs vəsaitlərinin hazırlanması
üçün tapşırıq verən möhtərəm
Prezidentimiz İlham Əliyevə və Təhsil
Nazirliyinə minnətdarlığımızı
bildiririk". Məktəbin biologiya müəllimi
Cəmalə Nəbiyeva bu dərs vəsaitinin uşaqlar
tərəfindən çox sevildiyini dedi: "Elektron
dərsliklərdən istifadə edəndə uşaqlar
dərsləri daha yaxşı qavrayır. Onların
intellektual səviyyəsi artır. Uşaqlara bu
dərsliklər digərləri ilə müqayisədə
daha maraqlı olur. Elektron dərsliklərlə işləmək
uşaqların da ürəyincədir. Onlar cavablarına görə
müəllimlər tərəfindən verilən
qiymətlərdən də razı qalırlar. Bu
dərsliklərlə tədris zamanı müəllimin
də işi asanlaşır. Azərbaycan tarixi, kimya,
biologiya, fizika fənlərində əyani
vəsaitlərin olmaması müəllimlər üçün çətinliklər
yaradırdı". Rəşad ZİYADOV |