· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaq evlərində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu fevralın 14-də bir neçə uşaq evində olmuşlar. Xətai rayonundakı 3 nömrəli uşaq evinin sakinləri hörmətli qonaqları böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Uşaq evinin birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin, Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda bu uşaq evinin sakinləri ilə keçirdiyi görüşləri əks etdirən şəkillər asılmışdı.

Məktəbin direktoru Zöhrə Hüseynova bildirdi ki, 70 ildir fəaliyyət göstərən uşaq evində təxminən 100 uşağın sağlamlığı, təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 2 əmək müəllimi, 1 psixoloq-həkim, 4 tibb bacısı, 2 dərnək rəhbəri və 1 musiqi müəllimi məşğul olur.

Uşaqlar yaxınlıqdakı 29 nömrəli orta məktəbdə, habelə peşə məktəblərində və texnikumlarda təhsil alırlar. Bununla yanaşı, uşaq evində də təcrübəli müəllimlər onlarla xüsusi proqram əsasında məşğul olurlar. Burada ingilis dili və kompüter kursları vardır. Həmçinin bildirildi ki, hazırda orta məktəbin 9-cu sinfində oxuyan uşaqların bəziləri təhsillərini davam etdirmək üçün texnikumlara sənəd verəcəklər. Daha yaxşı oxuyanlar isə ali məktəblərə qəbul imtahanına hazırlaşırlar.

Mehriban xanım uşaq evində yaradılmış şəraitlə tanış oldu, problemlərlə maraqlandı. Direktor bildirdi ki, Buzovnadakı yay düşərgəsinin yenidən qurulmasına ehtiyac vardır.

Heydər Əliyev Fondunun prezidenti məsələnin araşdırılması, habelə uşaq evinin nəqliyyat probleminin həlli ilə bağlı tapşırıqlarını verdi.

Sonra balacalar musiqi istedadlarını göstərdilər, Azərbaycanın Dövlət himnini və şeirlər söylədilər.

Uşaqlarla xatirə şəkli çəkdirən Heydər Əliyev Fondunun prezidenti onların görüşünə tez-tez gələcəyini vurğuladı.

* * *

Növbəti görüş Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq evində oldu. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulmuş uşaq evində hər cür şərait yaradılmışdır.

Müdir Sevda Hacıyeva burada 3-16 yaşlarında 140 uşağın təlim-tərbiyəsi ilə 20-yə yaxın pedaqoqun məşğul olduğunu bildirdi.

Mehriban xanım Əliyeva uşaqların məişət şəraiti ilə maraqlandı.

özfəaliyyət kollektivinin çıxışı, uşaqların söylədikləri şeirlər maraqla qarşılandı. Mehriban xanım əmək təlimi otağında uşaqların əl işlərinə, o cümlədən onların muncuqdan düzəltdikləri Heydər Əliyev Fondunun loqosuna maraqla baxdı, kompüter otağı, rəqs otağı və kitabxana ilə tanış oldu. Balaca Aytacla söhbət edən Mehriban xanım onun istəklərini soruşdu. Aytac qırmızı rəngdə ispan milli paltarı istədiyini dedi. Heydər Əliyev Fondunun prezidenti söz verdi ki, ertəsi gün balaca Aytaca ispan milli paltarı göndərəcəkdir.

Uşaqlar Mehriban xanımın onlara hədiyyə etdiyi kompüterlərə görə minnətdarlıqlarını bildirdilər.

Mehriban xanım uşaqlarla xatirə şəkli çəkdirdi.

* * *

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı və qızı Arzunu Bakının Nərimanov rayonundakı psixo-nevroloji uşaq evində səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Uşaq evinin direktoru İradə Musayeva məlumat verdi ki, hazırda 70 uşağın olduğu, lazımi səviyyədə təchiz edilmiş bu müəssisədə heç bir ciddi problem yoxdur, bəzi çətinliklər var, bunlar da il ərzində aradan qaldırılır. Burada uşaqların sağlamlığı ilə 5 həkim və 11 tibb bacısı məşğul olur.

Minnətdarlıqla qeyd olundu ki, Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım bu uşaq evinin problemlərini daim diqqətdə saxlayır, bütün bayramlarda uşaqlara hədiyyələr göndərir. Sonuncu hədiyyələr isə televizor, kompüter və digər avadanlıqdan ibarətdir.

Fondun prezidenti uşaq evində yaradılmış şəraitlə, müayinə və müalicə prosesi, uşaqlara verilən yeməklərin keyfiyyəti, övladlıq məsələləri ilə maraqlandı. Uşaq evinin təmiri və yeni korpusun inşası üçün müvafiq tədbirlər görüləcəyini bildirdi.

AzərTAc